Azərbaycanın noyabr ayına qədər vaxtı qalıb

 

Demokratik öhdəliklər yerinə yetirlməsə, zaman Ermənistanın xeyrinə işləyəcək.

AB2017-ci ilin noyabr ayında Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramına daxil olan ölkələrin sammiti keçiriləcək. Həmin tədbirə sözügedən proqrama dair öhdəliklər götürmüş ölkələr, o cümlədn Azərbaycan dəvət ediləcək.

 

Zirvə toplantısına Avropa Birliyinin Assosiyasiya Sazişinə qoşulmuş Gürcüstan, Ukrayna və Moldova da qatılacaq. Qeyd edək ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına qoşulmuş 6 post-Sovet ölkəsinə 2014-cü ildə Assosiasiya Sazişinə qoşulmağı təklif etmişdi. Həmin sənəd Avropa Birliyi üzvü olmadan bu qurumla bərabərhüququlu siyasi və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını və azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Lakin Assosiasiya Sazişini imzalayan hər bir dövlət Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində üzərinə götürdüyü bütün demokratik islahatları təmin etməli və Avropa Birliyinin təklif etdiyi 350 qanun qəbul etməlidir. Məlum olduğu kimi, 2014-cü ildə Rusiya bu prosesin qarşısını almaq üçün Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı ideyasını irəli sürdü. Assosiasiya Sazişinə Gürcüstan, Ukrayna və Maldova qoşulsa da Azərbaycan, Ermənistan və Belarus Kremlin təzyiqləri nəticəsində Avropa Birliyindən imtina etdi. Belarus və Ermənistan isə 2015-ci ildə Avrasiya İqtisadi Birliyinə daxil oldu. Krımın ilhaqından sonra Şərqi Avropada, o cümlədən Cənubi Qafqazda Qərblə Rusiya arasında başlanan hərbi-siyasi qarşıdurma bu bölgədə demokratik islahatların inkişafını ləngidə bildi. Avrasiya İqtisadi Birliyinin yaranması və Rusiyanın post-Sovet məkanında hərbi fəallığının artması Assosiasiya Şazişindən kənarda qalmış ölkələrdə liberal dəyişiklikləri arxa plana keçirdi. Lakin son vaxtlar Avropa Birliyi Azərbaycan, Ermənistan və Belarusla Şərq Tərəfdaşlığı Proqramına dair öhdəlikləri yerinə yetirmək üçün yenidən danışıqlara başlayıb. Hətta Avropa Birliyi 2015-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxilə təhlükəsini nəzərə alaraq adları çəkilən hər üç ölkəyə Assosiasiya Sazişini yeni və daha yungül şərtlərlə təklif edir. Yəni həmin dövlətlərə Rusiya ilə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq etməmək, həmçinin Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşulmamağa dair hər hansı məhdudiyyət qoyulmur. Avropa Birliyinin təklifləri yalnız insan haqları, vətəndaş cəmiyyəti, idarəetmə, media azadlığı və korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq proqram üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur. Artıq Ermənistan və Belarus bu islahatları həyata keçirməyə razılıq verib. Aprel ayında ali qanunverici orqana keçirilmiş seçkilərdən sonra Ermənistan Avropa Komissiyası ilə birgə hazırlanmış layihə əsasında parlament idarəetmə sisteminə keçib. Son vaxtlar İrəvanla Brüssel arasında strateji tərəfdaşlığa dair danışıqların intensivləşməsi müşahidə olunur. Ermənistan rəhbərliyi Avropa Birliyi arasında “Hərtərəfli və geniş tərəfdaşlıq haqqında” adlı yeni saziş layihəsi hazırlanıb. Rusiya mediasının Ermənistanın xarici işlər nazirinin müavini Karen Nazaryana istinadən yaydığı məlumata görə, Kremlin bu ölkədəki maraqlarını sual altına sala biləcək müddəalar müqavilədən çıxarılıb. Sənədin Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin noyabr ayında keçiriləcək sammitində imzalanması nəzərdə tutulub. Rusiya siyasətçiləri sözügedən məsələ ilə bağlı rəsmi mövqeyini hələ açıqlamasa da xarici işlər naziri Sergey Lavrovun bu müqaviləyə “yaşıl işıq” yandırdığına dair məlumatlar var. Sənəddə Rusiyanı narazı sala biləcək və təhlükəsizlik sahəsində əməkdaşlığa dair maddə yoxdur. Ona görə də Moskva müqaviləni kifayət qədər zərərli hesab etmir. Çünki sənəd yalnız siyasi və iqtisadi sahədə islahatların həyata keçirlməsini nəzərdə tutur.

