Əmir Teymurun qutsal yurdu

Əssəlam-Əleyküm, Daşkənd

Nə Özbəkistan səfərinin qoxusunu alanda, nə uçuş tarixini biləndə, nə uçağa minəndə, nə də Daşkəndə enəndə bu gedişatın ilğım olmadığını, artıq gerçəyə çevrildiyini ayırd edə bilmədim. Bu anda belə, yuxularını danışan biri kimiyəm. Nəyi nədən sonra gördüyümü bilmirəm...

Röyamda nələr gördüm...

Əlbəttə, mənə məlum ki, getdiyim yer rus imperializminin qayçıladığı siyasi xəritə - Özbəkistan deyil. Sadəcə, coğrafi terminlərlə ifadə etsəm, Turan ovalığı, Amudərya, Sırdərya-Ceyhun, Seyhun çaylarının arası, Qızılqum, Qaraqum səhraları, Tyanşan, Pamir, Altay dağları və nəhayət, Türk tarixinə möhürünü vurmuş Mavərənnəhr imperatorluğu, möhtəşəm türk dövlətlərinin beşiyi... Yəni mənim, sənin, bizim - Türkün keçmişi idi.

Öz keçmişimə yollanıram...

Öncə onu deyim ki, Özbəkistan Hava Yolları daima AZAL-la uçan biri olaraq məni yeməyi ilə təəccübləndirdi. Çox ləzzətli isti yemək, növ-növ çörək, keççub, mayonez, pomidor, xiyar, meyvə, yağ, cem, 2 cür pendir, 3 cür kolbasa, şirniyyat, quru meyvələr; fıstıq, fındıq, ərik və digər yeyib unutduğum yemişlər. Nə isə... ad günü menyusu.

unnamed (1).jpg (540 KB)

AZAL-ın dəndən, sudan ibarət dərvişvari süfrəsini xatırladım. Əcəba, özbək bizdən zənginmi, yoxsa səxavətlimi, yoxsa kəramətlimi? Kimdən əskiyik ki? Onların qızılı varsa, bizim də qara qızılımız var! Kimin qazancı çox olar? Kimin cibi dolu olar? Kimin süfrəsi bol olar? Yolboyu vurdum, çıxdım, bir nəticə əldə etmədim. İşimin adı nə? Kasıbın işi dövlətlinin pulunu saymaq...

...Daşkənddə məni Uluqbəy xanımı Nodiro ilə qarşıladı. Bizim təbircə desəm, Nadirə... Filoloq olduğundan Azərbaycandan gələn bir yazıçı qadını görmək istəyibmiş. Görüşdük, tanışdıq, bir neçə saat yanaşı olub danışdıq. Bir-birimizdən xoşhal olduq. Otelə yerləşdikdən sonra vaxt itirmədən üz tutduq Daşkəndin köhnə məhləsinə...

Hər addımda qarşımıza toy çıxırdı. Dedilər, Daşkənddə toy mövsümüdür. Bir şadlıq sarayının önündən keçirdik. Qaraney çalançıları sıralanmışdı. Bu, nəsə, həşəmətli bir toya bənzəyirdi. Ötüb keçə bilmədim, tamaşaya durdum.
Sarayının qarşısında bəyin, - özbəklər bəyə “domot” deyirlər, - yəni damatın böyükləri, qardaşları dayanmış, gələn qonaqları qarşılayır, sıralanmış çalançılar isə qonaq görəndə bir düjün qaraneyi göylərə qaldırıb üfürür, bununla müsafirlərə “Xoş gəldin, şərəf verdin” edirdilər.

Toya gələn ədalı xanımlara, allı-şallı geyimlərə, vız-vızı saçlara, burma tellərə, qələm qaşlara baxırdım. Gözəllər, nə gözəllər... Demə görməmişəm, eyni ilə bizim şadlıq evlərinin önündəki parıltı... Ciddi-ciddi bənzəyişimiz varmış ha... Bircə qaraneyli pişvazımız əskikdi...

unnamed.jpg (1.04 MB)

Bizdən fərqli olan nə idi? Gəlin maşında oturub gözləyirdi. Damat gəlib onu toy evinə aparmalıymış. Gəlin... eləcə də mən boylana-boylana qalmışdıq. Damat gəlmirdi ki, gəlmirdi. Nəhayət, bəy, əlində çiçək dəstəsi, toy evindən çıxıb təmkinlə gəlin maşınına sarı gəldi. Amma hara? Qapılar qapalı. Hansı qapı havayı açılmış ki... əlin cibində olsun.

Damat əlini cibinə atdı, pəncərədən içəri şabaş yağdırdı. Ooo... özbəyin pulu qalaq-qalaq; 100 dollar - 778000 sum. Bəli, altı rəqəmli, əsil şabaş malı... Amma nə olsun, qapı açılmadı. Bəyin qardaşı gəldi, para yağdırdı, yenə açmadılar. Dostları tökülüşdü, açmadılar. Əmizadələr, dayızadələr... Məzhəkə kimi... Budu, handan-hana, öndə oturan xanımın ətəyi qalaqlandı, qapılar açıldı...

