Çanaqqala Qazimiz Yusif Ziya Talibzadə

Çanakkale Türkün şərəfidir. Düşmən basıb keçəməz!!! Deyildi və edildi! Bu şərəfin keşiyində 3 mindən çox könüllü Azərbaycan Türkü şəhid oldu. Onlar bu mübarək Vətəndən o mübarək Vətənə şərəf savaşına getmişdilər. Ruhları şad olsun!
Çanakkale (1914-15) Türkiyəni param-parça etmək üçün ingilislərin, fransızların, yunanların birgə projesi idi. Bu cinayət projesinin önünü iki yüz min şəhid qanı kəsdi...
Canakkale qazilərimizdən birini bu 18 mart anım günündə böyük sayqı ilə yad etmək istədim: YUSİF ZİYA TALIBZADƏ
General-mayor Yusif Ziya Talıbzadə Azərbaycan Cümhuriyyətində Daxili Qoşunların qurucusu və ilk komandanıdır.
O, 1877-ci ildə Tiflisdə doğulub. Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Abdulla Şaiqin adı bir əsr gizli tutulan qardaşıdır.
Yusif Ziya Tiflisdə, Xorasanda, Bağdadda yüksək dini, Osmanlıda yüksək hərbi təhsil almış, pedaqoq, alim, yazar, hərbçidir, təhsil və ədəbiyyatla bağlı kitablar, pyeslər yazmış, tərcümələr etmişdir. O, 4 dildə mükəmməl yazıb danışırdı.
1910-cu ildə Hacı Zeynalabdin Tağıyev Yusif Ziya araçılığı ilə Osmanlı sultanı II Əbdülhəmidə Quranın türkcə tərcüməsini (1907-də tərcümə edilib) hədiyyə göndərmişdir.

1910-cu ildən Türkiyədə yaşayan, təhsil alan, ölkənin ictimai həyatında fəal olan Talıbzadə Birinci Cahan Savaşında Qars-Ərdəhan ordusu sıralarında rus, erməni işğalına qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərib. 1915-də Çanakkalede ingilis, fransız, yunan işğalçılığına qarşı savaşır. 1918-ci ildə Qafqaz-İslam ordusu önündə, Əhməd bəy Ağaoğlunun hərbi müşaviri kimi Bakıya qayıdır. "Müsavat" partiyasının fəallarından birinə çevrilir. Rəsulzadənin redaktə etdiyi "Azərbaycan" qəzetində və digər mətbu orqanlarda yazılar yazır, siyasətə, maarif və mədəniyyətə dair məqalələr nəşr etdirir. Cümhuriyyətin siyasi məsələləri ilə bağlı yenidən Türkiyəyə qayıdır.
1919-cu ildən Azərbaycan Cümhuriyyəti Daxili Qoşunlarının qurucusu və komandanı olur.

Yusif Ziya rus işğalının və erməni terrorizminin önündə dik dayanan, kəskin dirəniş göstərən cəsur və yenilməz bir ideya adamı idi.

1920-ci ildə, Cümhuriyyət devrildikdən sonra həbs edilən Yusif Ziya həmyerlisi və dostu Nərimanovun zəmanəti ilə həbsdən azad edilmiş, böyük təcrübəsi və hərbi bacarığı nəzərə alınaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Talıbzadənin Osmanlı və Qacar paşaları ilə yaxşı əlaqələri Naxçıvanın təhlükəsizliyini möhkəmlətməyə xidmət etmişdir.
Lakin... Yusif Ziya ideya və azadlıq adamı idi. Rus əsarətinə düşmən idi. Az zamanda Nərimanovla yolları ayrılır.
Yusif Ziya Talıbzadə yeni revanş götürmüş rus-bolşevik işğalına qarşı vuruşmaq üçün Naxçıvandan Türküstana yollanır. Türküstan müqavimət hərəkatına - basmaçılara rəhbərlik edən Ənvər Paşanın müavini olur.
1923-cü ildə Yusif Ziya bolşeviklərlə döyüşdə həlak olur. İşğalçı düşmən bu son döyüşdə basmaçıları Amu-Dərya kənarına sıxışdırır. Yusif Ziya bir çox silahdaşları ilə bu qorxunc çayı keçmək üçün özlərini suya vurmalı olurlar. Lakin... uzunluğuna görə Nİldən sonra ikinci, iti axışına görə Missisipidən sonra ikinci olan Amu-Dərya... bu Turan igidinə keçid vermir... bir sıra müqavimətçilər kimi o da çayda boğulur...
Türküstan şəhidi Talıbzadənin həmin vaxt cəmi 46 yaşı vardı.

Yusif Ziya bir sıra əhəmiyyətli əsərlərin müəllifidir. O, Rusiyada olarkən "Po Rusi" adlı yol qeydləri yazmış, Bakıda nəşr etdirmişdir. Lakin bu kitab Rusiyanın gerçək mahiyyətini açdığına görə bütün satış nöqtələrindən və kitabxanalardan bir-bir toplanaraq məhv edilmişdir. Təəssüf ki tarix elmimiz rus işğalına misilsiz dirəniş göstərən bu böyük mücahidin həyatını öyrənməkdə maraqlı olmadığı kimi o yasaq kitabın izinə düşməkdə də həvəsli deyil...

Yusif Ziya Talıbzadə... adı rus işğalı tərəfindən yasaq edilmiş böyüklərimizdən biridir. Onun həyatı və yaradıcılığı hələ də öyrənilməmişdir. Hələ də onun Cümhuriyyət dövründəki komandanlıq fəaliyyətinin üzərindən susaraq keçilir....

Yusif Ziya Çanakkale qazisidir...
Cümhuriyyətimizin Daxili Qoşunlarını qurmuş komandandır...
Türküstan şəhididir...
Böyük ideya adamıdır...
Xatirəsinə sayqılar...
Mehriban Vəzir
Xudaferin.eu

15:33