Qaz ölkəsində qazın bahalaşmasının sirri

Qaz ölkəsində qazın bahalaşması panikasının sirriBir həftədir mavi yanacağın bahalaşacağı xəbəri portalları bəzəməkdədir. İşıq və suyun ardından mavi yanacağın da bahalaşacağı barədə fikirlər səslənməkdədir. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, bu barədə Tarif Şurası qərar verir. Qurum tərəfindən Tarif Şurasına (TŞ) müraciət edilməsinə gəldikdə, bu barədə məlumat yoxdur. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib ki, qazın qiymətinin dəyişdirilməsi ilə bağlı onlarda məlumat yoxdur və belə bir müraciət daxil olmayıb”.

Amma buna baxmayaraq ölkədə qaz ajiotajı yaşanır. İlin sonuna yaxın cəmiyyətdə panika yaradan qüvvələr var. Bəlkə də bu məlumatları tirajlamaqla xalqın nəbzini yoxlayır və yeni ildən bahalaşmaya psixoloji olaraq hazırlayırlar. Çünki adətən cəmiyyətdə test aparılır və qərar verilir. Hiss olunur ki, qazın qiymətini qaldırmaqda da oxşar ssenari oynanır. İctimai nəqliyyatda və kommunal xərclərin artımında hər zaman belə taktika işlənir. Elektrik enerjisi və mavi qazın əhaliyə satış qiyməti maya dəyərlərindən xeyli yüksəkdir.
Müstəqil qurumların hesablamalarına görə, 1000 kubmetr təbii qazın orta maya dəyəri təqribən 68 manatdır. Əhaliyə isə hər kubmetri 100 manata satılır. Azərbaycan əhaliyə satılan mavi qazın qiymətinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bizdə təbii qazın qiyməti hətta Rusiyadan da yüksəkdir. Belə çıxır ki, kommunal xidmət haqları əhali gəlirlərinə nisbətən yüksəkdir. Bunlardan ən bahası elektrikin qiymətidir ki, bu da orta əməkhaqqının təxminən 10-15 faizini təşkil edir. Qazın qiyməti elektrikə nisbətən ucuz olsa da, onun əhaliyə satıldığından xeyli ucuz başa gəlməsi qiymətin aşağı salınmasını gündəmə gətirir. Ekspertlər isə əhaliyə maya dəyərindən 5 dəfə artıq satılan qazın qiymətinin ucuzlaşdırılması üçün hər cür imkanların olduğunu deyirlər. Belə ki, qazın qiymətinin azı 20 faiz azaldılması, 1000 kubmetrə görə 80 manata salınması mümkündür.
2016-cı il mayın 13-də "Azərsu" ASC-nin müraciəti əsasında Tarif Şurası 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr olması barədə qərar qəbul edib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub. Bu il iyulun 14-də isə Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib. Qərara əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

xudaferin.eu

20:32