Nadirə dedi, ayaqlara fikir ver, damat gəlinin ayağını basmalıdı, bu, çox vacib məqamdı, olmazsa olmaz. Hətta çəkiliş olacaq ki, sonra söz-söhbət çıxmasın, qohum-əqrəba deməsin ki... Vay, anaam, dedi-qoduya bax.

Gəlin mirvari başmaqlı ayağını Tıq-Tıq xanım tərzi incə-incə yerə qoyan kimi damat qara parlaq ayaqqabısı ilə gəlinin bəyaza bürünmüş ayağına basdı. Amma... Hətta kənardan belə hiss ediləcək qədər ehmalca. Gəlin də sanki ayağını basılması üçün uzatmışdı, başqa iddiası yox kimi görünürdü, könüllü və məmnun idi. Beləcə, bəy gəlini arabadan alıb toy evinə aparır, qaraneylər gur-gur gurlayır...

Gəlin qapı ağzında qaynatasına, qayınlarına yarıya qədər əyilərək üç dəfə baş endirir. Yəni bundan belə böyüyüm sənsən, hər əmrinə müntzirəm.

Belə. Bu toy mənim üçün burada bitdi. Allah xoşbəxt eləsin! Yolçu yolda gərək. Axşam yeməyinə hələ vardı, o vaxta qədər şəhəri gəzib dolaşa bilərdik.

2.jpg (19 KB)

Əlbəttə, Daşkənd qədim şəhərdir. Tarixi bizim eradan çox əvvələ gedib çıxır, amma bu gün o tarix silinib gedib, yerində bildiyimiz tipik sovet paytaxtı qalıb. Geniş küçələr, çinarlar, akasiyalar, tıxacsız yollar, sadə insanlar...

Bu yazılarımda statistika dastanı açmayacam, amma iki kəlmə ilə deyim: Özbəkistan qızıl ehtiyatlarına görə dünyada 5-ci yeri tutur, 30-dan çox qızıl yatağında dörd min ton qızıl ehtiyatı var. İstər-istəməz sual doğulur; bu qızıl hara gedir? Çox boylandım, o vəzndə qızılın parıltısını heç yerdə görə bilmədim. Özbəyin bu sərvətdən payı olmadığı hər halından bəlli.
Daşkəndin o əski ehtişamından bir şey qalmamış -dedik. Məbədlər, mədrəsələr, məscidlər viran, qala divarları dağılmış, yerində yeni bir görüntü ortaya çıxmışdı.

Haşiyə: Qala divarları işğalçının sevmədiyi nəsnədir, viran qoyar, iz itirər, ən azı gizləyər. Gözünüzün önünə bizim Bakının qala divarlarını gətirin. Birinci qat dağılmış, ikinci qatın müəyyən hissəsi qalmış, müəyyən hissəsi gizlədilmişdir. Sual edin özünüzə, əcəba, milyonçu Nağıyevin, Tağıyevin binaları, Bakı qubernatorunun imarəti niyə qala divarlarının dibində tikildi? Niyə qalanın təməli qazıldı? Hələ dənizboyu qala divarını demirik. Niyə rus hökuməti bizim milyonçulara məhz bu yerdə inşaat etməyə izin verdi?

3.jpg (30 KB)

Çünki qala divarları dövlətçilik rəmzidir. Arxadır, dayaqdır, güvəndir, ürəyə təpərdir. Harada qala varsa, orada dövlətçiliyin tarixi, ənənəsi və mədəniyyəti var. Bir xalq öz dövlətçiliyinin tarixini bilərsə, özünə inamı olar. Özünə inamı olanın qüdrəti olar. Qüdrəti olanın müqaviməti olar.

Müqaviməti olana kimsə “mən sənə mədəniyyət gətirdim” deyə bilməz.

19-cu əsrin əvvəllərində Rusiya ekspansiyası, yüz il sonra, 20-ci əsrin əvvəllərində Rusiyanın bolşevizm adlı yeni istilası, nəhayət, təbii fəlakət - 1966-cı il zəlzələsi Daşkəndin mühüm tarixi yadigarlarını silib süpürmüşdür. Şəhərin köhnə məhləsində yalnız kiçik bir ərazi salamat qalıb. Bu, 16-cı əsrə aid Barakxon Mədrəsəsi, Kukeldaş mədrəsəsi, Kaffali Şaş mavzoleyi və bir sıra bu kimi qiymətli abidələrdir. Səma altında muzey deyirlər indi belə məkanlara. Sonra başkənd Daşkənddə şam yedik. Mantı, Narın, Beşbarmaq adlı bişmişlər. Görünürdü, özləri bu yeməklərə bayılırlar. Öncədən xəbərdarlıq etdim; beşbarmaq yeməyəcəm, Qırğızıstanda yemişəm, dadını bilirəm. Çox sağ olun, beşbarmaq... qətiyyən istəmirəm.

barok.jpg (439 KB)

Əslində onlara demədim, iki il əvvəl Bişkekdə yediyim beşbarmağın dadı ağzımda, iyi burnumdadı hələ, qətiyyən beşbarmaq istəmirdim. İsrar etdilər, yoox, bu beşbarmaq o beşbarmaqdan deyil - dedilər, qırğızlar onu at ətindən bişirirlər, iyi başqa cür olur. Bu, qoyun ətindəndi. Dedim at əti yemişəm Almatıda, xoşuma gəlib. Dedilər, bu beşbarmaqdan mütləq yeməlisən, bunu mütləq bəyənəcəksən.