Belarusla Avropa Birliyi arasında da əlaqələrin artması müşahidə olunur. Lakin Ermənistandan fərqli olaraq Belarusun Avrointeqrasiya kursu Rusiyanınn daha ciddi müqaviməti ilə rastlaşır. Bu ilk növbədə, Belarusun coğrafi mövqeyi ilə bağlıdır. Belarus hazırda qarşı-qarşıya dayanmış Rusiya ilə NATO qoşunları arasında təmas xəttinə çevrilib. Prezident Aleksandr Lukaşenko isə ölkəsinin müharibə zonasında minalanmış ərazi rolunu oynamasını istəmir. Belarusdan fərqli olaraq, Ermənistanda Rusiyanın hərbi bazasının olması Kremlin İrəvanın Avropa Birliyi ilə münasibətlərinə sakit yanaşmasına imkan yaradır. Ancaq rəsmi Minsk Rusiyanın Babyursda hərbi hava bazası yerləşdirməsinə razılıq vermir. Üstəlik, Belarus NATO silahlı qüvvələrinin Rusiya sərhədlərinə çox yaxın cəmləşdiyi bir bölgədə yerləşdiyindən Kremlin təsirinə və təzyiqlərinə məruz qalır. Buna baxmayaraq, həm Ermənistan, həm də Belarus sanksiyalar altında iqtisadiyyatı getdikcə zəifləyən Rusiya ilə vahid mövqedən çıxış etməyin yalnız ziyan gətirdiyini ciddi dərk edir. Ermənistanın parlamentar sistemə keçməsi də məhz seçki yolu ilə formalaşan və tez-tez dəyişə bilən hökumətin Kremlin siyasi iradəsindən çıxarılmasına hesablanmış gedişdir.

Belarus da bütün təzyiqlərə və Rusiyadan iqtisadi asılılığa rəğmən Kremlin təsir dairəsindən çıxmağa çalışır. Ona görə də Rusya Avropada istehsal olunan kənd təsərrüfatı məhsullarının Polşa vasitəsilə Belarusa idxalının qarşısını almaq üçün Minskdən 80 ölkə ilə viza rejiminin aradan qaldırılmasına dair qərarına yenidən baxmağı tələb edir. Lakin inadkarlığı ilə tanınan prezident Lukaşenko da Ukrayna ərazilərinin işğalından sonra “qardaşı” Putinə etibar etmir və Rusiya təhlükəsindən xilas olmağın yolunu Avropa Birliyi və NATO ilə tərəfdaşlığın artırılmasında görür. İyul ayının 1-dən etibarən Belarus qızıl-valyuta ehtiyatlarının Rusiya rublu ilə hesablanmasından imtina edib. Belarus Energetika Nazirliyi cari ilin sonuna qədər Rusiyadan alınacaq neftin və təbii qazın dəyərinin rublla ödəniləcəyini bəyan edib. Əvəzində Belarus Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarının rublla olan aktivləri Beynəlxalq Valyuta Fondundan 10 illik müddətə, 2,28 faizlə götürülmüş 3,5 milyard dollar kreditlə konvertasiya ediləcək. BVF-nin ayırdığı kreditlərin istifadəsi isə maliyyə şəffaflığının və hökumətin hesabatlılığın təmin edilməsini, korrupsiyaya və rüşvətxorluğa qarçı mübarizə tədbirlərinin gücləndirilməsi, idarəetmə strukturlarında və maliyyə-bank sektorunda islahatların həyata keçirilməsini nəzərdə tutur. Belarus Mərkəzi Bankının anlaşmaya getməsi Minskin sözügedən liberal islahatları təmin etməyə hazır olduğundan xəbır verir. Digər tərəfdən bütün siyasi məhbusların azad edilməsi səbəbindən Belarusa qarşı Qərbin sanksiyaları aradan qaldırılıb. Ona görə də rəsmi Minskin Avropa Birliyinin noyabr ayında keçiriləcək sammitinə qatılacağı ehtimalı böyükdür.

