«Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…» (I, II və III yazı)

         
Faiq ƏLƏKBƏROV,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, 
fəlsəfə üzrə fəlsəfə doktoru

          

I yazı

SSRİ 20 ildən çoxdur bitib, ancaq sovet ideologiyasının şüurlarmızdakı qalıqları hələ də davam etməkdədir
 

        Bu ifadələrə SSRİ dövrünün ədəbiyyatında tez-tez rast gəlmək olardı. Yəqin ki, bunu yaşlı nəsil, yəni Sovet dövründə yaşayanlar yaxşı xatırlayırlar. Gənclər isə həmin dövrdə yazılmış bir neçə ideoloji kitabı oxusalar bunu, asanlıqla tapa bilərlər. Həmin kitablarda hər bir milli mütəfəkkirimiz, aydınımız SSRİ rəhbərləri və ideoloqlarının nəzərində müxtəlif məsələlərə görə satqınlıqda və xəyanətdə ittiham olunurdular. Onların arasında ən çox tənqid olunan isə Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə idi. Bu da səbəbsiz deyildi.

        Rəsulzadə ilk dövrlərdə (1904-1909-cui illərdə) Rusiya sosial-demokratları ilə (RSDFP) bir cəbhədə fəaliyyət göstərmiş, hətta SSRİ-nin gələcək rəhbəri Stalinlə yaxın münasibətləri olmuşdur (Yeri gəlmişkən, həmin dövrdə Rəsulzadənin Stalini çar Rusiyasının ölüm həbsxanasından qurtarması, 1920-ci ilin yayında eynilə Stalinin Rəsulzadəni Sovet Rusiyasının ölüm pəncəsindən xilas etməsi də hazırda milli ideoloqun əleyhinə çevrilmişdir. Bu məsələyə də yeri gəldikcə toxunacağıq). Ancaq sonralar Rəsulzadə rus sosial-demokratlarının əsl simalarını görmüş və onların güclü rəqiblərindən birinə çevrilmişdir. Rus sosial-demokratlar bunu Rəsulzadəyə bağışlaya bilmirdilər. Çünki Rəsulzadə milli-demokratik cəbhəyə (türkləşmək, islamlaşmaq və müasirləşmək) keçdikdən sonra rus sosial-demokratlarının əsl niyyətlərinin marksizmin nəzərdə tutuduğu kommunizm qurmaq deyil, çar Rusiyasının yerində yeni bir imperiya yaratmaq olduğunu açıq şəkildə yazılarında ifadə edirdi. Bu isə rus sosial-demokratlarının nəzərində xəyanət idi və onlar dəfələrlə Rəsulzadəni xəyanət etməkdə ittiham etmişlər. Bu hələ çar Rusiyası dövründə belə idi.
        Rəsulzadə və onun silahdaşlarının 1918-ci ilin mayın 28-də Azərbaycan Cümhuriyyətini qurması isə rus sosial-demokratlarının və onların əlaltılarının nəzərində onun «xəyanətkar» və «satqın» olmasının pik nöqtəsi idi. Düzdür, rus bolşevikləri və onun yerlərdəki əlaltıları Cümhuriyyəti dövründə bunu bir o qədər də açıq şəkildə ifadə edə bilmirdilər. Ancaq 1920-ci il aprelin 27-də Cümhuriyyətin devrilməsi ilə Rəsulzadə və onun məsləkdaşlarına münasibətdə daha radikal bir dönəm başladı. Doğrudur, ilk illərdə Stalinin Rəsulzadəyə qayğı göstərməsi, yəni həbsxanadan çıxardıb özü ilə Moskvaya aparması, bu kampaniyanın dərhal start götürməsinə əngəl oldu. Lakin milli ideoloqun SSRİ imperiyasının ərazisini tərk edərək Avropaya, ordan da Türkiyəyə getməsi ilə sovet ədəbiyyatında Rəsulzadənin «satqın» və «xəyanətkar» şəxsiyyət olması böyük çapda gündəmə gətirilmişdir. Çox təəssüflər olsun ki, bu kampaniyaya qoşunlar arasında Azərbaycan ziyalıları da var idi. Məsələn, Səməd Vurğun şeirlərində milli ideoloqu «Mürtəce Rəsulzadə» adlandırır, Azərbaycanda onun üçrəngli bayrağının deyil, Lenin oraq-çəkicli qırmızı bayrağının qalib gəlməsini fəxrlə yazırdı. eyni zamanda, Mir Cəfər Bağırov «xəyanətkar» Rəsulzadəni ifşa etmək üçün həm bir «çekist», həm də AKP MK-nın birinci katibi kimi əlindən gələni əsirgəməmişdir.

