Vahid Məhərrəmov: “Ərzaq mallarının qiymətində ciddi bahalaşma gözlənilir”

 

 

“Tarif Şurası hesab edir ki, benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək. Belə əsaslandırırlar ki, Aİ-92 markalı benzindən kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunmur, çünki texnika dizel yanacağı ilə işləyir. Buna görə də, bu markalı benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının istehsalına və onların qiymətlərinə heç cür təsir etməməlidir. Bunların dediyindən belə çıxır ki, fermer ona lazım olan istehsal vasitələrini öz anbarına və oradan da əkin sahələrinə, daha sonra əldə etdiyi məhsulu qəsəbə, rayon, şəhər bazarlarına “Kamaz”-larla daşıyır”. Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

 

“Fermerin sahəyə minik maşını ilə deyil, “Kamaz”la və yaxud da traktorla getməsini təsəvvür edə bilərsinizmi?”

“Təsəvvür edin ki, kəndli, fermer 5-6 hektar sahə üçün lazım olan 1 ton taxıl toxumunu “QAZEl” maşını ilə deyil, “Kamaz”-la daşıyır. Və yaxud “Aqrolizinq”dən əldə etdiyi 300-400 kiloqram gübrəni, 15-20 kiloqram çəkisi olan pestisidi əvvəl anbarına, daha sonra isə əkin sahəsinə “Qazel”lə, minik maşını ilə deyil, dizel yanacağı ilə işləyən “Kamaz”la daşıyır. Kənddə yaşayan, kənd təsərüfatında çalışan adamlar bunu təsəvvürlərinə gətirə bilərlərmi? Təsərrüfata, fermaya baş çəkmək, əkin, səpin, ağacların budanması, formalaşdırılması, suvarma işlərini, zərərvericilərə qarşı mübarizə tədbirlərini təşkil etmək üçün mütəxəssisləri, bağbanları, adi işçiləri sahəya aparmaq, yetişmiş məhsulu sahədə mühavizə etmək üçün fermerin sahəyə minik maşını ilə deyil, dizel yanacağı ilə işləyən “Kamaz”la və yaxud da traktorla getməsini təsəvvür edə bilərsinizmi?”, - deyə ekspert sual edir.

 

“Benzinin 28,5 faiz bahalaşması öz növbəsində kənd təsərrüfatı məhsullarının istehsal xərcini artırır”

Məhərrəmovun fikrincə, fermer bu kimi işlərdə “Kamaz”lardan istifadə edərsə, onun xərci gəlirindən 2 dəfə çox olar: “Bunlar bilmir ki, məhsulun bazarlara daşınmasında da əsasən minik maşınlarından, “Qazel” tipli yüngül yük maşınlarından istifadə olunur, bu texnikalar da benzinlə işləyir. Azərbaycan şəraitində 10-20 tonluq maşınlarının yükünü formalaşdırmaq üçün minik və “Qazel” maşınlarından daha çox istifadə olunur. Əkin sahələrindən, istixanalardan, bağlardan yığılan mal benzinlə işləyən maşınlar vasitəsi ilə yük maşınlarına qədər daşınır. Fərdi təsərrüfatlarda istehsal olunan süd də emal müəsisələrinə benzinlə işləyən texnika ilə daşınır. Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan sahibkarların, fermerlərin istifadə etdiyi maşınlar, avtomobillər əsasən benzinlə işləyir. Topdansatış bazarlarından pərakəndə satış obyektlərinə, mağazalara, marketlərə mal, məhsul əsasən benzinlə işləyən “Qazel”lə və minik maşınları ilə daşınır. Benzinin 28,5 faiz bahalaşması öz növbəsində kənd təsərrüfatı məhsullarının istehsal xərcini artırır. Ona görə də yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətlərində ciddi bahalaşma gözlənilir”.

Şamo,
Hurriyyet.org

 

09:32