TÜRMƏNÇAY MÜQAVİLƏSİ

195 il öncənin bu günkü günündə - 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Qacar-İran dövləti ilə Rusiya arasında iki illik müharibəyə son qoyan "Türkmənçay Müqaviləsi" imzalandı.
İki dövlət arasında danışıqlar sürəci dörd ay davam etmişdi. Qacar dövləti danışıqların əvvəlində müqavilənin ağır şərtlərini qəbul etmədi. Lakin ruslar Təbrizi, Urmiyanı, Xoyu, Ərdəbili tutub Tehranı - paytaxtı hədələdilər. "Razılaşmazsınızsa Azərbaycanı (güneyi) Qacar səltənətindən ayırıb Rus imperiyasına bağlı xanlıq quracağıq" dedilər.
Hakimiyyət sarsıldı...
Danışıqları müqavilənin və müqaviləyə əlavə üç icra protokulunun müəllifi şair Qriboyedov aparırdı.
Qriboyedov sonradan məktublarından birində yazacaqdı: " Burada mənə qəddar adam deyirlər. Desinlər, heç vecimə deyil. Mənə lazım olan İranın rus silahı qarşısında diz çökməsidir. Hər kəsin məndən qorxmasıdır ki, qorxurlar. Bunlar yalnız qarşılarında güc görəndə hesablaşırlar"
Başqa bir məktubunda isə deyirdi, ömrümü İranda çürüdürəm, erməniləri İrandan Rusiyanın yeni sərhədlərinə köçürmək, canlarını, mallarını qorumaq üçün əlimdən gələni edirəm, lakin boşuna... çox nankordurlar.
Ən mühüm missiyasını isə belə ifadə edirdi: "Mən İranda boşuna oturmamışam, Qacarların Osmanlı ilə yaxınlaşmaması üçün əlimdən gələni edirəm."
"Türkmənçay Müqaviləsi" böyük fəlakətlərə səbəb oldu. Qacar xəzinəsi boşaldı. Hərbi təzminatı ödəmək üçün xalqdan illər öncənin vergiləri tutuldu. Saray xanımlarının əl-ətəyində olan qızıl-bəzək sökülüb xəraca qatıldı. Evlərin gümüş qab-qacağığ, xalı-xalçası belə alındı. Xəzinədə və insanlarda pul və qiymətli əşya qalmadığından Abbas Mirzə xəracın bir hissəsini mal-qara, at, taxıl, digər ərzaqla ödəməyi təklif etdi. Qarşı tərəf bu təklifi böyük minnətlə və bir qədər sonra qəbul etdi.
Qriboyedovun Tiflisdən özü ilə gətirdiyi arvad qohumları olan gürcülər və ermənilər Azərbaycanın bütün şəhərlərində və Tehranda azğınlıq etdilər, bazarda baqqalları soydular, sərxoş olub küçələrdə qadınlara əl atdılar, müsəlman evlərinə soxulub islamı qəbul etmiş, oğul-uşaq sahibi olmuş erməni arvadları çıxarır, kazakların qabağına qatıb İrəvana göndərmək üçün səfirliyə aparırdılar. Bu hüququ ruslara "Türkmənçay Müqaviləsi"nin protokolları verdiyindən şəhər valiləri, kaymakamlar, eləcə də vəliəhd və Fətəli şah etiraz edə bilmirdi.
Xalq həm ruslara, həm də məğlub olmuş, əhalinin namusunu qoruya bilməyən səltənətə qəzəbli idi. İsfahan üsyan etmiş, başqa şəhərlər də Fətəli şaha qarşı ayaqlanmaqda idi.
"Ağıldan bəla" əsərinin müəllifi olan Qriboyedovun ən böyük bəlası ağlından və qabalığından doğmuşdu. O, rus silahına güvənib yerli adətləri saymır, diplomatik normalara əməl etmir, özünü acgöz bir quldur kimi aparırdı.
Bircə misal: 40 nəfərlik heyəti üçün şahzadə Abbas Mirzədən günlük üç yüz litr şərab və az qala 300 nəfəri doyuracaq ərzaq tələb etmişdi. Bu ərzaqı isə onun sevimliləri olan erməni işçiləri toplayır, camaatı bir əvəzinə beş soyurdular. Olmayanı qamçı altına salıb döyürdülər. Qriboyedov özü heç bir xidmətə ödəniş etmirdi. İranda hər kəsi özünə borclu sayırdı. Dövrün qaydalarına görə səfir aldığı hədiyyələrin əvəzinə hədiyyə verməliydi, lakin, o, vermir, kübar davranmırdı. Bu da İran əyanlarını heyrətə salır, rus qanacaqsızlığı, acgözlüyü, azğınlığı ictimai etirazı böyüdürdü.
Rus səfir Şah hüzurunda belə özünü ləyaqətli aparmır, bütün elçilərin riyaət etdiyi saray protokoluna əməl etmir, öncədən müəyyən edilmiş sohbət müddətini aşırdı. Həyasızca və uca səslə "burada qaydaları mən diqtə edirəm" deyirdi.
İctimai gərginlik elə həddə çatdı ki, müqavilənin ildönümünə 10 gün qalmış Tehran camaatı rus səfirinin yerləşdiyi imarətə hücum edib önünə keçəni xəncərlə doğradı, yağmaladı, od vurub yandırdı.
Rus elçisi Qriboyedovu, onun erməni yavərləri Rusdam ağanı, Dadaş ağanı, səfirin süd qardaşı əxlaqsız Andreyi Tehran küçələrində atın quyruğuna bağlayıb sürüdü.
Şah qvardiyası belə sel kimi rus səfirliyinə doğru kükrəyən xalq qəzəbinin qarşısında dura bilmədi. Tehranda qan su yerinə axdı, yerli əhalidən qırılan, ayaq altda qalıb həlak olan da çox oldu...

s.a.
5 ildən sonra "Türkmənçay Müqaviləsi"nin 200 ili tamam olacaq.
Düşünürəm, o taylı, bu taylı hər bir Azərbaycan türkü, hər bir ziyalı bu tarixə öz maarifçi töhfəsini verməlidir... bu, bizim tariximizdir... öz tarixini bilmək gələcəyin milli vizionunu müəyyən etmək deməkdir.

Mehriban Vəzir
Xudaferin.eu

12:48