Rusiyanın qorxduğu başına gəlir

 

Tatarstan Ana Dilinin müdafiəsinə qalxdı

 

Tatarıstan rəsmiləri məktəblərdə tatar dilinin tədrisinə son qoyulmasına çağırışları rədd ediblər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədəki milli azlıqların dilləri barədə ziddiyyətli bəyanatlar vermişdi. Rusiyanın dövlət olaraq federal dövlət quruluşunun nəzərə  alınmasını əsas gətirərək Tatarıstan Respublikasının Təhsil Nazirliyi belə çağırışların “federal və regional qanunlara zidd olduğu və bəzi valideynləri çaşdırdığı” barədə bəyanat yayıb.
Rusiya milli azlıqların ana dilləri barədə debatlar Vladimir Putinin ötən iyulda Mari El Respublikasına olan səfəri zamanı sonra qızışıb. Burada etdiyi çıxışda Putin regionlarda etnik rusların yerli dilləri öyrənməyə məcbur edilməsini pisləmişdi. Bunun ardınca avqust ayında Putin “belə demək mümkündürsə, milli respublikalarda” yerli dillərin zorla tədris edilməsi hallarının araşdırılmasını federal prokurorlara tapşırmışdı. Putinin bəyanatlarının ardınca əhalisinin yarısını müsəlmanlar təşkil edən neftlə zəngin Tatarıstanda qeyri-tatar valideynlər yerli dilin orta məktəblərdə icbari tədrisinin ləğv olunması tələbi ilə etiraz aksiyalarına çıxmışdılar. Lakin Tatarıstanın Təhsil Nazirliyi bu cür bəyanat və hərəkətlərə qarşı çıxaraq bildirib ki, Ana Yasa qanunları təsbit edilən Rusiya Federasiyasına daxil bütün respublikalarda yerli dillərə dövlət dili statusunun verilməsi hüququnu tanıyır. Nazirliyin bəyanatında bu da deyilir ki, Tatarıstanın öz Ana Yasası və qanunları isə rus və tatar dillərinin orta məktəblərdə icbari tədrisini nəzərdə tutur.

Tatarıstanın 7 milyonluq əhalisinin yarısını Türk kökənli tatarlar təşkil edir və onların əksəriyyəti rus dilində səlis danışa bilir. Əhalinin digər yarısı isə rus, udmurt, başkort və çuvaşlardan ibarətdir. Ana dili mövzusunda kəskin debatlardan az əvvəl Kreml Tatarıstan Respublikasının xüsusi statusunu təsbit edən müqavilənin müddətini uzatmaqda tərəddüd keçirmişdi. Bu müqavilənin vaxtı bir neçə həftə bundan əvvəl başa çatıb.

Moskva və Kazan arasında hakimiyyət bölgüsünə dair ilk müqavilə Rusiya və Tatarıstanın ovaxtkı prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında 1994-cü ildə imzalanıb.

Bu müqavilə Tatarıstana öz qanunları, vergi sistemi və hətta vətəndaşlığı da daxil geniş muxtariyyət verirdi. 2000-ci ildə hakimiyyətə gələndən bəri Vladimir Putin “hakimiyyətin şaquliliyi” prinsipinə güc verməklə, tənqidçilərin də fikrincə, “federalizm” prinsipini pozmağa başlamışdı. Rusiyada qəbul edilmiş bir sıra qanunlar bütün regionları sərt şəkildə federal qanunvericiliyə bağlayır. 2005-ci ilədək Moskva ilə milli regionlar arasında mövcud olan müqavilələr artıq ləğv olunmuşdu. Hazırda Rusiyada yalnız iki inzibati vahid – Tatarıstan və Çeçenistan “xüsusi statusa” malikdir.

2007-ci ildə imzalanmış yeni müqaviləyə görə, Tatarıstana regionun iqtisadi, mədəni və digər sahələrdəki siyasətlərini Moskva ilə birlikdə yürütmək hüququ verilib. İyul ayında Marı  Eldə çıxış edən Putin demişdi: “Milli respublikalarda kimisə onun ana dili olmayan dili öyrənməyə məcbur etmək, eyni zamanda rus dilinin tədrisinə ayrılmış saatları kəsmək yolverilməzdir”.
Qeyd edək ki, Vladimir Putin və onun komandası 1991-ci ildə qəbul edilmiş, daha sonra isə 1993-cü ildə bütün Rusiya Federasiyası boyunca keçirilmiş Ana Yasa referendumuna qarşı çıxaraq, federal dövlət qanunlarını ötən müddətdə davamlı şəkildə pozmaq siyasətini yürüdüb. Qanunla Rusiya federal dövlətdir və federasiya üzvü olan 23 milli respublikanın öz Ana Yasası vardır. Bu Ana Yasalarda yerli milli dillər və rus dili bərabər hüquqa malikdirlər.  Tatarstan məhz bu qanunlara istinad edərək öz hüquqları uğrunda mübarizə aparır.

Xudaferin.eu
Tatarstan, “Kazan Bürosu”

10:27