Vəkil: “Şəhərdə aksiyalar keçirilməsi qanunidir”

 

Paytaxtın mərkəzində çoxdan etiraz aksiyaları olmayıb. Hakimiyyətlə razılaşdırılmamış son aksiyalar 2013-cü ildə kütləvi əsgər ölümlərinə qarşı etiraz olaraq keçirilib. Bundan sonra müxalifət "Məhsul" stadionunda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş aksiyalar keçirməyə üstünlük verib. Amma bu günlərdə AXCP-nin 40-a yaxın üzvündən ibarət bir qrup Ədliyyə Nazirliyinin binası qarşısında dinc aksiya keçirməyə cəhd edib.
 

Etirazçılar bir neçə ay əvvəl həbs edilmiş AXCP sədr müavini Gözəl Bayramlıya zəruri dərmanların verilməsini tələb ediblər. Aksiya cəmi bir neçə dəqiqə çəkib və polis əməkdaşları tərəfindən amansızca dağıdılıb: plakatlar cırılıb, iştirakçılar isə saxlanılıb, onların bəziləri döyülüb və polis bölməsinə aparılıb. Doğrudur, yolda onların əksəriyyətini sərbəst buraxıblar. Amma sonradan saxlanılanlar hüquqlarının pozulduğunu və məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildiriblər. Azərbaycanda bu cür aksiyalar çox vaxt saxlanma və polisə müqavimətə görə inzibati həbslərlə başa çatır. Dinc piket keçirilməsi üçün müvafiq orqanların icazəsinə ehtiyac varmı və polisin əməlləri nə dərəcədə qanunidir? Aksiyada polis sizi saxlasa nə etməlisiniz?

Bu sualları cavablandıran vəkil Əsabəli Mustafayev bildirib ki, qanunvericiliyə əsasən, dinc etiraz aksiyası keçirmək üçün icazə tələb olunmur: "Amma əvvəlcədən İcra hakimiyyəti orqanlarına aksiya keçirmək niyyəti barədə məlumat verilməlidir. Bundan sonra xüsusi icazə tələb olunmur, çünki hər bir insanın mitinq keçirmək hüququ var. Digər tərəfdən, demokratik cəmiyyət üçün mitinq keçirilməsinin qarşısının alınmasının nə dərəcədə əhəmiyyətli olduğunu təhlil etmək lazımdır. Bu, Avropa Məhkəməsi tərəfindən yoxlanılır: mitinqin dağıdılması qanuni idimi, demokratik cəmiyyət üçün o, nə dərəcədə əhəmiyyətlidir? Avropa Konvensiyasında qeyd edilir ki, mitinq dinc idisə, hətta onun keçiriləcəyi haqqında məlumat verilməyibsə belə, onu dağıtmağa ehtiyac yoxdur. Çünki mitinq keçirilməsinin qarşısının alınması iki fundamental insan hüququnu - toplaşmaq azadlığı hüququnu və ifadə azadlığı hüququnu pozur".

Vəkil həmçinin yerli məhkəmələrin və Avropa Məhkəməsinin mitinqlərin dağıdılması ilə bağlı qərarlarından danışıb: "Yerli məhkəmələr həmişə polisin xeyrinə qərar qəbul edir. Amma Avropa Məhkəməsi adətən bu cür işləri insan hüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycanda son illər bir çox mitinqlər keçirilib, çox sayda insan saxlanılıb. Bununla əlaqədar biz Avropa Məhkəməsinə şikayətlər göndərmişik, AM mitinqin razılaşdırılmamış olmasına baxmayaraq, onun dağıdılmasının qeyri-adekvat olduğunu əks etdirən onlarla qərar qəbul edib", deyə Ə.Mustafayev bildirib.

Hüquqşünas Samirə Ağayeva aksiya zamanı saxlanıldıqda necə davranmaq lazım olduğu barədə danışıb. Onun sözlərinə görə, ilk növbədə polis əməkdaşının özünü təqdim etməsini və saxlanılma səbəbini izah etməsini tələb etmək lazımdır: "Saxlanma zamanı qeyri-adekvat fiziki güc tətbiq edilə bilməz. Vətəndaş da polis əməkdaşına qarşı fiziki güc tətbiq etməməlidir. Ciddi şübhələr olduğu təqdirdə vətəndaşı şöbədə 3 saat saxlaya bilərlər, bu müddət bitdikdən sonra onu ya azad etməli, ya da ittiham irəli sürməlidirlər".

Ağayeva həmçinin saxlanılan şəxsin hansı hüquqlara malik olduğunu açıqlayıb: "Saxlanma zamanı polis əməkdaşı vətəndaşa onun hüquqlarını, vəkil xidmətindən istifadə və susmaq hüququ olduğunu izah etməlidir. Bundan başqa, polis iki hal şahidinin iştirakı ilə saxlanma haqqında protokol tərtib etməlidir. Saxlanılan şəxs yalnız vəkilin iştirakı ilə ifadə verməlidir, vəkil isə, öz növbəsində, müvəkkilinə qarşı fiziki güc tətbiq edilibsə, ekspertiza keçirilməsi haqqında vəsatət verməlidir. Saxlanma zamanı və şöbədə fiziki güc, işgəncə tətbiq edilməsi qəbuledilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin 3-cü maddəsinə ziddir. Güc tətbiq edən polis məsuliyyətə cəlb edilməlidir".

TURAN IA

23:10