        «Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri» (1986) kitabında Rəsulzadə və onun məsləkdaşlarının həmin dövrdəki «xəyanətkar» mövqeyləri isə belə açıqlanırdı: «İnqilabın müvəqqəti cığırdaşlarından, burjua və xırda burjua ziyalıları içərisindən olan xainlər İ.Aşurbəyov, M.H.Hacınski, Q.İ.Qarabəyov, A.K.Kazımzadə, M.Ə.Rəsulzadə və başqaları inqilabi hərəkata qarşı mübarizəyə fəal surtədə qoşulub bolşeviklərə böhtan atır, panislamizmi təbliğ edirdilər. Onlar sonralar Azərbaycanda burjua-mülkədar millətçi əksinqlabın başçıları oldular».
        Maraqlıdır ki, SSRİ ədəbiyyatında pantürkist və panislamist mütəfəkkirlər kimi qələmə verilib sosialist dünyagörüşünə, fəhlə sinfinin inqilabi hərəkatına xəyanət etdiklərinə görə tənqid olunan Ağaoğlular, Rəsulzadələr, Topçubaşovlar, Hüseynzadələr və başqaları haqqında hazırda da, oxşar fikirlərə, mülahizələrə rast gəlmək mümkündür. Bizə elə gəlir ki, ciddi araşdırmalar aparılmadan, problemə kompleks şəkildə yanaşılmadan hazırda həmin mütəfəkkirlər barəsində təsadüfi, yersiz mülahizələrin səsləndirilməsi doğru deyildir. Xüsusilə, bəzi ədəbiyyatda həmin dövrün milli aydınlarına münasibətdə, elmi obyektivlikdən daha çox subyektiv yanaşmalara rast gəlirik. Ən acınacaqlısı odur ki, həmin dövrün ziddiyyətlərini aydınlaşdırmaq, bir çox mütəfəkkirlərin nədən təzadlı mövqelərdən çıxış etməsini aşkara çıxarmaq, mühitin mürəkkəbliyini nəzərə almaq əvəzinə, sovet ədəbiyyatının məzmununun bir qədər dəyişilməsi, yaxud da SSRİ müəlliflərinin irəli sürdüyü mülahizələrin doqmatik şəkildə qəbul edilməsi halları ilə qarşılaşırıq.
        Bu baxımdan Milli Azadlıq Hərəkatı uğrunda mübarizə aparanların çar Rusiyası və SSRİ ədəbiyyatında «millətçi», «pan­­türk­ist», «panislamist» kimi verilməsi təəccüblü olmasa da, hazırda, ciddi araşdırmalar aparılmadan sovet dövründə marksizmin qatı düşmənləri kimi qələmə verilən hə­min şəxsiyyətlərin, əsasən layiq olduqları yüksək mövqelərinin aşağı salınmasına cəhd, əvəzində yenidən marksist-leninçi ideoloqların yeri gəldi-gəlmədi, müdafiə olunması doğru deyildir.
        Xüsusilə, çağdaş nəsil ilə 20-ci əsrin əvvəllərində yaşamış nəsil (özəlliklə, həmin nəslin düşünən, aparıcıları) arasında SSRİ dövründə qırılmış bağları yenidən bərpa etmək lazım gəldiyi bir vaxtda, bir çox hallarda bunun əksini görmək çox dügündürücüdür. Belə ki, artıq yaşlı nəsil (SSRİ dövründə də yaşamışlar) deyil, gənclər arasında da Rəsulzadə, Ağaoğlu, Topçubaşov, Hüseynzadə, Xoyski və başqaları haqqında «satqın», «xəyanətkar», «panislamist», «İranpərəst», «Osmanlıpərəst», «Vətəni qoyub qaçanlar» və s. ifadələrə rast gəlmək olur. Məsələn, Rəsulzadəni və Xoyskini İrəvanı Ermənistana verməkdə, Ağaoğlunu Azərbaycanı vaxtilə Türkiyəyə birləşməkdə, Hüseynzadəni Azərbaycan dilini deyil, Türkiyə türkcəsini müdafiə etməkdə və s. ittiham edənlər vardır.

        Maraqlıdır ki, həmin nəsil arasında da ən çox ittiham olunan, SSRİ dövründə olduğu kimi, yenə də Rəsulzadəddir. Vaxtilə sovet ideoloqları onu sosial-demokrat əqidəsinə xəyanət edib Azərbaycan Cümhuriyyətini qurmaqda ittiham edirdilər. İndi isə elələri tapılır ki, birbaşa və dolayısıyla Rəsulzadəni İrəvanı ermənilərə verməkdə, Vətəni qoyub qaçmaqda (yəni Rəsulzadə hökmən qalıb ölməliydi), Stalinlə «dost» olmaqda, Hitler Almaniyası ilə münasibətlər qurmasına və sairə görə ittiham edirlər.
        Halbuki çağdaş nəsil ona Cümhuriyyət bəxş edən nəsli Rəsulzadə başda olmaqla, bir qəhrəmanlıq, şərəf örnəyi kimi görməlidir. Öz gələcəklərini işıqlı və davamlı etmək üçün həmin nəslin ideyalarını yaşatmağa borclu olmalıdırlar. Ən azı ona görə ki, qısa müddətdə həmin nəsil bir çox sahələrdə böyük uğurlara imza atmışlar. O uğurların təməlində və əsasında İslam və Türk dünyasında ilk demokratik cümhuriyyət olan Azərbaycan Cümhuriyyətinin mövcudluğu dayanır.
        Azərbaycan Cümuriyyətinin yaranmasında və milli-demokratik yönlü inkişaf strategiyasında isə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Abbasqulu Kazımzadə, Firidun bəy Köçərli, Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyli, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yuisif Cəfərov, Məhəmməd Əmin Rəsulzadə və başqaları mühüm rol oynamışlar. Rəsulzadənin təbrincə desək, bu nəsil bizə bunu miras qoymuşdur:

        «Ey gənclik!
        Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, on min müşkülatla ucaldaraq dedi ki:
        Bir kərə yüksələn bayraq bir da yenməz!
        Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzəriən dikəcək və bu yolda
        - Ya qazi və ya şəhid olacaqsan!».

