100 İLDƏN BİR YETİŞƏN ALİMLƏR...VƏ ÇAĞDAŞ AZƏRBAYCAN SƏHİYYƏSİ

63 gün həyəcan, qorxu, təlaş, nigaranlıqlar, qeyri-müəyyənlik... Düşünürdüm, xeyli vaxtdan sonra yaxşı bir xəbərlə bura ayaq basaram, 63 günün sarsıntılarının əvəzi kimi. Lakin belə olmadı. Olmadı! Pis xəbər özündən əvvəl ayaq açır. 
Dilavər Əzimli... Sadəcə bizim 63 günümüzdən danışmaq istəyirəm.    
Özünü yaxşı hiss eləmirdi. Qızdırması vardı. Dava-dərman edirdim, düşürdü, sonra yenidən qalxırdı. İki gün beləcə əlləşdik. Üçüncü gün KT etdirdi, qan testi verdi. Testi təmiz çıxdı, KT isə viral pnevmoniya göstərdi. Bir ciyəri 20%-dək, digəri 5% zədələnmişdi – buzlu cam. Elə orda da bizə xəstəxanaya getməyi tövsiyə etdilər, özü də modul tiplilərə: “siz özünüz təkbaşına öhdəsindən gələ bilməzsiz. O məkrli xəstəlikdir, əlinizdə tibbi resurslar kifayət qədər deyil. Amma orda hər anın nəzarəti və tədbiri var”. Xəbərdarlığa baxmayaraq, həkim müalicə kursunu da yazdı, hər ehtimala qarşı. Elə həmin gün dava-dərmana başladıq. Səhəri günsə... fikri dəyişdi, çox həyəcanlanmışdı, xəstəxanaya getməyini istədi. Dostlardan orda – Fövqəladənin Zığdakı modulunda yatıb sağalanlar vardı. Riskə getmədim. Sonra özümə bağışlaya bilməzdim. Elə indi də bağışlamıram, amma indi məhz ora getməyimizi. Təcili tibb maşınını çağırdıq. Əvvəl aparmaq istəmədilər, dedilər ki, yüngüldür, bəlkə evdə müalicə edəsiz. Dedim, bəs sonra ağırlaşsa və mən öhdəsindən gələ bilməsəm? Onda gec olmazmı? Və beləcə, Zığa yola düşdük. 
19-cu korpus, 1-ci mərtəbə, 1-ci palata. Dilavərin taleyilə qəddarcasına oynamış məkrli məkan. Tam qapalı, tam təcrid olunmuş, vərdiş etdiyi həyat tərzindən uzaqlaşmış, əlaqə yalnız telefonladır. Ağır psixoloji təsir istənilən sağlam adamı belə xəstələndirər. Məncə, COVİD-lə bağlı informasiya və təbliğat texnologiyası kökündən dəyişilməlidir. Bu barədə ayrıca yazacam. 
Birbaşa əlaqələrimiz dörd gün davam etdi. Öz ayağı ilə xəstəxanaya getmiş adamın artıq elə bu dörd gündə vəziyyəti ağırlaşmağa başladı. Beşinci gün saat 3-dən sonra əlaqələrimiz tamam kəsildi. Onu müalicə edən bir cavan Orxan adlı həkimlə bir neçə dəfə danışdıqdan sonra öyrəndik ki, reanimasiyaya köçürüblər. Niyə? Müalicə düzgün getməmişdi, ya yüngül görüb yüngül də yanaşmışdılar?? Elə bilirsiz ki, sizə həqiqəti söyləyəcəklər? Qətiyyən. Onların növbətçi cavabları həmişə hazırdır.  
Bəs biz indi ondan necə xəbər tutmalıydıq, bunu bizə həkimi söyləmədi, “bilmirəm” dedi. 
Sonra orda yatan dostlardan öyrəndik ki, xəstəxananın “Call sentre” deyilən bir məlumat mərkəzi var. Şəhər nömrəsi ilə ora zəng edib reanimasiyada yatan xəstələr haqqında məlumat əldə etmək olar. Gün ərzində 3-4 dəfə məlumatlar sistemə yerləşdirilir, operator ad-soyadla həmin məlumatları xəstənin sahibinə ötürür. Amma... ora düşmək üçün elə xətdə növbəyə durmaq lazımdır. Məsələn, sizin növbəniz 22-dir. Və 1-ci olmaq üçün mütləq xətdə gözləmək lazımdır. Buna da 1-3 saat vaxt gedir. Məlumatlarsa bunlardır: saturasiya (qanda oksigenin göstəricisi), təzyiq, nəbz və vəziyyətinin qiymətləndirilməsi – orta-ağır, ağır və kritik. Başqa hansısa məlumat ala bilməzsiz, əgər reanimasiya həkiminin əlaqə nömrəsi sizdə yoxdursa.   
Sonra kritik vəziyyət, ictimaiyyətin çağırışları, yüksək səviyyədə nəzarətin gücləndirilməsi və gecəylə təcili EKMO aparatına qoşulma. SNA (İVL) aparatından sağ çıxmama səviyyəsi 80%-dirsə, EKMO aparatında sağ qalma şansı 90%-dir. Bu qısa müddətdə tamamilə sıradan çıxmış  ciyərlərin (bunun təqsirinin həkimlərdə olması fikrindən heç zaman vaz keçməyəcəm) bərpasına yeni ümidlər yarandı. Ən azı on gün aparatda olacağı dəqiq idi. Ən çoxu isə iki həftə. Ondan da o yanasısa bizi narahat etməməli idi. Bir ay da, iki ay da, üç ay da ola bilərdi, hətta dörd-beş ay yatan insanların təcrübəsi vardı. Həkim belə