ŞUŞA… HƏR ZAMANDA – İKİ OD ARASINDA !!!

…BU BİR XANƏDAN HEKAYƏSİDİ…

İl -1991… Ağdam…

Oturub xəbər gözləyirəm. Gedən-gələn eyni sözü deyir, nə bilim, yollar pisdi, atırlar, xatadı, o gün belə vurdular, bu gün elə dağıtdılar. Dünən yenə yol maşınını atəşə tutublar. İntizarında olduğum, ürəyimə təpər edib yola çıxacağım sözü eşidə bilmirəm.

 

…Bir-bir övladlarımın üzünə baxıram. Dünyadan xəbərsizlər. Qaçıb oynayırlar, arada sinəmə sığınıb Şuşaya gedəcəyikmi, deyə soruşur, həmən unudur və yenə öz əyləncələrinə dönürlər. Onların bu sualına cavabım yoxdur. Hünərim çatacaqmı getməyə…hələ bilmirəm. Fikir edirəm. Qara-qara düşünürəm. Yenə balalarıma baxıram. Bu yolda ölüm-itim var. Mən heç, bəs bunlar?

Günlər keçir…. bir gün, iki gün, 3-cü gün… qəlbimdə yenilməz bir istək, ağlımda qorxu, iki od arasında…  çapalayıram.

Ağdam qəfəs kimi sıxır ürəyimi.Tıncıxmışam. Gen-geniş evə, bu boyda həyətə-bacaya sığmıram. Gözlədiyim xəbər gəlmir. Hava istidi, amma isti də isti kimi deyil, qızmardı, Ağdam od tutub yanacaqmış sanki. Evə keçdim. Pəncərənin yerliyinə bir qalaq kitab-jurnal yığılmışdı.  Baxdım, baxdım. Bir cümləsinə belə səbrim çatmazdı.  Hövsələsiz və pərişan idim. Lakin əlimi qeyri-iradi ”Azərbaycan” jurnalına uzatdım.  O vaxt “Əli və Nino” çap olunurdu o jurnalda.  Açdım. Qarşıma çıxan ilk cümlə… o qəfil müjdə… o gözlənilən xəbər, o çağırış…. bu pəjmürdə halımı alt-üst etdi. Dərin bir nəfəs alıb toxtadım. Deyiləsi söz deyilmiş, yiyəsinə çatmışdı; 

“…Müharibə bitəcək… Qarabağa gedəcəyik…”

 

Bu müjdənin zamanları, məkanları aşıb mənə, məhz mənə gəldiyindən əmin idim. Daha bu yoldan dönmək yoxuydu. Təhlükə barədə öyüdləri  eşidirdim, durumu da anlayırdım. Lakin qərar,  QƏRAR idi, olub bitmiş, verilmişdi.

Dedilər taksi təhlükəlidir, avtobusla get. Elə də etdim.

Həsrətlər və səksəkələr dolu bir iyul səhəri… oğlum, qızım və mən… hanı o bəxtəvər günlərim… Şuşaya yollandıq.

Demə, yollar nə vaxtdı bağlı imiş. Yenicə açılıb. Bu barədə dəqiq tarixlər deyirdilər bu yolun yolçuları, filan gün açıldı, filan gün bağlandı… filankəsi vurdular, filankəsi tutdular. 5-6 nəfər ucadan söhbət edirdi. Dinləyirdim…  Onların da fikri bizdə idi. Avtobusda yalnız orta yaşlı kişilər, cavan oğlanlar və yaşlı qadınlar  varidi. Mən yaşda, yanı balaca uşaqlı, hər halı ilə bu duruma yabançı başqa bir qadın yox idi.

İki silahlı əsgər də gedirdi bizimlə. Mühafizə üçün. Bir avtobus adamı, bir şey olsaydı, bu iki silahlı gənc qoruyacaqmış. Nə canlar yazıq oldu fələyin felinə təslim edilən bu yollarda. Dağlara aparan uca yollarda…

 

Uca dağlar başında…
Bir yar sevdim… tirmə şal var başında…
Eybi yoxdur kirpiyində, qaşında…
Aman yarım, gözəl yarım, gül, yarım…
Küsdürmüsən, gəl, könlümü al, yarım….

 

Pəncərəsindən tamarzıca boylandığım bu sınıq-salxaq avtobus, üzü yoxuşa tənginəfəs şütüyür. 

Yol yoldaşlarım Şuşanı tərk etməyən sonuncu sakinlərdi. Hər gün başlarına od yağır. Gözaltı baxıram, üzlərində qorxu yoxdu,  qorxudan betər bir yazı var… küskünlük… məyusluq… Beləsini heç görməmişdim. Heç görmədim!

