Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

 

 

Beləliklə də Azərbaycan keçmiş Sovetlər Birliyinin “durğunluq” illərinə geri dönür

Hələ də bir çox rayonlarımızda əkin-biçin vaxtı məcburi insan əməyindən istifadə olunur. Xüsusilə, işi, normal əmək haqqı olan insanlar tarlalara cəlb olunur. Əsasən, bölgələrdə həkim və müəllim heyəti təsərrüfat sahələrinə yönləndirilir. Hətta, tarlada işləmək istəməyən insanlar işdən çıxarılma ehtimalı ilə üz-üzə qalır. İnsan əməyindən məcburi sui-istifadə etmək qanunvericilikdə mövcuddurmu? Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Hadı Rəcəbli Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib.
 

"İnsanların əməyindən sui-istifadə etmək olmaz. Azərbaycan qanunvericiliyində belə hallar yoxdur. Kimin nə ixtiyarı var ki, hansısa bölgədə insanların əməyindən zorla istifadə etsin. İndi hansı zəmanədir ki, həkimi, müəllimi, yaxud da başqa peşə sahiblərini tarlaya cəlb etsinlər?! Əgər hansısa peşə sahibi məcburi əməyə cəlb olunduğu təqdirdə işləmək istəmirsə bu, normaldır. Onu kimsə işindən azad edə bilmız. Qanunda da belə hal yoxdur. Ümumiyyətlə, hansısa sahədə məcburi hallar baş verərsə, onun fəsadları tezliklə özünü biruzə verir”.
 

Hadı Rəcəbli deyir ki, Sovet dövründə belə ənənə olub
 

"Kimisə məcbur edib demək olmaz ki, get pambıq yığ, taxıl biçinində əmək sərf elə və sairə. Onu deyim ki, bu gün Azərbaycanda həkimin, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir. Amma Sovet hökuməti dövründə bu məcburi idi. İnsan əməyindən sui-istifadə etməklə adını iməclik qoyurdular. Həm də Sovet dövründə bu məsələ çox ciddi şəkil almışdı. Xüsusilə, ümumi tətillər elan edirdilər. Məktəblərdə, universitetlərdə iş prosesi dayandırılırdı. Hər kəs tarlalara göndərilirdi. İndi isə belə hallar yoxdur”.
Qeyd edək ki, artıq qeyri rəsmi şəkildə bütün bölgələrdə yerli icra hakimiyyətləri dövlət və özəl sektor üçün hətta “pambıq planı”nın vaxtında yığılması baxımından onların qarşısında planlar qoyubdur. Hər bir müəssisə üçün ayrıca pambıq tarlaları da müəyyən edilibdir.   

Modern.az

 

10:36