        Rəsulzadə yox yerdən bir bayrağın ucaldılmasını deyərkən, heç də tariximizdə müstəqil dövlətlərin olmamasına, yaxud da əsrlər boyu ancaq əsarət altında yaşamağımıza işarə etməmişdir. Sadəcə, milli ideoloq onu ifadə etməyə çalışmışdır ki, artıq bir əsrə yaxındır çar Rusiyası Azərbaycan Türk millətinin azadlığını əlindən almış və milli bayraqdan məhrum etmişdir. Çar Rusiyası bunu edərkən isə Azərbaycan türklərinin vahid milli bayrağı olmamış və o, ayrı-ayrı xanlıqlar şəklində idarə olunmuşdur. Bu mənada, Azərbaycan türkləri 1918-ci ildə artıq parçlanmış bir millət deyil, vahid millət şəklində meydana çıxmış və vahid milli bayrağını qaldırmışdır.
        Yeri gəlmişkən, indi də bir çox ədəbiyyatlarda və hansısa bəzi tanınmış natiqlərin çıxışlarında Azərbaycan xalqının əsrlər boyu əsarət altında yaşıdığı fikri xüsusilə vurğulanır. Öncə, kökündən yanlış olan bu fikrin formalaşmasında SSRİ ideoloqlarının «əməyini» xatırlamaqda yarar vardır. Dahası, Azərbaycan türkləri əsrlər boyu nəinki əsarət altında yaşamış, əksinə bir çox yüz illər başqa millətləri milli imperiyalarında (İskitlər, Ağvanlar, Sacilər, Şirvanşahlar, Azərbaycan Atəbəyləri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b.) idarə etmişlər. Yəni Azərbaycan türklərinin öz yaratdıqları dövlət və imperiyalarda əsarət altında yaşamaları fikri qətiyyən doğru deyildir.
        Azərbaycan türklərinin qeyri-milli imperiyalara qarşı dözümsüzlüyü çar Rusiyası və Sovetlər Birliyi dönəmlərində də davam etmişdir. Türklər öz yaratdıqları imperiyalarda başqa millətlərin nümayəndələrinin ən yüksək səviyyədə təmsil olunmasında nə qədər tolerant-xoşgörü tərəfdarı olsalar da, ancaq onların olmayan imperiyalar da yaşamaqda isə bir o qədər dözümsüz olurlar. Buna ən bariz nümunə çar Rusiyasıdır ki, əsarət altında olan bir çox Türk ellərində, o cümlədən Qafqaz Azərbaycanında imperiyaya qarşı dəfələrlə üsyanlar-ayaqlanmalar olmuşdur.
        Bu mənada, 20-ci əsrin əvvəlləri Azərbaycan türklərinin tarixində həm yeni bir dönəm, həm də bir tərəqqi dövrüdür. Bu dövrdə yaşayan Azərbaycan türk aydınları 19-cu əsrin əvvəllərində 9 xanlığa (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ, Quba, Şamaxı, Bakı, Talış, Şəki), bir neçə sultanlığa parçalanmış və çar Rusiyası tərəfindən müstəmləkə halına gətirilmiş Şimali Azərbaycanı 20-ci əsrinə əvvəllərində bir vahid dövlətin tərkibində - Azərbaycan Cümhuriyyətində birləşdirdilər. Doğrudur, bu birləşmə tam şəkildə həyata keçirilmədi. Belə ki, müəyyən səbəblərə görə İrəvan xanlığı və onun paytaxtı ermənilərə güzəştə gedildi.
        İndi gələlim əsas məsələlərdən birinə, yəni Cümhuriyyət dövründə onun rəhbərləri tərəfindən nədən İrəvanın Ermənistana verilməsinə...

Mənbə: I yazı

29.10.2013
 

II yazı
SSRİ 20 ildən çoxdur bitib, ancaq sovet ideologiyasının şüurlarmızdakıqalıqları hələ də davam etməkdədir 

