"Sahil” stansiyası, avtovağzal, indi də “İnşaatçılar”: Daha bir çökmə təhlükəsi

 

Bakıda, Yasamal rayonu Şərifzadə küçəsində, “İnşaatçılar” metrostansiyasının üzərində iri yaşayış kompleksi tikiləcək. Tikilinin özəlliyi ondadır ki, metrodan çıxış birbaşa binaya olacaq.

 

Qeyd edək ki, “Sharifzada Residence” adı verilmiş yaşayış kompleksi Bakıdakı çoxsaylı pilot layihələrdən biridir. 20 aya başa çatdırılacaq bina 288 mənzildən ibarət olacaq. Binanın ilk 3 mərtəbəsi ticarət obyektləri üçün nəzərdə tutulur. Bir müddət öncə “Sahil” metrostansiyasının üzərində hündürmərtəbəli yaşayış binası tikilmiş və bu, tanınmış memarların, tikinti üzrə mütəxəssislərin narazılığına səbəb olmuşdu. Onlar binanın çökmə təhlükəsi ilə bağlı xəbərdarlıq edirdilər. Yenə eskpertlər həyəcan siqnalı çalır, cavabdeh qurumlar isə metronun üstündə inşa edilən hündürmərtəbəli tikilinin hər hansı təhlükə yaratmayacağını bildirirdilər. Amma fakt faktlığında qalır və bu gün həmin təhlükə ilə bağlı ərazi 1 illiyinə təmirə dayanıb. Hərçənd ki, rəsmi qurumlar təmirə bağlanan metrostansiyanın həmin səbəbdən bağlanmadığını iddia edirlər. Yasamalda da oxşar vəziyyət yaranıb. “İnşaatçılar” metrostansiyasının üzərində inşa ediləcək iri yaşayış kompleksi də gələcəkdə təhlükə mənbəyinə çevriləcək. Təxminən iki ilə yaxın müddətdə inşası nəzərdə tutulan bu kompleksin metronun üzərində tikilməsi daha bir çökmə təhlükəsindən xəbər verir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, quruma bu barədə hansısa müraciət daxil olmayıb. Müraciət edildikdən sonra baxılıb cavab veriləcək.

Memar Zemfira Budaqova isə bu barədə həyəcan təbili çalıb. Bildirib ki, metro üzərində inşa ediləcək hər bir tikili çökmə təhlükəsi ilə üz-üzə qala bilər: “Bir sıra dövlətlərin- İngiltərə, Amerika və digərlərinin böyük ərazilərinin təbiət hadisələrinə görə suya qərq olması təhlükəsi var. Xəzər də yer kürəsində təbiətin dəyişməsini əks etdirən dənizlərdən sayılır. Bu dənizin suyu çəkilirsə, onda yer kürəsində suların azaldığı bilinir. Artırsa, əksinə... İndi Xəzər dənizinin yan-yörəsini bəzəmişik. Abşeronda yeraltı suların qalxması ilə artıq orada çat təhlükəsi var. Bu çat və yeraltı suların qalxmasına görə dəliklər varsa, sizcə onu yükləməyə dəyərmi? “Sahil” metrosunu o qayda ilə yüklədilər. İndi “İnşaatçılar”ı yükləməyə keçiblər. Əsla yolverilməzdir, bu fəlakətlə nəticələnəcək. Allah qorusun, fəlakət baş verməsin. Amma mümkündür. Bakı Beynəlxalq Avtovağzalı inşa ediləndə dəfələrlə dedim ki, oradakı bataqlığı boğmaq olmaz. Bildirdim ki, əgər bataqlıqdan istifadə edirsizsə, onun suyunu harasa çıxarmaq lazımdır. Onu boğanda mütləq o su haradansa sıçrayıb çıxacaq. İndi həmin su neçə yerdən üzə çıxır. Mütəxəssislər vaxtında belə xəbərdarlıqlar edəndə onlara qulaq asmaq lazımdır. Necə yəni, mən belə istəyirəm, qurtardı... Sən kimsən axı? Ziya Məmmədovun ağlı ilə onu tikdilər? Eləcə də digər yerlər...Mən yenə bəyan edirəm ki, olmaz və min dəfə olmaz... “Sahil” metrosu gözümüzün qabağındadır. Onu güclə saxlayıblar... Bu qədər yükləmək olmaz axı. Heç kimin heç nə vecinə deyil... Bu qədər torpaqları satmaq olar?”

Memar “İnşaatçılar” metrosunu tikən zaman yerin altında baş verənlərdən də danışıb. O deyib ki, həmin metro salınarkən yerin altında baş verənləri dəf etmək üçün nə qədər fəhlə dünyasını dəyişib: “O fəhlələr yer altında baş verənlərin qarşısını almaq üçün əlləşib-vuruşublar ki, təki o metronun inşaasını başa çatdırsınlar. Ona görə də metroya “İnşaatçılar” adı qoyulub. Bir sözlə o stansiya metro ölən inşaatçıların adı ilə bağlıdır. O cür problemləri olan metronun üzərində hündürmərtəbəli yaşayış kompleksin tikilməsi nə deməkdir... ”

 

Alçina Amilqızı

Cebhe.info

 

09:40