Rus ordusu neft kəmərimizi nəzarətinə keçirdi

 

 

Bölücü Güney Oset bölgəsində yerləşmiş Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila kəndi yönündə “sərhədlərin demarkasiyası” adı altında irəliləyərək Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb. Bu barədə Tiflisdə dərc olunan “Rezonansi” qəzeti açıqlama verib. Bu məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib. Bildirilir ki, Rusiya hərbçiləri Orçosani kəndi istiqamətindən irəliləyərək “sərhəd dirəklərini” Karapila kəndinə tərəf , Tortla çayı boyu basdırıblar. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tikanlı məftillərin o biri tərəfində qalıb. Rəsmi Tiflis Rusiyanın bu addımını “işğalçılıq siyasəti” və “təxribat” adlandırıb, beynəlxalq partnyorları ilə bu qanunsuz addımın qarşısını almağa çalışacaqlarını bəyan edib. “Biz bundan əvvəlki faktlar kimi bunu da çox ciddi qiymətləndiririk, partnyorlarımızla birlikdə bunun qarşısını almağa çalışırıq. Bu, bizim fəal şəkildə yürütdüyümüz siyasətdir”-xarici işlər naziri Mixail Canelidze bildirib.

Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili qeyd edib ki, Bakı-Tblisi-Supsa neft kəməri ilə bağlı risklər layihənin planlaşdırılmasında nəzərə alınıb və alternativ variantlar var. “Rezonansi” qəzetinin yazdığına görə hakimiyyət bu riskləri mümkün qədər azaltmaq üçün beynəlxalq tərəfdaşlarla işləyir. Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amiran Salukvadze rusların bu addımını şərh edərkən bildirib ki, məqsəd SSRİ dövrünün sərhədlərini bərpa etməkdir. “Karapila kəndi bu sərhədin yaxınlığındadır. Rusiya hərbçilərinin bölücü Güney Osetiya “respublikasının” inzibati sərhədlərinin demarkasiyasına yönəlmiş işlərə bir neçə gün əvvəl başladıqları bildirilir. “Rustavi-2” telekanalının xəbərinə görə hələ ötən həftə Karapila kəndi yaxınlığında “sərhəd zolağı” şumlanıb. Yerli sakinlərin bildirdiyinə görə, ruslar onlara deyiblər ki, şumlanmış zolaq yanğınların yayılmasının qarşısını almaq üçündür. Halbuki Şida-Kartli regionunun digər yerlərində də iyulun əvvəllərindən başlayaraq meydana çıxmağa başlayıb.

Rusların Karapila kəndi yönündə irəliləməsi ABŞ-ın ciddi narahatlıqla izlədiyi məsələdir. İyulun 14-də ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli həmin kəndə baş çəkib. Səfir bildirib ki, bu yer Gürcüstanın ən mühüm magistralının (Ermənistana gedən Şərq-Qərb magistralı) yaxınlığındadır və ölkə üçün və onun hüdudlarından kənarda “böyük strateji önəm daşıyır. Mən bir daha narahatlıq ifadə edirəm ki, 21-ci əsrdə Gürcüstanın suverenliyinin öz qonşusu tərəfindən kobud şəkildə pozulması baş verir. ABŞ Gürcüstanın suveren sərhədlərinin bu cür birtərəfli pozulması ilə heç vaxt barışmayacaq. Bu birtəfəfli addımları ABŞ heç vaxt tanımayacaq”.

Qeyd edək ki, rusların Güney Osetiya yönündən Gürcüstanın içərilərinə doğru irəliləməsi ilk olay deyil. Bir neçə gün öncə ruslar Qori yönündə irəliləyərək “sərhəd dirəklərini” 700 metrə qədər irəli çəkiblər və Berşueti kəndinin ərazisinin bir hissəsi rusların nəzarətinə keçib.

Qafqaz araşdırmalar mərkəzinin rəhbəri Mamuka Areşidze bildirib ki, Güney Osetiya sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkilməsində məqsəd Tiflisi Avroatlantika strukturlarına inteqrasiyadan çəkindirməkdir və rusların məqsədi Ermənistanla Rusiyanı birləşdirən əsas magistral yola çıxış əldə etməkdir.

“Onlar Dağlıq Qarabağda müharibə zamanı Güney Qafqazda eskalasiya halında bu yoldan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Məsələ ondadır ki, bu şaiyələri Rusiya nümayəndələrinin özləri kuluarlarda yayır. Deyirlər ki, Dağlıq Qarabağda müharibə başlasa zərurət yaranarsa Tsinvalidən Gümrüyə gedən yoldan istifadə edəcəklər. Rusların bu yola yaxınlaşmaq üçün açıq-aşkar hərəkətləri müşahidə olunmur, ancaq Rusiyanın tədricən və inamla atdığı addımlar düşünməyə əsas verir”-Areşidze bildirib. Hazırda ruslar Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tutublar.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:20