        İndi gələlim əsas məsələlərdən birinə, yəni İrəvanın Cümhuriyyət dövründə onun rəhbərləri tərəfindən nədən Ermənistana verilməsinə. Bir sözlə, «İrəvanın Ermənistana güzəştə gedilməsi» məsələsinə.
        Məlum olduğu kimi, hazırda Azərbaycan mətbuatında və müəyyən dairələrdə (hətta, parlament səviyyəsində) İrəvanın Ermənistana güzəştə gedilməsi ən azı böyük siyasi səhv, maksimum isə satqınlıq və xəyanət kimi izah olunur. Maraqlıdır ki, İrəvanın Ermənistana verilməsi məsələsində də ən çox ittiham olunan Məhəmməd Əmin Rəsulzadədir. Bu o Rəsulzadədir ki, nümayəndəsi olduğu nəslin yoxdan bayraq yaratdığını və min cür çətinliklə ucaltdığını bəyan etmişdir. Onu da demişdir ki, yeni nəsil onu yenidən ucaltmalı və qorulmalıdır. Ancaq Rəsulzadənin yeni nəsili timsalında olan bizlər arasında elələri tapılır ki, onun ucaltıdığı bayrağın altında yaşamağı qəbul etməklə yanaşı, onu bir neçə məsələyə görə, o cümlədən İrəvanın ermənilərə güzəştə gedilməsinə görə xəyanətdə və satqınlıqda ittiham edirik.
        Burada çox incə bir məqam var. Bu da ondan ibarətdir ki, Azərbaycan Milli Şurası yaranıb M.Ə.Rəsulzadə onun sədri seçildiyi (1918, 27 may), Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsi qəbul edildiyi (1928-ci il 28 may) və Milli Şura İrəvanı ermənilərə güzəştə gedildiyi (1918, 29 may) tarixlərdə Rəsulzadə faktiki olaraq Batum şəhərində olmuşdur. Belə ki, Rəsulzadə Məhəmməd Həsən Hacınski ilə birlikdə 1918-ci ilin mayın 11-dən iyunun 4-dək Osmanlı Türkiyəsi və Zaqafqaziya seymi nümaynədələri arasında keçirilən Batum konfransında iştirak etmişdir. Bunu çoxsaylı sənədlər və materiallar da təsdiq edir.
        Hətta, Batum konfransının sonunda (1918, 4 iyun) Azərbaycan və Türkiyə dövlətləri arasında ikitərəfli müqavilə bağlanmışdır. Müqaviləni Osmanlı hökuməti tərəfindən ədliyyə naziri və Dövlət Şurasının sədri Xəlil paşa Menteşe, Qafqaz Cəbhəsinin komandanı Mehmet Vehib Paşa, Azərbaycan Cümhuriyyəti tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri Məhəmməd Həsən Hacınski imzalamışlar. Məqsəd həmin dövrdə Azərbaycanın bir hissəsində ağalıq edən bolşevik-daşnak hökuməti - Bakı Xalq Komissarları Sovetini aradan qaldırmaq üçün Türkiyədən hərbi yardım almaq idi. Bu mənada, Rəsulzadə fiziki şəkildə nə İstiqlal Bəyannaməsinə imza ata bilmiş, nə də «İrəvanın ermənilərə güzəştə gedilməsi» iclasında iştirak etmişdir.
        Maraqlıdır ki, birinci faktdan, yəni İstiqlal Bəyannaməsində imzasının olmamasından çıxış edilərək Rəsulzadənin adı indi İçərişəhərdə ucaldılan İstiqlal Abidəsində öz əksini tapmamışdır. Halbuki Milli Şura adından İstiqlal Bəyannaməsinə imza atanlar onu həmin Ali Dövlət qurumunun başçısı seçmişdilər. Yəni bu fakt İstiqlal Abidəsini ucaldanlar üçün önəmli olmamışdır.
        Ancaq əvəzində çox diqqət çəkici başqa bir məqam vardır. Elə həmin Milli Şuranın yenə də Rəsulzadənin iştirak etmədiyi növbəti icasında (1918-ci il 29 may) İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı məsələni müzakirə etmişdir. Bu məsələnin müzakirəyə çıxarılmasına isə erməni Milli Şurasının nümayəndələri səbəb olmuşlar. Belə ki, həmin dövrdə Azərbaycan Milli Şurası kimi Tiflisdə fəaliyyət göstərən ermənilərin Milli Şurası müstəqilliklərini dünyaya bəyan etsələr də, Ermənistanın paytaxtını müəyyənləşdirə bilməmişlər. Düzdür, ermənilər əvvəlcə Gümrünü (Aleksandropolu) Ermənistanın paytaxtı kimi görürmüşlər. Ancaq həmin dövrdə Gümrü Türkiyənin nəzarəti altında olduğu üçün, bu mümkünsüz olmuşdur. Ona görə də ermənilər özlərinə yeni bir paytaxt kimi İrəvanı müəyyənləşdirmişlər.