söyləmişdi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Həkimi o qədər nikbin idi ki, bizimlə sevincək danışırdı. Lakin gen-bol iki həftəni gözləməyə səbr çatmadı. Səkkizinci gün həkimi dedi ki, Dilavəri aparatdan ayırmaq qərarına gəlinib. Belə qərarlar adətən kollektiv qəbul edilir. Buna səbəb birinci dəfə yoxlanılan sınağın uğurlu alınması idi. Lakin nə sonrakı gün, nə də sonrakı iki gündə sınaq özünü doğrultmadı. Ciyərlər bərpa olunma mərhələsində olsa da, aparatdan ayrılmağın şərtlərinə və tələblərinə cavab verməyə hazır idimi? Həkimlər sadəcə tələskənliyə yol vermişdilər. Mənə verilən izahlardan belə anlaşılırdı. Daha sonra isə məlum oldu ki, ortaya sepsis deyilən infeksiya düşüb. Sepsis xəstəxanadaxili infeksiyadır, adətən  aparatlardan keçir, qanla bütün orqanlara yayılır və vaxtında müəyyələşdirilib düzgün müalicə olunmadığı halda ölümlə nəticələnir. Onun EKMO aparatından keçməsi 26%-dir. Dilavər təəssüf ki, bu 26%-in içində oldu. İki həftə sərasər həmin infeksiya ilə döyüşdü və onu adladı. Elə bildik hər şey yoluna qoyuldu. Ancaq sepsis özü ilə fəsadlar da gətirdi, ciyərlərin fibrozlaşması. İndi onlar aradan qaldırılmalıydı. Bunasa zaman lazım idi. Beləcə, Dilavər EKMO-da uzunmüddətli yatma mərhələsinə keçirildi. Sonrakı bir ayda əldə olunan cüzi irəliləyişləri qaneedəcək sayılmırdı. Mənim üçünsə misqal da ümid idi. Həkimi sonadək gedəcəklərini söylədi: “Ondan da ağır xəstələri ayağa qaldırmışıq”. 
Martın 3-ü. O məşum gün... Mobil telefonumdan gələn o səs qulağımdan heç zaman çəkilməyəcək:
-     Bura Dilavər Əzimlinin yaşadığı yerdir? 
- Bəli. 
- Siz onun nəyisiz?
- Həyat yoldaşı.
- Dilavər Əzimli rəhmətə gedib. Mən onu semaşkoya aparıram. Zəhmət olmasa ora gəlib təhvil alın. 
- Siz kimsiz? 
- Sürücü.  
 Xəstəxana ən yüksək – Prezident səviyyəsində nəzarətə alınan ALİMİ, PEDAQOQU, ZİYALINI, VƏTƏN AŞİQİNİ “öz adına layiq yola saldı”. Onun ölüm xəbərini mənə çatdırmağı morqun sürücüsünə tapşırmışdılar. 
...Mən sonuncu dəfə Dilavəri orda gördüm - Semaşkoda. O, artıq mənə baxmırdı. 
63 gün belə bitdi: ümidlərin, gözləntilərin qəfil məhvi ilə... 
Məni çox adam qınayırdı ki, gərək xəstəxanaya qoymayaydın, evdə müalicə edəydin. Axı bunun hansı halda düzgün addım olduğunu əvvəlcədən necə müəyyən edəsən ki? Necə edəsən ki, sonrakı peşmançılıq baş verməsin? Xəstəxanalar məgər müalicə üçün deyilmi? Sadə vətəndaşlar nə etsinlər ki, ölkənin səhiyyə sisteminin özünün bərbad vəziyyəti onlarda nə həkimlərə, nə də xəstəxanalara etibar, inam saxlamayıb.  
Yox, əzizlərim, məni qınamayın, sağ qalmaq, sağalmaq lotereya kimidir. Kimsə udur, kimsə uduzur. Orqanizmi ölümdən qayıtmaqla, bir dəfə yaxşılaşmaqla, sepsisi belə adlamaqla sağalmaq, yaşamaq istəyini ifadə edən Dilavərin lotereyası “uduşlu olmadı”. EKMO aparatı 90% yaşamağa şans tanısa da, qalan 10% sağ çıxmamağın payına düşdü. “Septik şok” həkimin verdiyi son hökm idi... 
Bu sarsıntılı günlərdə mənəvi dəstəyilə daim bizə yardımçı olan hər kəsə ayrı-ayrılıqda dərin minnətdarlığımı bildirirəm. Xüsusilə də mənim müraciətlərimi hər zaman anında cavablandıran, nazımızla oynayan, əlindən gələni əsirgəməyən millət vəkili Qənirə Paşayevaya! Dilavərdən ötrü hər dəqiqə haray çəkmiş   DOSTLARINA! Onun sağalması üçün ölkə rəhbərliyinə qədər müraciət etmiş insanlara! Əfsuslar olsun ki, bütün bu çabalar gözlədiyimiz nəticəni vermədi. Mən HƏYAT YOLDAŞIMI, övladlarım ATALARINI, tarix elmi ALİMİNİ, tələbələr PEDAQOQUNU, ictimaiyyət sözün həqiqi mənasında QİYMƏTLİ  ZİYALISINI, AZƏRBAYCAN ÖZ AŞİQİNİ İTİRDİ! Belə ŞƏXSİYYƏTLƏR 100 ildə bir dəfə yetişir! 
Nur içində yat, gözəl İNSAN, mənim əziz və mehriban Dilavərim! Səndə sığar ikən cahan, sən bu cahana sığmadın, 
Gövhəri-laməkan səndin, kövnü məkanə sığmadın! 
Allah o dünyanı versin! Amin!

Arzu Qazıyeva - Əzimli

Xudaferin.eu


 

12:48