Səsi və özü Azərbaycana doğma olan Mirzə Xəzər vəfat edib

"Azadlıq" radiosu Azərbaycan redaksiyasının müdiri vəzifəsini icra edən Mikayılov Mirzə Kərim Oğlu (Mirzə Xəzər) yanvarın 31-də Almaniyada vəfat edib. Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə və "Xudafərin" jurnalının kollektivi Mirzə Xəzərin vəfatından kədərləndiklərini bildirir və onun yaxınlarına başsağlığı verir.

Elman Mustafazadə Xudafərin.eu-ya bunları bildirmişdir. Sitat: "Azərbaycan Onun simasinda Milli Azadlıq Hərəkatımızın simvolunu, mən isə 30 illik qürbət həyatımda doğma qardaşım qədər əzizim, həmişə müəllimim, yolgöstərənim, ən çətin günlərimdə arxam, dayağım, ümid yerim, BÖYUK AZƏRBAYCANın BÖYÜK OĞLU MIRZƏ XƏZƏRi itirmişik". 

Mirzə Xəzər 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ilin avqust ayında "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə "Azadlıq" radiosu Azərbaycan redaksiyasının redaktor müavini vəzifəsində çalışıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda "Amerikanın Səsi" radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb.

1987-ci ilin fevral ayında yenidən Almaniyaya qayıdıb, "Azadlıq" radiosu Azərbaycan redaksiyasının müdiri vəzifəsini icra edib. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib. Bu illər ərzində müxtəlif ölkələrdə dil və peşə üzrə təhsil məktəblərində oxuyub. 1975-ci ildə İsraildə Təl-Əviv universitetinin SSRİ-dən gəlmiş hüquqşünaslar üçün açılan xüsusi kurslarında, 1979-cu ildə Nyu-York şəhərinin Hüntər kollecində, 1981-ci ildə Böyuk Britaniyanın Folqston şəhərində xüsusi ingilis dili məktəbində, 1986-cı ildə Vaşinqtonda menecerlər üçün ixtisas artırma kurslarında, 1989-cu ildə isə Boston Universitetində Münhen filialının təşkil etdiyi menecerlik kurslarında oxuyub.

Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb.

70-ci illərin sonu 80-cı illərin əvvəllərində Mirzə Xəzər İsveçin Stokholm şəhərində Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı (Əhdi Ətiq və Əhdi Cədidi) bütövlükdə müasir Azərbaycan dilinə tərcümə edib. Mirzə Xəzərin tərcümə etdiyi Əhdi-Cədid (İncil) ilk dəfə 1983-cü ildə Xorvatiyada, ümumən isə beş dəfə nəşr edilib. Mirzə Xəzərin tərcüməsində Əhdi-Ətiq (Tövrat) nəşr edilməyib.

O, "Mirzə Xəzərin Səsi" Radiosunun rəhbəri olub. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990-cı il yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zaman canlı yayımda "Azadlıq" radiosunun efirindən baş verənlər barədə məlumatı çatdırması və bu hadisələri Rusiyanın Azərbaycanı istilası adlandırması olub.

Ruhun şad olsun, Mirzə!

Allah rəhmət eləsin!

21:58