Açıq Hökumət Tərəfdaşlığı Rəhbər Komitəsi Azərbaycanın statusunu müzakirəyə çıxarır

 

İyunun 28-də Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) təşəbbüsünün Rəhbər Komitəsi Azərbaycanın bu təşəbbüsdəki statusunu müzakirəyə çıxarıb. Bu haqda OGP-nin saytı xəbər verir. OGP Azərbaycanın bu qurumdakı statusunu ötən ilin martında vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti üçün əlverişli mühit yaradılmaması əsası ilə "qeyri-aktiv" etmişdi. Həmin vaxt Azərbaycana təşəbbüs qarşısında götürdüyü öhdəliklərə əməl etməsi üçün 1 il vaxt verilmişdi.

Müzakirələr zamanı Azərbaycanın 1 il ərzində öhdəliklərə necə əməl etməsi müzakirə ediləcək. Müzakirələrdən əvvəl OGP-nin Ölçülər və Kriteriyalar üzrə Alt Komitəsi İdarə Heyətinə Azərbaycanla bağlı tövsiyələrini də təqdim edib. Tövsiyələr əsasən 3 istiqaməti əhatə edir. Alt Komitə tövsiyələrində vurğulayır ki, Azərbaycanda müsbət dəyişikliklər istiqamətində atılmış addımlar alqışlanmalıdır. Bununla belə, İdarə Heyətinə tövsiyə edilir ki, Azərbaycanın statusunun "qeyri-aktiv" elan edilməsi ilə bağlı qərarın müddəti daha 1 il müddətinə artırılsın. Bundan başqa, Azərbaycana vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti üçün əlverişli ortamın yaradılması üçün 30-60 gün aralığında konkret müddət müəyyən edilməsi istənilir.

OGP hökumətlərin hesabatlı, şəffaf və iştirakçılıqla idarə edilməsini hədəf götürən nüfuzlu beynəlxalq təşəbbüsdür. Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu OGP 2011-ci ilin sentyabrında yaradılıb. Azərbaycan bu təşəbbüsə 2011-ci ildə öz təşəbbüsü ilə ilk qoşulan ölkələrdən olub. Təşəbbüsün tarixində birlikdəki statusu "qeyri-aktiv" elan edilən ölkə də məhz Azərbaycan olub. Bu, 2016-cı ilin martında baş verib. Həmin vaxt OGP-nin Rəhbər Komitəsi Azərbaycanın iştirakını "qeyri-aktiv" elan edən qərar qəbul edib. Qərar hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Komitənin Keyptaunda nazirlər səviyyəsində keçirilən görüşündə çıxarılmışdı. Komitə qərar verərkən "təəssüflə" bəyan etmişdi ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə "çözülməyən maneələr" yaradılması səbəbindən belə qərar vermək məcburiyyətində qalıb. Komitə vətəndaş cəmiyyəti təşkilatlarının problemlərinin həlli üçün Azərbaycan hökumətinə bir il vaxt vermişdi. Qeyri-aktiv statusla Azərbaycan OGP seçkilərində səs vermək imkanından məhrum olmuşdu. Azərbaycan həmçinin OGP-nin tədbirlərinə yalnız müşahidəçi kimi qatıla bilərdi.

Amerikaninsesi.org

09:26