Moskva Paşinyanın yerinə adamını tapdı...

Ermənistanda baş verən “Məxməri inqilab”ın ilk günündən, Vladimir Putinin ,yumşaq desək, qayğılandığı sirr deyil. Rusiya imperiyasının Cənubi Qafqaz siyasətində iki yüz ildən çox bir müddətdə ermənilərin oynadığı rolu yaxşı bilən hər bir Rusiya dövlət başçısı kimi, Putin də Paşinyanın onun iradəsinin əleyhinə getməyəcəyini səbrlə müşahidə edib. 
Ermənistan baş naziri müxtəlif variantlara əl atsa da, Rusiya liderinin Paşinyan haqqında formalaşan mənfi  fikri dəyişmədi, amma iki ildən çox keçməsinə rəğmən Ermənistanda Putinvari məxməri çevriliş də alınmayıb. Baxmayaraq ki, o açıq şəkildə həbsdə olan keçmiş prezident Koçaryanı müdafiə etdi, amma Kremlə məlum oldu ki, köhnə Qarabağ klanına Ermənistan cəmiyyətinin nifrəti keçmiş iqtidarın revanş götürməsini mümkünsüz edir.  Yeni, perspektivli gənc siyasətçi yetişdirmək planına baş vuran Moskva, vaxtilə Moskvada təhsil almış və tam olaraq FSB-nin təsiri altında olduğu şübhə doğurmayan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan fiquruna arxalanmağı qərar verdi. Gizli danışıqlar və tapşırıqlardan sonra Vanetsyan istefa verib, Paşinyana qarşı çıxdığını və “ Vətən “ partiyasını elan edib müxalifətdə olduğunu bildirdi. Amma, xüsusi xidmətdə olmaq hələ siyasətdə olmaq deyil və təcrübəsiz gənci cəmiyyət birdən qəbul edə bilnədi. Vanetsyanın populyarlıq qazanmasının zaman kəsimi uzandıqca Moskva daha çox əsəbləşir və hakimiyyətə real namizədin olmaması onu başqa addımlar atmağa məcbur edir.  Üstəlik Qərb tərəfdən azacıq da olsa Paşinyana verilən dəstək, tərəfdarlarının xeyli azalmasına baxmayaraq, hələ də baş nazirin xalq arasındakı nüfuzu,  hakimiyyət çevrilişinə ciddi təməlin yaranmadığını Kremldə oturanlar görürdü. Qazın qiymətini bahalandırmaq adı ilə aparılan siyasət də əhalidə xüsusi narazılıq yaratmadı. 

Rusiya üçün belə situasiyada ən yaxşı təsir vasitəsi, əlbəttə Qarabağ ola bilərdi. Amma, Rusiyanın  Qarabağda Azərbaycana uğur qazandırmaqla Ermənistanda hakimiyyət çevrilişinə nail olmaq kimi bir siyasət aparmayacağı illərin təcrübəsindən bəllidir. Ona görə ki, yeni gələn erməni iqtidarı Azərbaycanın azad etdiyi torpaqları  geri qaytarmaqla nüfuzunu möhkəmləndirmək istəyəcək, bu isə yeni müharibə, yeni itkilər deməkdir və əgər belə olacağı halda Kreml Azərbaycanı itirəcəyini də yaxşı bilir. Həm də, Ukraynada, Gürcüstanda, Liviyada, Suriyada xeyli maddi və canlı itkilər verən Rusiyaya bölgədə yeni müharibə alovu heç cür sərf etmir.

Rusiya üçün çıxış yolları az deyil, amma bu yolun başında dayanan, uğurlu sayıla biləcək fiqur tapmaq Ermənistanda o qədər də asan deyilmiş. Ona görə də fiquru tapmaq deyil, yaratmaq lazım olduğunu daha uğurlu variant bildilər. Bu sıravi fiqur ola bilməzdi, xalqa qəhrəman lazımdır və  nəhayət...
 Üç gün əvvəl Ermənistan müdafiə naziri David Tonoyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini və səfirliyin hərbi attaşesi polkovnik Andrey Qrişuku qəbul etdi. Bu, sadəcə Minsk Qrupu həmsədrlərindən olan bir ölkənin səfiri ilə görüş deyildi və bunun dərin kökləri tədricən üzə çıxır.
Hələ Tovuz döyüşlərinin tam səngimədiyi bir vaxtda-15 iyulda Paşinyan hökümətin iclasını çağırdı və həmin iclasda daha çox müdafiə naziri Tonoyanın ünvanına tənqidi fikirlər söylədi. Hətta, Tonoyana :” bəlkə azərbaycanlılar mövqe tutmağa yox, qoyub getdikləri maşını götürməyə gəlmişdilər. Nədən onlara atəş açıldı?”-deyə ilk baxışdan populyar olmayan sual ünvanlamaqla faktiki Tovuzda ilk atəşin ermənilər tərəfindən açıldığını təsdiqləmiş oldu. Bu, hakimiyyət uğrunda gizli aparılan mübarizənin tərkib hissəsi oldu.

