Azad olunan ərazilərdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər davam etdirilir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri aparılır.

Azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal edilən “MEMATT” (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib. Bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11 min 900 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 16 mindən çox mina və partlamamış döyüş sursatı utilizasiya olunub.

Hazırda azad olunan ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Xudaferin.eu

15:04