Bankları belə ləğv edirlər

 

Ötən il bağlanan 11 bankın lisenziyasına xitam verildi. Fəaliyyətini dayandıran bankların ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu çıxış etdi.Bankların hazırkı vəziyyətinə nəzər saldıqda, bağlanma prosesinin hələ davam edəcəyi gözlənilir. Baxmayaraq ki, uzun müddətdir vəziyyəti bağlanan banklardan heç də yaxşı olmayan bir sıra bank hələ də fəaliyyət göstərir, bu bankların bağlanacağını yenə də gündəmdə saxlayır.Bəs banklar necə ləğv olunur və prosesdə hansı qurumlar iştirak etməlidir?

Təbii ki, lisenziyası ləğv olunan banklar haqqında ictimaiyyətə müəyyən informasiyalar ötürüldü.Ancaq bankların ləğvolunma proseduru haqqında, yəni prosesin necə və hansı qurumlar arasında aparılmalı olduğu ilə bağlı heç bir məlumat səsləndirilməyib. Bu isə bir sıra cavabsız suallar yaradır. Məsələn, niyə müflis olan bütün bankların ləğvedicisi kimi ancaq Əmanətlərin Sığortalanması Fondu çıxış edir?Bu prosesi digər qurumların balansına vermək olar?

Suallara aydınlıq gətirmək üçün iqtisadçı-alim Vüqar Bayramov bankların ləğv prosesini qəzetinə şərh edib. V.Bayramov Əmanətlərin Sığrortalanması Fondunun bankların ləğv olunması prosesində iştirakının vacib olduğunu deyib: “Çünki söhbət sığortalanmış əmanətlərin qaytarılmasından gedir. Nəticə etibarı ilə əgər bank müflis olursa, sığortalanmış əmanətlərin qaytarılmasına ehtiyac var. Ona görə də prosesdə Əmanətlərin Sığortalanması Fondunun iştirak etməməsi praktik cəhətdən mümkün deyil. Əgər Fond prosesdə iştirak etməsə, əmanətlərin qaytarılmasında çətinliklər ola bilər. Ona görə də Əmanətlərin Sığortalanması Fondun bütün banklar üzrə ləğvedici kimi iştirakında qeyri-adi nəsə görmürəm. Digər tərəfdən, müflis olan bankın depozitlərinin ödənilməsi, kreditlərin yığılması və digər öhdəliklərini yerinə yetirmək üçün digər bir banka ehtiyac var. Sadəcə olaraq, bu öhdəlikləri yerinə yetirə biləcək bankın şəffaf şəkildə seçilməsi vacibdir. Burada digər banklar üçün də bu cür imkanların yaradılmasına ehtiyac var. Bu həm də işin səmərəli aparılmasına imkan verir.Amma bütün hallarda Əmanətlərin Sığortalanması Fondunun xüsusilə, indiki şəraitdə prosesdə iştirakı vacibdir.Növbəti dövrlərdə yenə də hansısa bank bağlanarsa, əmanətlərin qaytarılmasına məsul olan bir qurum kimi Fond prosesdə iştirak etməlidir”.

Vilayət Muxtar

Cebhe.info

 

09:49