Bahalı təhsilin işsiz kadrları: Bu qədər tələbə kimə lazımdır?

 

Azərbaycanda 22 iyulda universitetlərə tələbə qəbulu imtahanının son mərhələsi də baş tutdu. Artıq topladığı balını öyrənən abituriyentlər və ən az onlar qədər həyəcanlı olan valideynlər ixtisas seçiminə başlayıblar. Kifayət qədər yüksək bal toplayanlar demək olar ki, rahatdırlar. Çünki, qəbul olacaqlarını bilirlər. Lakin, keçid balını belə güclə toplayanlar isə ixtisas seçimi deyil, ixtisas “axtarışı” aparırlar. Onlar özləri də bilirlər ki, arzuladıqları ixtisasa daxil ola bilməyəcəklər. Ona görə də, “təki universitet olsun” prinsipi ilə hərəkət edəcəklər.

Problemin digər tərəfi isə minlərlə abituriyentin nə qədər bal toplamasından asılı olmayaraq hələ də gələcəkdə kim olmaq istədiklərini müəyyənləşdirə bilməməsidir. Bir çoxları 9-cu sinfə çatan kimi repetitor yanına gedir, özünə qrup seçir və hazırlaşmağa başlayır. Amma kim olmaq istədiyini soruşanda “hələ bilmirəm” cavabını eşidirik. Həmin şagirdlər “yelkənsiz gəmi”yə bənzəyirlər. Külək hara yönəltsə, ora da gedəcəklər. Hazırda həmin funksiyanı abituriyentlərin valideynləri, müəllimləri, “qonşudan geri qalma” prinsipi və bal çatmayanda “hara olursa olsun, universitet olsun” düşüncələri yerinə yetirir. Ona görə də Azərbaycanda universiteti bitirib işsiz qalan “tələbə ordusu” mövcuddur. 4 il, bəzi universitetlərdə 5 il arzulamadığı, amma məcburən oxuduğu ixtisasda “vaxt keçirir”, sonra qapı-qapı düşərək iş axtarır. Məlum olur ki, təhsil aldığı ixtisasdan heç nə bilmir. Sadəcə 4 ilini boş yerə keçirib. Bir çoxları isə ixtisasına aid olmayan sahələrdə işləmək məcburiyyətində qalır. Beləliklə, hamı bir-birinin yerini tutmağa başlayır və sahə üzrə professionalların sayı azalır. Məsələ burasındadır ki, orta məktəblərdə şagirdlərə gələcək ixtisas seçimi ilə bağlı kifayət qədər bilgilər aşılanmır. Təhsil ocaqları və müvafiq qurumlar əmək bazarını araşdırmır, mövcud tələbə uyğun plan yerləri açıqlamırlar. Ona görə də bəzi sahələrdə kadr bolluğu, bəzilərində isə kadr qıtlığı yaranır. Bir çox valideynlər övladları oxumağa meylli olmasa da universitetə girməsi üçün bir növ çiyinlərinə ağır yük qoyur. Uşaq 2-3 il repetitor yolunda “təpik döyür”, sonda gəlib 150-200 bal yığanda “əziyyətim hədər getdi” deyirlər. Amma bu valideynlərə demək lazımdır ki, illərlə boğazından kəsib hazırlıq üçün pul tökməkdənsə, övladını hansısa peşəyə yönəltsəydi, daha yaxşı olardı. Beləcə, əziyyət də hədər getməzdi, həm də uşaq sevdiyi bir sənətlə məşğul olardı. Buna görə də, uşaqların bacarıqlarının aşkarlanması məsələsində valideynlər doğru addım atmalıdırlar. Maraqlı statistikanı diqqətinizə çatdırmaq istəyirik. Son 6 il ərzində ali məktəblərdə plan yerləri ildən-ilə sürətlə boş qalır. 2011-2012-ci ildə boş qalmış plan yerlərinin sayı 2 min idisə, 2014-cü ildə 4 min, 2015-ci ildə 6500, 2016-cı ildə isə artıq 8 minə yaxın olub. İldən-ilə qəbul plan yerlərinin boş qalması heç də yaxşı statistika deyil.

2003-2008-ci illərdə birdən-birə abituriyentlərin sayı 60 faizə qədər artıb. 2010-cu ilə qədər ali məktəblərin qəbul imtahanında 120 mindən çox abituriyent iştirak edib. Amma son 6 il ərzində abituriyentlərin sayı 20 faizə qədər azalıb. Əgər 2011-2012-ci ilə qədər ali məktəblərə qəbul imtahanında iştirak edən abituriyentlərin sayı 125 minə çatırdısa, 2016-cı ildə qəbul imtahanında iştirak etmək üçün 85 min abituriyent qeydiyyatdan keçib. Amma 2011-ci ilə qədər plan yerlərinin sayı 27 min idisə, 2016-cı ildə bu say 37 mindir. Burada tərs mütənasiblik var. Yəni abituriyentlərin sayı azalır, amma plan yerlərinin sayı çoxalır.

