Nazir öz yalanına don geyindirmək istədi: “Qaz 50 manat ziyanla satılırdı”

Tarif Şurası enerjidaşıyıcılarının qiymətini qaldırdıqdan sonra hökumət rəsmiləri müxtəlif bəhanələrlə bu qərarı müdafiə etməyə, əslində doğru qərar olduğunu isbatlamağa çalışırlar. Tarif Şurasının verdiyi bahalaşma qərarı hökumət nümayəndələrində də fikir ayrılığına səbəb olub. Bəziləri bu qərara kəskin etiraz bildirsə də, bəziləri qərarı doğru hesab etdiyini deyir. İqtisadiyyat naziri Şahin Mustafayev də bu gün verdiyi açıqlamada Tarif Şurasının bahalaşma qərarına haqq qazandırmağa çalışıb.

Nazir bildirib ki, SOCAR istehsal etdiyi qazın hər 1000 kubmetrinə 140 manat xərc çəkirdi və həmin qazı orta hesabla 90 manata satırdı, yəni istehsal etdiyi qazın hər 1000 kubmetrində 50 manat ziyanla işləyirdi.
Qeyd edək ki, SOCAR 2015-ci il hesabatında açıq göstərib ki, çıxardığı qazın maya dəyəri 39.7 manatdır. 1 ilə qazın maya dəyərində 100 manat artım olmasını deyən iqtisadiyyat naziri gərək "yüz ölçə", sonra ictimaiyyətə milli iqtisadiyyatımızın özünəməxsus inkişaf detalları haqda məlumatları çatdıra.

Vilayət Muxtar
Cebhe.info

13:03