Erməni mediası artıq hakimiyyət uğrunda mübarizənin yeni fazaya qədəm qoyduğunu yazır. Bunu ilk hiss edən elə Paşinyan özüdür. Ona görə Rusiyanı sakitləşdirmək üçün RBK telekanalına müsahibəsində Kremlə açıq mesaj verdi: “ Rusiyada anlamalıdırlar ki, Rusiyanın müttəfiqi Paşinyan, Petrosyan, Poqosyan, Sarqsyan, Koçaryan deyil, müttəfiq və tərəfdaş erməni xalqıdır”. Etiraf edək ki, bu Paşinyanın Rusiya qarşısında uğurlu gedişidi və biz yazının əvvəlində də qeyd etdik ki, ermənilərin Qafqazda Rusiya üçün oynadıqları iki yüz illik rolu və hələ oynayacaqları rolları yaxşı bilirlər və  zamanında Ter-Petrosyanı, Sarqsyanı güdaza verməklə Ermənistandakı maraqlarını fərdlərlə deyil, ölkə ilə qurduqlarını sübut ediblər.

Baş verənləri təhlil edən erməni mediası belə nəticəyə gəlir: “ Müvafiq olaraq Kremlə Paşinyanı aradan götürmək üçün ehtiyat variant lazımdır. Bu variantın adı-müdafiə naziri David Tonoyandır”. 
Kremlin planı artıq Paşinyana məlumdur və Tonoyanın onun yerinə qoyulması cəhdlərinin qarşısını almaq üçün mübarizə başlayıb və hökümətin iclasında da daha çox Tonoyanın üstünə getməsi təsadüfi deyil. Tovuz istiqamətində erməni təxribatının başında məhz Tonoyan durur, o bu təxribata Rusiyanın köməyi ilə ciddi hazırlıq görüb və ordunun bütün gücünü göstərməklə hakimiyyətə gəlmək planının vacib fazasını həyata keçirib. Hərbi uğuru Tonoyanın reytinqini erməni cəmiyyətində qaldırıb, əksinə Paşinyanın özünü zəif aparması bir xeyli suallar yaradıb. Amma, bu yetərli deyil, Tonoyanı qəhrəmana çevirmək lazımdır. Rusiya gördü ki, bu status sərhəddə yox, Qarabağda qazanıla bilər.

Tovuz döyüşlərindən sonra ilk olaraq Rusiya səfiri Sergey Kopırkinlə görüş, səfirin ona yüksək səviyyədə sözlər verməsi göstərir ki, Kreml Tonoyanın üstündə dayanıb, ona arxalanır.

Bu günlər bölgədə həssas bir dövrdür. Azərbaycan-Türkiyə hərbi təlimlərini bəhanə gətirib  Qarabağ cəbhəsində düşmən yeni təxribat hazırlaya bilər. Rusiyanın köməyi ilə ermənilər yeni ərazilər, yüksəkliklər tutub, günahı Türkiyə-Azərbaycan təlimlərinin üstünə yıxmağa cəhd edə bilərlər. Tonoyan əvvəllər olduğu kimi , son günlər də yeni ərazilər tutacaqları haqqında açıq danışır. Rusiya erməni xalqının gözündə Tonoyanın qəhrəman obrazını yaratmaq istəyir. Bizi Paşinyanın çətin vəziyyətə düşməyi deyil, Azərbaycanın təxribatla üzləşib, yeni ərazilər itirməsinin qarşısını almağın ayıq-sayıqlığı maraqlandırmalıdır. Yeri gəlmişkən, düşmənin Qarabağ cəbhəsinə xeyli qüvvə topladığı da gələn xəbərlər arasındadır.  

Düşmənin başımızın təlimlərə qarışdığı anda arxadan zərbə vurmağa, sonra da dünyaya , “qoymayın, Türkiyə dinc Qarabağ xalqının üstünə hücum edir” şüvəninə başlaması tam erməni xislətinə, Rusiya planına uyğun gələn bir işdir və artıq mətbuatda Azərbaycan hərbiçilərinin Türkiyə Müdafiə nazirliyində olmasına, hərbi sənaye kompleksinin rəhbərliyi ilə görüşlərinə dünyanın reaksiya verməməsini erməni siyasiləri irad kimi bildirirlər. Ona görə də, Qarabağ cəbhəsi bu günlərdə döyüşə hazır vəziyyətdə saxlanmalı, gücləndirilmiş kəşfiyyat, əks-kəşfiyyat və digər təhlükəsizlik tədbirləri, bir sözlə kompleks hərbi hazırlıq işi görülməlidir.

İlham İsmayıl
Keçmiş təhlükəsizlik polkovnik-leytenantı

17:36