Mütləqdirsə, mütləq olsun, nə deyirəm, necə deyiblər, qonaq ev yiyəsinin dəvəsidi, harda “xıx” elədi, orada çökməlidi. Tamam, yeyim. Qorxa-qorxa bir loxma aldım. Yox, pis deyilmiş, əmin olmaq üçün ikinci dəfə əl uzatdım, hətta yaxşı imiş. Tam arxayınlıq üçün üçüncü dəfə, vay-vay, nə ləzzətli imiş. Gördün? -dedilər.

4.jpg (56 KB)

Özbəklər qürur hissi ilə alışıb yanırdılar. Qeyzə gəlmişdilər; bu mantıdan da mütləq ye, dedilər. Mantının görkəmi xüsusi estetik idi. Ondan da yedim. Bir də Narın adlı incə bir bişmiş... qiymə ilə əriştənin qarışığı, amma çox nəfis. Nə isə... Yeriniz məlum, hərəsindən bir tikə... Nəfəsim kəsildi, dirəndim.

Nadirə durmadan piyaləmə yaşıl çay süzürdü. Çayı azca-azca süzmək hörmət və şəfqət əlaməti imiş. Kiçik piyalənin dibinə süzülmüş iki udumluq isti çay bir anda bütün yediklərimi yox edir, mədəmi rahatladırdı. Özbəklər yeməyi isti çayla yeyirlər. Bir loxmaya, bir qurtum. Məni otelə gətirdilər. Amma bu gec saatda və bu ağır yeməkdən sonra otel odasına sığa bilməzdim ki. Azı, bir saat yürüməliydim. Dedilər, özünlə pasport götür, küçədə saxlayıb yoxlaya bilərlər. Pasportumu alıb oteldən çıxdım.

Ah... nə gözəl! Havadan gül iyi gəlir. Akasiya çiçək açmış, gecəyə ətir saçmışdı. Sanki bir ölkənin baş kəndində deyil, dağların qoynunda, ya da gül-bağcadaydım. “Özbəkistan” otelinin önündəki park gənclər və yaşlılarla dolu idi. Özbəklər səs-küylü deyillər. Hər yerdə sakitlik hakimdi. Dörd bir tərəfdə polis - milis keşik çəkir. Olsun, asayiş bərkamal!

Bağın tən ortasında asayiş sahibi Uca Əmir at belində şahlanmışdı. Ona olan bağım, sayğım, heyranlığım çəkib gətirib məni buralara.

Böyük Əmir. Böyük Adam. Hərb və idarəetmə sənətinin ustadı. Dövlətini özü qurmuş, tüzüyünü (qanun) özü yazmış Kişi. Dönüb dolanıb tamaşasına dururam. Elmin, sənətin, təhsilin hamisi Əmir Teymur. Tacirlərin, sənətkarların, azad bazarın himayədarı. Bütün dinlərin, bütün cərəyanların yaşam haqqını tanıyan Böyük Əmirin başına dolanmaqda davam edirəm.

“Temir” “dəmir” deməkdir. Taleyin dəmirçi ocağında dağlanmış, odlanmış, döyülüb bərkimiş DƏMİR ADAM. Ağır məğlubiyyətlər dadmış, yenilmiş, aclıq, səfalət çəkmiş, sonunda qalib gəlmiş Temir. Döyüşlərdə yaralanmış, axsak, Temur Ləng, Topal Teymur, Tamerlan... Yaxşı müəllimlərdən dərs almış, elm-irfan sahibi Əmir Teymur.

Cahan hökmdarı oldu, hökmünə axan çaylar durdu, amma sonadək piri-mürşidi Seyid Bərkə ayağını qoyan yerə başını qoydu. Ona hər tərəfdən tamaşa edirəm. Onu hər yöndən görmək istəyirəm. Xalqa deyil, övladlarına və məmurlarına qarşı adı kimi dəmir intizam qurmuş dövlət adamı! Əmir Teymur Böyük Peyğəmbərimizin Türkə etdiyi vəsiyyətə ömrü boyu əməl etdi. Ey Türk! Əgər bu üç şərtə əməl edərsənsə hakimiyyət nəsilbənəsil əlində olacaq: ədalətlə hökm edəcəksən! Öc almayacaqsan! Aman diləyənə aman verəcəksən! Əcəba, Türklüyün itirilmiş hakimiyyətini bu sirdəmi aramaq lazımdır? 
Bu günüm burada, bu əfkar içində bitdi. Sabah sübhdən Səmərqəndə yollanıram. Əmirimin başkəndinə...

 

Mehriban Vəzir

Musavat.com

15:02