Arada danışıb gülürlər də. Amma  yazı qalırdı. Ötmür! Keçmir! Bitmir!

Hər kəsin də ayağı altında Ağdam bazarından aldığı ayın-oyun dolu zənbillər durur. Hmm… əziz ölür, boğaz ölmür… bu çarəsiz insanlar Şuşada – odun alovun altında yaşamaq üçün bu təhlükəli yollardan – canavar ağzından azuqə daşıyırlar.

 

İndi də, yenə də… bu an da… elə o günkü kimi, dağlara varan o al-yaşıl yollara baxıram… Hər gördüyümü gözlərimin bağrına basıram. Od tutub yanıram, yaxılıram. Dirigözlü ölürəm. Bu torpaq mənimdir,  mülküm, mülkiyyətimdir, haqqım, halalımdır axı…

…Bizim avtobusa güllə atmadılar. Lakin Xankəndindən keçəndə güllə kimi   göz dəydi mənə. O qurşun hələ də ürəyimdədi. Onu oradan alacaq bir cərrah tapılmadı! Qara-nimdaş paltarlı, ağ pırpız saçlı, çirkin, üzü nursuz  bir erməni qarısının qara baxışları hələ də gözümün önündədi.Uzun illər keçdi, unuda bilmədim! Bu, çox dərin, çox köklü bir nifərt idi. Niyə! İnsan böyük siyasətin nə yaman aciz oyuncağıdır! O qədər aciz ki, təkcə hərəkətə gəlmir, həm də bu siyasi oyunların içində riqqətə gələ bilir. O köpək qarı hələ də bilmir və bir daha bilməyəcək ki, rus Qarabağa onu nəyə görə yerləşdirib, onu haralardan sürüb mənim  torpaqlarıma gətirib…  kin-kidurət çuxuru gözlərini mənə qarşı nifrətlə püskürtmək üçün nə fitnələr,  nə fəsadlar törədib, nəhayətdə, öz siyasətinin köləsinə çevirdiyi  ermənini hansı məqsədlərinə alət edib. Bilmir. Bilmək istəmir. Bilməyəcək.

…O yay Şuşanın son yayı oldu. Sonra yollar  bağlandı… Gedən gələn kəsildi… ama qalan da qaldı. Qalan çoxdan qalmışdı. Əslim Şuşada qalmışdı…


Şuşaya son səfərin xatirə şəkli – iyul – 1991

Bir kərkük bayatısında deyildiyi kimi tarix təkrar olundu…

 

Əslim Qarabağlıdı…
Sinəm çarpaz dağlıdı…
Kəsilib gedib gələn…
Demə, yollar bağlıdı.

Son dəfə 91-in yayında çıxdım Şuşadan. Üzünü üçcə gün gördüm. Professor Nazim Axundovun qonağı idim. Allah o kişiyə rəhmət eləsin, neçə illərin sovet yasağından sonra “Qarabağnamə”ləri ilk dəfə o nəşr etdirib cəmiyyətə təqdim etdi. O vaxt üçün böyük xidmət idi, həm də əziyyətli iş idi.

…Şuşada bizi heyrətlə qarşılayırdılar, nə təhər gəlmisiniz deyirdilər, sonra həzin-həzin, bir az da eyhamlı gülürdülər, indi Bakıdan buralara gəlmirlər axı… Təhlükəlidir. Bakıdan Şuşaya gələn  yeyib-içməyə gələrdi… indi nəyə gəlsinlər… Yenə acı bir təbəssüm…

 

…O enişdə başqa heç nəyi xatırlamıram. Sanki gözüyumulu dönmüşəm o yolu…

Lap əslində isə… 1920-ci ilin 28 aprelində, bax belə… böyüklü-kiçikli… qol-boyun… çıxmışam oralardan. Qırmızı rus əsgərinin süngüsü ağzında.

Bakının Şuşa ünvanlı xatirələrində böyümüşəm. Şuşada bizim heç nəyimiz, bir qarış torpağımız, bir daxmamız belə  yox idi, keçmişimizdən başqa.

Familiyama aid mülkiyyət kinoteatr idi, muzey idi, bizdən alınıb guya xalqa verilmişdi. 

Məktəbdə; “Lenin baba yolunda…”, evdə; “Şuşada, bəxtəvər günlərdə…” başlığı ilə başlayan həyat gündəliyim vardı. Demə mən də iki od arasında yaşamışam… Qarabağ kimi, bütün Vətənim kimi.

Sovetlər gələndə mülkiyyət hüquqi Qarabağ mülkədarlarının əlindən alındı.  Torpaqlar, tarlalar, dəyirmanlar getdi… Sürgünlər, gedər-gəlməzlər, qanlar, qadalar…əmim, atam, qardaşım…. bu söhbətlər saat  kimi, həzin-həzin, amma durmadan qulağımda  tıqqıldayır.