        Bu barədə Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyasının 2-ci cildində (Bakı-2005) yazılır: «Zaqafqaziya seyminin dağılmasından sonra (1918, 26 may) erməni milli şurası Tiflisdə Ermənistan (Ararat) Respublikasının yaradıldığını elan etdi. 1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə etmişdir. Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir. Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər Ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində 28 şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır (protokolda belə göstərilmişdir). Beləliklə, Azərbacan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir».
        Qeyd edək ki, həmin gün (1918, 29 may) Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski xarici işlər naziri M.H.Hacınskiyə rus dilində ünvanladığı məktubunda İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı qismində yazırdı: «Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onalar güzəştə getdik» («Fətəli Xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar)», Bakı-1998).
        Yeri gəlmişkən, bütün bunlardan çıxış edilərək «İrəvanın ermənilərə güzəştə gedilməsi» məsələsində Rəsulzadə ilə yanaşı Fətəli Xan Xoyski də hədəf kimi götürülür. Çünki F.X.Xoyskinin baş nazir olduğu dövrdə, onun da razılığı və birbaşa iştirakı ilə İrəvan Ermənistana güzəşt gedilmişdir. Hətta, bu məsələni Milli Şurada Xoyski səsləndirmişdir. Çünki Xoyski bir tərəfdən Milli Şuranın İcraiyyə Komitəsinin sədri, digər tərəfdən Azərbaycan Cümhuriyyətinin baş naziri idi. Ermənilər də bu təkliflərini ilk növbədə, ona bildirmişdilər. Bu mənada, Xoyski bir növ məcburi olaraq Milli Şurada belə bir məruzə ilə çıxış etməyə məcbur olmuşdu.
        Eyni zamanda, «İrəvanın Ermənistana güzəştə gedilməsi» müəyyən şərtlər əsasında reallaşmışdır. Bu da ondan ibarət idi ki, İrəvan xanlığının və onun paytaxtının Ermənistana güzəşti müqabilində ermənilər Naxçıvan və Qarabağ iddialarından əl çəkməli, müharibəni dayandırmalı idilər. Ermənilərin bu iddialarından əl çəkməyəcəyi təqdirdə Azərbaycan Cümhuriyyəti tərəfindən «İrəvanın Ermənistana güzəştə gedilməsi» məsələsi qüvvədən düşəcəkdi. Hər halda, Xoyski Milli Şuranın həmin iclasında bunu, açıq şəkildə bəyan etmişdir. Bunu, o, Hacınskiyə yazdığı məktubunda da göstərmişdir. Yəni Xoyski ümid etmişdir ki, «İrəvanın Ermənistana güzəştə gedilməsi» ilə ermənilər digər iddialarından əl çəkəcək və müharibəyə son qoyacaqlar. Görünür, təkcə Xoyski deyil, «İrəvanın Ermənistana güzəştə gedilməsi»nin lehinə səs verən 16 Milli Şura üzvü də belə hesab emişdir.
        Bizə elə gəlir ki, hazırda «İrəvanın Ermənistana güzəştə gedilməsi» məsələsində Xoyski və digər Milli Şura üzvülərinin adlarının hallanmasınını «günahkar»ı da Rəsulzadədir. Çünki Rəsulzadənin «satqın» və «xəyanətkar» olmasına çalışanlar, bu zaman məcbur olaraq Xoyski və digərlərini də ittiham etməyə məcbur olurlar. Çünki tarixi faktlar Rəsulzadənin lehinə işləyir. Belə olduğu təqdirdə həmin məsələdə işitirak edənləri ittiham etməklə dolaysıyla Rəsulzadəni də hədəf almış olurlar.