Azərbaycan hakimiyyəti isə Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı üzrə öhdəlikləri yerinə yetirməkdə maraqlı görünmür. Rəsmi Bakı demokratik islahatlara dair öhdəlikləri nəinki yerinə yetirib, əksinə insan haqları və vətəndaş cəmiyyətinə münasibətdə ciddi geriləmə baş verib. Xatırladaq ki, Azərbaycan 2014-cü ildə Avropa Birliyinin Assosiasiya Sazişini imzalamaqdan imtina edib. Avropa Birliyi Azərbaycan prezidentini 2015-ci ilin may ayında Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin Latviyanın paytaxtı Riqada keçirilən sammitinə dəvət etsə də İlham Əliyev toplantıya getməkdən imtina edib. Azərbaycan iqtidarı Assosiasiya Sazişindən imtina etməsini milli təhlükəsizlik maraqları ilə, daha dəqiq desək Rusiyanın təhlükəsindən müdafiənin vacibliyi ilə izah edirdi. Hakimiyyət Şərq Tərəfdaşlığı Proqramı üzrə öhdəliklərin yerinə yetiriləcəyi və ya Assosiasiya Sazişinə qoşulacağı təqdirdə Azərbaycanın Ukrayna kimi işğala məruz qalacağı, ölkənin guya parçalanacağı barədə təbliğat aparırdı. Ancaq proseslərin sonrakı inkişafı Ukrayna münaqişəsinin rəsmi Bakının islahatlardan yayınmaq üçün bir bəhanə rolu oynadığını təsdiq etdi. 2014-cü ildən başlayaraq YAP hakimiyyəti ölkədə müxalifətə, vətəndaş cəmiyyətinə və KİV-ə qarşı total müharibə elan etdi. Bunun nəticədir ki, hazrda Azərbaycan həbsxanalarında 100-dən artıq siyasi məhbus var. Halbuki, Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan və Belarusdan fərqli olaraq, balanslaşdırılmış və qismən müstəqil siyasət yürüdən Azərbaycanın Assosiasiya Sazişini imzalamasa belə, ŞTP üzrə öhdəliklərə əməl etmək imkanı var idi. Azərbaycan Avropa Birliyi ilə yalnız enerji sahəsində strateji əməkdaşlıq haqqında müqavilə imzalamağa hazır olduğunu bəyan etdi.
Yaranmış vəziyyətin təhlili Azərbaycan iqtidarının irəli sürdüyü Rusiya amilinin sadəcə bir siyasi spekulyasiya olduğunu göstərir. Rusiyanın for-postu sayılan Ermənistanın və Belarusun Avropa Birliyinin təklif etdiyi öhdəlikləri yerinə yetirməyə razılıq verdiyi halda Azərbaycanın bundan imtina etməsi ciddi əsas sayıla bilməz. İkincisi, 2015-ci ildən fərqli olaraq, beynəlxalq geosiyasi proseslərdə küncə sıxışdırılan və ağır sanksiyalara məruz qalan Rusiyanın mövqeyi xeyli zəifləyib. Ona görə də Rusiyanın Azərbaycana təzyiq imkanları da 2014-2015-ci illə müqayisədə daha zəifdir. Üçüncüsü, Azərbaycan Rusiyanın geosiyasi və regional təhlükəsizlik maraqlarına zidd atmadan da sözügedən öhdəlikləri təmin edə bilər. Əks təqdirdə, Ermənistanın Avropa Birliyi ilə ŞTP ilə bağlı strateji əməkdaşlıq haqqında müqavilə imzalaması İrəvana Qərbin dəstəyinin artmasına səbəb ola bilər. Bu da təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində işğalçı ölkənin mənafeyinə xidmət edən amilə çevriləcək. Ona görə də Azərbaycanın yeganə çıxış yolu siyasi məhbusların azad edilməsi, mediaya təzyiqlərə son qoyulması, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə qanunvericiliklə qoyulan mürtəce dəyişikliklərin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və digər öhdəliklərin yerinə yetirilməsindən keçir. Bunlar baş verməsə, Azərbaycan ŞTP üzrə öhdəliklərdən kənarda qalmış yeganə ölkəyə çevriləcək. O zaman Qərb rəsmi Bakını ram etmək üçün daha sərt tədbirlərə əl ata bilər.

Səbinə MƏMMƏDLİ
Yukselis.info

 

09:15