2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i 1-ci qrup, 12 500-ü 2-ci qrup, 10 000-i 3-cü qrup, 3300-ü 4-cü qrup, 3200-ü isə 5-ci ixtisas qrupu üzrə nəzərdə tutulur. Hazırda müvafiq dövlət orqanlarının qarşıya qoyulan planı düzgün yerinə yetirməməsi nəticəsində ildən-ilə boş qalan yerlərin artımı baş verir. Hesab edirəm ki, ümumilikdə ali məktəblərə qəbul prosesi ciddi şəkildə nəzarətə götürülməlidir. Bu qədər plan yerinin boş qalmasındakı acı reallıq təhsil haqlarının yüksək olması ilə bağlıdır. Hazırda normal sayıla biləcək ixtisasların illik təhsil haqqı 3 min manatdan başlayır. Bəzi universitetlərdə isə təhsil haqqı 5-6 min manatdır. İxtisas qrupları üzrə bəzi universitetlərdəki illik qiymətlərə nəzər yetirək:

 

I qrupun bahalı universitetləri:

* ADA Universiteti - 6500 manat

* Xəzər Universiteti - 5000 manat

* BDU - 2500 manat

* Prezident Yanında Dövlət İdarəçilik Akademiyası - 2500 manat

* Azərbaycan Dövlət İqtisad Universiteti - 2500 manat

* Bakı Mühəndislik Universiteti - 2500 manat

* Azərbaycan Dillər Universiteti - 2500 manat

* Milli Aviasiya Akademiyası - 2500 manat

* Gömrük Akademiyası - 3000 manat

* Memarlıq və İnşaat Universiteti - 2300 manat

* Qərb Universiteti - 2200 manat

* Azərbaycan Universiteti - 3000 manat

* Bakı Biznes Universiteti - 2500 manat

* Azərbaycan Kooperasiya Universiteti - 2500 manat

II qrupun bahalı universitetləri:

* ADA - 6500 manat

* Xəzər Universiteti - 5000 manat

* BDU - 2500 manat

* Prezident yaninda Dövlət İdarəçilik Akademiyası - 2500 manat

* Azərbaycan Dövlət İqtisad Universiteti - 2500 manat

* Bakı Mühəndislik Universiteti - 2500 manat

* Azərbaycan Dillər Universiteti - 2500 manat

* Milli Aviasiya Akademiyası - 2500 manat

* Gömrük Akademiyası - 3000 manat

* Memarlıq və İnşaat Universiteti - 2300 manat

* Qərb Universiteti - 2200 manat

* Azərbaycan Universiteti - 3000 manat

* Bakı Biznes Universiteti - 2500 manat

* Azərbaycan Kooperasiya Universiteti - 2500 manat

III qrup üzrə bahalı universitetlər:

* ADA - 6000 manat

* Xəzər Universiteti - 5000 manat

* BDU - 4300 manat

* Azərbaycan Dillər Universiteti - 2500 manat

* Prezident yanında Dövlət İdarəçilik Akademiyası - 2500 manat

* Gömrük Akademiyası - 3000 manat

* Turizm və Menecment Universiteti 2500 manat

* Rəssamlıq Akademiyası - 2500 manat

* Azərbaycan Universiteti - 2500 manat

* Qərb Universiteti - 2400 manat

* Bakı Biznes Universiteti - 2500 manat

* Azərbaycan Kooperasiya Universiteti - 2200 manat

* Əmək və Sosial Münasibətlər Akademiyası - 2200 manat

IV ixtisas qrupu üzrə bahalı universitetlər:

* Tibb Universiteti - 3000 manat

* Bədən tərbiyəsi və İdman Akademiyası - 2200 manat

* Xəzər Universiteti - 4000 manat

V ixtisas qrupu üzrə bahalı universitetlər:

Bakı Musiqi Akademiyası - 3000 manat

Milli Konservatoriya - 3000 manat

Rəssamlıq Akademiyası - 2300 manat

Bədən Tərbiyəsi və İdman Akademiyası - 2200 manat

Qərb Universiteti - 2300 manat

Xəzər Universiteti - 4000 manat

Təsəvvür edin ki, normal bal toplamayan və “təki universitet olsun” prinsipi ilə bunlardan birinə daxil olan tələbə ildə ortalama 3 min manatdan götürsək 4 ildə ən az 12 min manat pul ödəyəcək. Üstəlik, rayondan gəlirsə, bunun kirayəsi, geyimi, yeməyi və s. xərclərlə birlikdə bu xərc 20 minə yaxın olacaq. 20 min kapital qoyulur, amma 4 il sadəcə boşa verilir və sonda iş tapa bilmir. Axırda 200-300 manat maaşa bu dəfə “təki iş olsun” prinsipi ilə sevmədiyi bir işdə işləyir. İnsan qarşısına məqsəd qoymadıqca həm zamanı, həm də pulu boş yerə getmiş olur. Qarşısına məqsəd qoyub istədiyi ixtisasa daxil olanlarda da vəziyyət fərqli deyil. Çünki, 4-5 min illik təhsil haqqı olan ixtisaslarda təhsilin keyfiyyəti sual altındadır. Hələ ki, Azərbaycan universitetləri başqa bir sıra ölkələrlə müqayisədə özünü tam doğrulda bilməyib. Ona görə də, bir çoxları o qədər pulu Azərbaycanda ödəməkdənsə, xaricdə ödəməyi daha üstün tutur. Məhz bu səbəblərə görə, son illər plan yerləri də tam dolmur.

Və son olaraq onu da qeyd edək ki, bu il bir sıra ixtisaslara keçid balı 150-200 bala qədər endirildi. Bu təxminən 20-25 düzgün suala cavab vermək deməkdir. Bu artıq vəziyyətin nə dərəcədə kritik olmasından xəbər verir. Təsəvvür edin ki, bir şagird 11 il oxuyur, onun ən az 2-3 ilini repetitor yanında hazırlaşır və qəbul imtahanında 20-25 suala belə düzgün cavab verə bilmir. Belə şagirdin universitetdə təhsil almasının vacibliyi sual altındadır. Görünür, əsas məqsəd daha çox insana təhsil vermək yox, daha çox təhsil haqqı ödəyən insanın olması vacibdir.

 

Yusif

Cebhe.info

 

09:16