        Hər halda, bu bir gerçəklikdir ki, Rəsulzadə İstiqlal Bəyannaməsinə imza ata bilmədiyinə görə adı İstiqlal Abidəsinə düşmədiyi halda, ancaq İrəvanın ermənilərə güzəştə gedilməsi məsələsində əsas günahkar, bu ittihamı irəli sürənlərin dili ilə desək «satqın», «xəyanətkar» rolunda görülür. Yəni müxtəlif variantlarla, qondarma «dəlillərlə» əsaslandırılmağa çalışılır ki, Rəsulzadənin «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə hansısa böyük rolu, bu alınmayanda isə ən azı ümumi şəkildə payı olmuşdur.
        Sözün açığı, ilk baxışdan anlaşılmır ki, niyə ən çox Rəsulzadə hədəf alınır. Əgər bu məsələdə səhvə yol verilmişdisə, bu və ya digər şəkildə Milli Şuranın, Azərbaycan Cümhuriyyətinin ilk Nazirlər Sovetinin bütün üzvləri məsuliyyət daşıyırlar. Şübhəsiz, ilk növbədə də Milli Şuranın həmin iclasında (1918, 29 may) iştirak etmiş və bu qərarın lehinə səs vermiş üzvləri. Bu mənada, Rəsulzadə və onun kimi həmin iclasda iştirak etməyən Milli Şura üzvləri onlardan sonra, müəyyən mənada günahkar qismində çıxış edə bilərlər.
        Halbuki Rəsulzadə Milli Şuranın sonrakı iclaslarında «İrəvanın Ermənistana güzəştə gedilməsi»nin əleyhinə çıxış etmişdir. Yəni Milli Şuranın həmin qərarını pisləmiş və buna etiraz etmişdir. Yeri gəlmişkən, eyni addımı Milli Şuranın İrəvandan olan 3 üzvü də atmışdır. Deməli, əgər indi kimlərsə «satqın» və «xəyanətkar» tapmaq istəyirlərsə, istənilən halda Rəsulzadəni əsas günahkar kimi ittiham etmək mümkün deyildir.
        Fikrimizcə, bunu, yəni «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə Rəsulzadəni əsas günahkar rolunda ittiham edənlər və təbliğ edənlər də yaxşı anlayırlar. Başqa sözlə, burada məqsəd «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə Rəsulzadənin əsas rol oynamasını sübut etməkdən daha çox cəmiyyət daxilində, xüsusilə gənclər arasında onun haqqında mənfi rəy, mənfi imic yaratmaqdır.
        Çünki bir çox hallarda kütlə, o cümlədən gənclər məsələnin əsas mahiyyətinə deyil, ümumi mənzərəyə nəzər salırlar. Ümumi mənzərə də ondan ibarətdir ki, məhz Azərbaycan Cümhuriyyəti dövründə və onun rəhbərləri tərəfindən İrəvan ermənilərə güzəştə gedilmişdir. Üstəlik nəzərə alsaq ki, Rəsulzadə həmin Cümhuriyyətin lideri hesab olunur, artıq əsas günahkar rolunda onun göstərilməsi heç də mənasız görünmür. Yəni bu müddəanı ortaya atanlar demək istəyirlər ki, Azərbaycan Cümhuriyyətinin lideri, dövlət başçısı, qurucusu və ideoloqu Rəsulzadə olmuşdusa, baxın onun dövlət başçısı olduğu dövrdə İrəvan ermənilərə verilmişdir. Müxtəlif yerlərdə, müxtəlif situasiyalarda müxtəlif adamların dilindən eyni kəlmələri dəfələrlə eşidən bəzi gənclər də artıq şübhə etmirlər ki, İrəvanı ermənilərə məhz Rəsulzadə vermişdir.
        Burada maraqlı məqam odur ki, özəlliklə də gənclərə bu fikirlər harada və kimlər tərəfindən çatdırılır!? Yəni Rəsulzadənin «İrəvanın ermənilərə verməsi», «Vətəni qoyub qaçması», «Faşistlərlə danışıqlar aparması», «Stalinin ən yaxın dostu olması» və s. məlumatları gənclərimiz haradan və kimlərdən alırlar!? Yəni doğrudanmı orta və ali məktəb dərsliklərində, yaxud da ayrı-ayrı ədəbiyyatlarda həmin məsələlər bu şəkildə qoyulur? Bəlkə bunun üçün gənclər arasında ayrıca, xüsusi kurslar təşkil edilib? Ümumiyyətlə, niyə gənclər arasında Azərbaycan Cümhuriyyəti liderlərindən daha çox Rəsulzadə haqqında mənfi rəy formalaşdırılır? Fikrimizcə, bütün bu sualların da uyğun cavabı vardır.
        Bunun üçün, növbəti bir məsələyə - «Vətəni qoyub qaçanlar» məsələsinə də aydınlıq gətirmək istərdik.