Sonra rus rejimi baxmış ki, sərvət getdi, amma nüfuz qalır, camaat hörmətində, izzətində xətaya yol vermir.  Ona görə də tanınmış ailələrə Qarabağda yaşamağı yasaq etmişdi qırmızı donlu yeni rus işğalı.

30-cu illərdə artıq Qarabağın sahibləri Qarabağda yox idi… qaçqın, sürgün, ölüm… Torpağı sahibindən alıb kolxoza vermişdilər – yəni heç kimə… Vətən sahibsiz qalmışdı. Rus öz senarisini bu gün üçün – Qarabağın əlimizdən alınması üçün yazırdı.  Dayanmadan, yavaş-yavaş quyumuzu qazır, bir əli ilə də ermənini körükləyir, silahını, sursatını, nifrətini təmin edirdi.

Sonra əsərlərə köçmüşəm.  Piri-mürşidim Yusif Vəzirin “İki od arasında”kı dəryaya batıb çıxmışam. Ustadım evimin, eşiyimin, keçmişimin şifrələrini, kodlarını yollayır. O müdhiş sirri, gizlədilmiş biliyi, ünvanlı elmi bir vəzirzadəyə  göstərir. Sözlü sözün götürsün, mən sözümü bilirəm, səsləyənimi də bilirəm…

 

Pənah xan… iki od arasında bir dövlət qurdu. Təkcə dövlət deyil,  mədəniyyət taxt-tacı qurdu. Azərbaycan hələ də Pənah xanın xəzinəsindən xərcləyir.

Şah gəldi.  Yaxşı gəldi-pis gəldi; bu gün burdan durub asıb kəsməyə nə var ki…

Çar gəldi. Cəmiyyyətlərin və təbiətlərin əbədi  əhvalatları baş verirdi;  dövrəsini çaqqal sürüsü sararsa,  aslan yenilər.

Üç gəliş – o dəfə düşmən öz donunda gəlmişdi. Xanlığı çökdürdü. İbrahim xanı savaş meydanında deyil, ailəsi ilə birgə gecənin xəlvətində qətl etdi. Öz adına layiq namərdliklə!  Sonra qırmızı donda gəldi. Dövlətin dayağını – aristokratiyanı məhv etdi. Bu dəfə erməni donuna girdi – torpağımızı aldı. Rus imperiyası öz istila proqramını tarixin 200 ilində – üç mərhələdə başa çatdırdı.

 

…İbrahim xan… iki od arasında qaldı… şəhid edildi… bütün əhli-əyalı ilə, körpəcə qızı ilə… bəzisi də deyir, yox, o qız ölmədi,  o qızı pəncərədən qaçırdılar, Allah qorudu. Kim bilir, kim öldü, kim qaldı. Ölümüzü anmağa-ağlamağa  qoymadılar ki. Bu şəhidlərin şəhidliyi tək Allaha məlum. Düzünü O bilir! Şəhidləri O seçir!

Məhəmməd bəy Cavanşir. Dünya aləmin, gəlib gedənin ən yaraşıqlısı, igidi, cəsuru… iki od arasında…

Düşmən pəncəsindən çəkilib gecəylə cuvalda qaçırılan tək oğlu… 5 yaşlı yavru… iki od arasında…

Ağabəyim ağa Məhəmməd bəyə aşiqdi – Qarabağda qara sevda var…

       

 

Getdi İranda şahbanu oldu, bir sözü iki olmadı, önünə sərvətlər sərildi, dönüb baxmadı. Ölməyincə əl üzmədi yarından… Bir ömür boyu iki od arasında…bir tərəfdə könül, bir tərəfdə şah… “Bu da belə bir ömürdü…”

Vəzirlər-hakimiyyətin təpəsi çarmıxa çəkildi…

Seyyid Vəzir-dövlətin çiynində peyğəmbər əli… şalına boğuldu.

Dar ağacına çatmadı şair, yolda qaldı… hər biri iki od arasında…

Dövlətim, qismətim, taleyim, ömrüm, yavrum… iki od arasında…

Şuşada mənim xatirəm qalmadı, aldılar əlimdən….

Əlimizlə qurduğumuz Şuşada yeddi qurşaq nəslimin göz yaşı qaldı…

Əzizimi, əvəzsizimi ağladığım kimi ağlayıram Şuşanı.

…Bu bir xanədan hekayəsidi. Bir elin, Bir nəslin təhkiyəsidi.

Rus süngüsü ilə sürüldüyüm Şuşanın məndə inləyən nəfəsidi.

Mehriban VƏZİR

Xudaferin.eu

 

 

 

13:20