Mehriban Vəzir yazır...

Keçmiş günlərin birində Xurşidbanu bəyim Natəvan 7 yaşlı oğlu Mehdiqulu ağa ilə birgə faytonla Bərdəyə gedirmiş. Ağdamla Bərdə arasındakı "Narlı dərə"dən keçərkən bir qarı yolu kəsir...
Faytonun önündə gedən şatır (görəvli atlı) "yoldan çəkil" deyə qadına bağırır. Qarı yerindən tərpənmir. Deyir:
- Xanqızını görməliyəm. Ona sözüm var.
Qorumalar irəli yeriyir... şatır bir daha kükrəyəndə Xurşudbanu bəyim səsə boylanıb deyir:
- Dəymə...
Demə yaxın kənddə yaşayan bu qarı Xan qızının gəlişini eşidib yol qırağı çəmənlikdə, bir təpə üstdə yerə köhnə bir kilim atmış, samavar qaydadıb çay dəmləmiş... bəyimin yolunu gözləyirmiş.
Qarı çox yoxsul, tənha, çarəsizmiş. Xanqızını çaya qonaq edəcək, söhbət açıb dərdini ərz edəcək... yardım istəyəcəkdi...
Xurşudbanu bəyimin işarəsi ilə fayton dayanır. Qarı özünü Xanqızının ayaqlarına atır. Deyir:
- Ağrın alım, bax o süfrəni sana açmışam, o çayı sana dəmləmişəm, gəlişini eşitdim, sabahdan bəri yolunu gözləyirəm. Gəl süfrəmin başında otur, bir çay iç...
Nur üzlü Xurşudbanu bir qarıya, bir süfrəyə baxıb gülümsəyir... O, qarının əllərindən tutub yerdən qaldırmış, sözünü dinləyirdi. Ehmalca faytondan enir, oğlu ilə bigə köhnə kilimin üstündəki döşəkçəyə əyləşir. Süfrə başında çay içib, hal-əhval tutur..
Qarı fikrində hey çək-çevir edir... nə desin, nətəhər desin... nədən başlasın... dərd birmi... ikimi...
Xanqızı çayı içdikcə təkrar-təkrar qarının gün-güzəranını soruşur.
Qarı isə... ağız açmağa utanır... ürəyi bir, dili başqa söz deyir:
- Ağrın alım, sağlığına... hər şeyimiz var... elə sən ki, yendirif süfrəmin başında oturdun ha... bu, maa bəsdi... dünyaları maa verdin...

Xanqızı qarıya minnətdarlıq edib qalxır... qarı onu faytona kimi yola salır. Qarı həm Xanqızı ilə diz-dizə oturmağından, həmsohbət olmağından yerə-göyə sığmır... həm də bu ələdüşməz fürsəti qaçırdığına, dərdini deməyə üzü gəlmədiyinə heyifsilənirdi...
Qarı kor-peşman qayıdıb süfrəni toplayır, Xanqızı oturan döşəkçəni qaldıranda gözü kəlləsinə çıxır... üç yüz manat... umduğundan qat-qat artıq...
Qarı elə həmin yerə çöküb hönkür-hönkür ağlayır... əllərini göyə açıb Xurşudbanu bəyimə və oğluna alqışlar yağdırır...

s.a. Cavanşirlərin "Dürri-yekta" - tək inci ləqəbli övladı Xurşudbanu bəyim öz qiymətli əlamətlərini irsindən, soyundan alırdı. Mənbələr yazır ki, bu soyun 3 yüksək nişanəsi var: Gözəllik... Səxavət... Hünər...
Xurşudbanu Natəvana isə Allah daha bir lütfünü etmişdi: istedad...

Mehriban Vəzir
Xudaferin.eu

01:19