Mənbə: II yazı
31.10.2013

 

III yazı
SSRİ 20 ildən çoxdur bitib, ancaq sovet ideologiyasının şüurlarmızdakı qalıqları hələ də davam etməkdədir

        Bu yazımızda SSRİ dövründə mühacirət yaşamağa məcbur olmuş bir sıra tanınmış şəxsiyyətlərimizin, özəlliklə də Məhəmməd Əmin Rəsulzadənin «Vətəni qoyub qaçanlar» kimi ittiham olunması məsələsinə aydınlıq gətirməyə çalışacağıq. Bu ittihamı irəli sürənlər arasında həm yaşlı nəslin, həm də gənc nəslin nümayəndələri vardır. Belə ki, Azərbaycan Cümhuriyyətindən, onun liderlərindən, o cümlədən M.Ə.Rəzulzadə­dən söz düşəndə və onların gördükləri böyük milli əməllərdən bəhs olunan zaman bəziləri bir sıra ittihamlarla yanaşı, «Vətəni qoyub qaçıb» məsələsini xüsusilə qabardırlar.
        Bu cür düşünənlərin fikrincə, xüsusilə Rəsulzadə 1920-ci il 27 aprel işğalından sonra Azərbaycanı heç bir şəkildə tərk etməməliydi. Bir sözlə, Rəsulzadə ölümü bahasına olsa belə Vətəndə qalmağa razı olmalıydı, nəinki çıxıb getməyə. Əgər o, Vətəndən sağ olaraq gedib xaricdə yaşayıbsa, deməli ən azı günahkardır. Hətta, bəziləri də tapılır ki, bu məsələlərin əsil mahiyyətini bilmədən deyirlər ki, məsələn filankəslər Vətəni tərk edib heç hara getmədilər, ancaq Rəsulzadə və başqaları xaricə mühacirət etdilər.
        Bizə elə gəlir ki, burada bir neçə aydınlıq gətirilməsi vacib məsələ var. Onlardan biri Rəsulzadənin Azərbaycandan hansı şəkildə ayrılmasıdır. Belə ki, Rəsulzadə Sovet Rusiyasının 11-ci Qızıl Ordusunın Azərbaycanı işğal etməyə başladığı tarixlərdə, yəni 27 aprel işğalından bir az sonra sonra Bakını gizli şəkildə tərk edərək xaricə yox, İsmayıllıya-Lahıca üz tutmuşdur. Bir neçə ay Lahıcda yaşayan Rəsulzadə sonra Rusiya bolşevikləri tərəfindən yaxalanaraq Bakıya gətirilmiş və həbsxanya salınmışdır.
        Rəsulzadə «Bir türk miliyyətçisinin Stalinlə ixtilal xatirələri» əsərində bu hadisəni belə anladır: «Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləşdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı Cümhuriyyəti ünvanı mühafizə edilirdisə, işdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır, liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqalədə ixtilal məhkəməsi mənasına gələn «Çrezvıçayka» cəza makinəsi (maşını) durmadan çalışır, gözdə bulunan bütün münəvvərlər (aydınlar) biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmadı.
        Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə gizlənmişdik. Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf edilmiş, yaxalanaraq Bakıya geri gətirilmiş və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin fövqalədə işlər şöbəsi olan «Osobı otdel»ə təslim edilmişdik».
        Fikrimizcə, Rəsulzadənin bir çox Azərbaycan Cümhuriyyəti liderlərindən (Nəsib bəy Yusifbəyli və b.) və başqa tanınmış ziyalılardan (Firidun bəy Köçərli və b.) fərqli olaraq rus bolşevikləri tərəfindən yaxalanan zaman dərhal öldürülməməsində bir neçə amil mühüm rol oynamışdır. Bu amillər arasında ən önəmlisi Rəsulzadənin Azərbaycan xalqı arasında ən yüksək nüfuz sahibi olması idi. Hər halda, Sovet Rusiyasının Azərbaycandakı ağaları (S.M.Kirov, S.Orconikidze, Pankratov və b.) yaxşı başa düşürdülər ki, Rəsulzadə ilə bağlı radikal addımın atılması xalq arasında onlara qarşı ciddi narazlıq yaradacaqdır. Bu baxımdan, məhz Azərbaycan xalqının etibarını itirməmək və siyasi böhrana yol verməmək üçün Rəsulzadəyə toxunulmamışdır. Hətta, Rəsulzadə yaxalanaraq Bakıya gətiridikdən sonra hər şeyin qaydasında olduğunu xalqa çatdırmaq üçün, «Kommunist» qəzetində Azərbaycan Sovet hökumətinin sədri Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi məlumat da dərc olunmuşdur: «Məhəmməd Əmin Rəsulzadənin vilayətlərdə hər cür təhlükdən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik».
        Eyni zamanda, vaxtilə İranda yaxın dostluq münasibətləri yaranmış tanınmış inqilabçılardan Heydər Əmioğlunun Rəsulzadəni açıq şəkildə müdafiə etməsi də, bu məsələdə az rol oynamamışdır. Belə ki, H.Əmioğlu Rəsulzadənin həbsi ilə bağlı başda Sovet Azərbaycanın rəhbəri Nəriman Nərimanov olmaqla bir sıra nufuzlu şəxslərə baş vuraraq, «Məhəmməd Əminin başından bir tük belə əskik olmamalıdır!» - demişdir. Ona görə də, istər Moskvanın Azərbaycandakı nümayəndələri, istərsə də Sovet Azərbaycanının rəhbərləri Rəsulzadə məsələsində ehtiyatlı davranmağı və Mərkəzdən gələn əmr əsasında hərəkət etməyə üstünlük vermişlər.
        Həmin dövrdə Rəsulzadənin toxunulmazlığında önəmli amillərdən biri də Stalinlə bağlı olmuşdur. Tanınmış tarixçi Mövsüm Əliyev bu haqda yazır ki, 1920-ci il aprel hadisələrindən sonra Rəsulzadə Lahıcda həbsə alındı: «Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-in Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla, İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi». Bu məlumatdan da bəlli olur ki, Rəsulzadənin toxunulmazlığında əsas rolu Azərbaycan xalqı oynamışdır. Çünki Stalin Rəsulzadənin həbsi xəbərini bir müddət sonra öyrənmiş və həmin məsələyə müdaxilə etmişdir.
        Yeri gəlmişkən, kimlərsə Stalinin Rəsulzadəni xilasından ağızdolusu danışıdıqları halda, nədənsə eynisini Stalinə etmiş Rəsulzadənin bu əməlini ya «unudurdar», ya da ötəri şəkildə toxunurlar. Halbuki Rəsulzadənin həyatının o zamanlar xilası mümkün olduğu halda, Stalin üçün belə bir şans ümumiyyətlə qalmamışdır. Əlbəttə, əgər Rəsulzadə olmasaydı…
        Bütün hallarda Rəsulzadənin toxunulmazlığının sonrakı mərhələsində Stalin də mühüm rol oynamışdır. Bunu, Rəsulzadə xatirlərində də açıq şəkildə ifadə etmişdir. Çünki Stalin Bakıda həbsxanada görüşərkən Rəsulzadəyə bildirmişdir ki, yerli kommunistlər onun haqqında iki rəydədirlər: Rəsulzadə ya öldürülməli, ya da ömürlük həbs edilməlidir. Stalin isə təklif edir ki, onunla Moskvaya getsin, çünki burada qalarsa bəhanə edib onu yenə də öldürə bilərlər.
        Bütün bunları yazmaqda məqsədimiz odur ki, Rəsulzadə Vətəni qoyub heç hara qaçmamışdır. O, şəxsi iradəsi ilə öncə Lahıca getmiş və orada bir müddət gizli şəkildə yaşamış, ancaq burada yaxalanaraq Bakıya gətirilmişdir. Daha sonra Stalinin açıq şəkildə ifadə etdiyi kimi Rəsulzadə ya Azərbaycanda qalıb ölməli, ya da bir ümid işartısı olaraq Moskvaya getməyə razı olub hansısa bir yolla bolşeviklərdən qurtularaq milli mücadiləni davam etdirməli idi. Ona görə də Rəsulzadə ikinci yolu seçdi və bununla da xalqı qarşısında böyük fədakarlıq etdi.
        Çünki Rəsulzadə ikinci yolu seçməklə öz həyatını deyil, Azərbaycanı və onun milli varlığını yaşatmış oldu. Ancaq əvəzində o, bütün ailəsini Vətən və Millət uğrunda qurban verdi. Oğlu Rəsul güllələndi, yerdə qalan ailə üzvüləri və əksər qohumları Qazaxıstana sürgün edildi. Sürgündə M.Ə.Rəsulzadənin analığı, həyat yoldaşı vəfat etdi. Bir qızı Lətifə soyuqdan donub öldüyü halda, digər qızı Xalidə isə Bakıya qayıtdıqdan sonra itkin düşdü. Halbuki Rəsulzadə Stalinin Moskvada ona etdiyi təkliflərlə razılaşsaydı, bəlkə də başına bu qədər faciələr gəlməz, «Vətəni qoyub qaçıb» və sair bunu kimi ittihamlara məruz qalmazdı.
        Bütün bunlarla yanaşı, onu da xatırladaq ki, 1920-ci il 27 aprel işğalından sonra rus bolşeviklərin əlinə keçməməkdən ötrü Azərbaycan Cümhuriyyətinin liderlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və başqaları da Vətəni tərk etməyə məcbur olmuşlar. Onlardan Nəsib bəy Kürdəmir, yaxud da Gürcüstan sərhədləri yaxınlığında, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev isə Gürcüstanda-Tiflisdə şəhid edilmişlər. Yəni bu insanlardan heç biri könüllü şəkildə və öz xoşbəxtlikləri üçün Vətəni tərk etməmiş, yaxud da gizli şəkildə yaşamağa çalışmamışlar. Sadəcə, Millət və Vətən uğrunda mücadilə aparmaq üçün istər Azərbaycanın daixilində, istərsə də onun xaricində mücadilə və mübarizə etmiş, bu yolda şahid olmuşlar.
        Hətta, 27 aprel işğalından sonra Azərbaycanda bir neçə il gizli şəkildə bolşevikərə qarşı mübarizə aparanlar da (Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara və başqaları) çıxılmaz vəziyyətdə qaldıqda Vətəni tərk etməyə məcbur olmuşlar…
        Eyni zamanda, 27 aprel işğalından öncə müxtəlif səbəblərə görə xarici ölkələrdə olan bir çox tannımış şəxsiyyətlərimiz (Əlimərdan Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və b.) var ki, məhz Azərbaycanın zorla sovetləşməsindən dolayı bir daha Vətənə qayıtmamışlar. Məsələn, onlardan ən bariz nümunə Əhməd Ağaoğludur. Hələ, Cümhuriyyət dövründə 1919-cu ildə Türkiyədə olarkən ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün edilən Ağaoğlu sürgündən sonra iki yol ayrıcında: 1) Azərbaycana qayıtmaq və Sovet Azərbaycanı uğrunda mübarizə aparmaq; 2) Türkiyəyə üz tutmaq və Atatürkün Türkiyəsi uğrunda çalışmaq qalmışdır. İtaliyadan Sovet Azərbaycanının başçısı N.Nəriman­ova göndərdiyi ilk məktubun­da Ağaoğlu yazırdı ki, Vətənə qayıtmaq və onlarla bir yerdə sosializm quruluşu uğrunda mübarizə aparmaq istəyir.
        N.Nərimanovun onun bu istəyinə müsbət cavab verməsinə baxmayaraq, az sonra Ə.Ağaoğlu bu fikrindən daşınmışdır. O, N.Nərimanova yazdığı ikinci məktubunda Azərbaycana qayıtmamasına üç səbəb: 1) bolşeviklərlə həmfikir olmamasını; 2) türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə qalmasını; 3) onu əsarətdən qurtaran Ankaraya (Atatürkə) namus borcunun olmasını göstərmişdir. Bu səbəblər arasında türklüyə xidməti özünün ali vəzifəsi hesab edən Ə.Ağaoğlunun fikrincə, türklük bölünməyi qəbul etməyən tamdır. Ancaq fikrimizcə, burada əsas rolu heç də türklüyə, türkçülüyə xidmət istəyi oynamamışdır. Çünki türkçülüyə xidmət, özünün də dediyi hissələrə ayrılmayan bir tamdır; istər Azərbaycanda, istər Türkiyədə, istərsə də Türküstanda olsun. Deməli, Ağaoğlunun çox qısa bir zamanda fikrindən daşınmasında başqa amillər: 1) bolşevizmin əsas mahiyyəti haqqında bilgilərinin artma­sı; 2) vətənində baş verənlər haqqında dəqiq məlumatlar əldə etməsi; 3) vətənində onu hansı aqibətlərin gözləməsi mühüm rol oynamışdır.

Mənbə: III yazı
05.11.2013

Xudaferin.eu

 

 

11:47