"Düşmən görməlidir ki, xalq öz dövlətindən də, dünyadan da Qarabağ məsələsinin həllini tələb edir"

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsində sədrlik müharibə veteranı İlham İsmayıla keçib.
 
Polkovnik-leytenant İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. 1982-ci ildən Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasının fəal iştirakçısıdır. 1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.
 
Xudaferin.eu xəbər verir ki, oktyabrın 23-də Novator.az İlham İsmayıla bir neçə sualla müraciət edərək Qarabağ Komitəsinin yaxın planları ilə maraqlanıb.
 
– Qarabağ Komitəsi sentyabrın 29-u Bakıda, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbi ilə aksiya keçirdi. Növbəti aksiyanın noyabr ayında keçiriləcəyi bildirilir…
 
– Artıq komitədə növbəti aksiya ilə bağlı qərar qəbul olunub və mitinqin noyabrın 24-də keçirilməsi planlaşdırılıb. Bu məqsədlə yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.
 
– Cəmiyyətin, ictimai-siyasi qüvvələrin Qarabağ Komitəsinin fəaliyyətinə reaksiyası necədir?
 
– Birmənalı deyil. Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Ölkənin bir nömrəli probleminin Qarabağ məsələsi olduğunu təkrar etməyə ehtiyac yoxdur. Qarabağla əlaqədar kimin addım atmasından asılı olmayaraq cəmiyyətin marağı və reaksiyası qaçılmazdır. Həm də nəzərə alın ki, konkret olaraq ölkə səviyyəsində Qarabağ məsələsinin müzakirəsi aparılmayıb və problem cəmiyyətin gündəmində xeyli aşağı düşüb. Ona görə də Qarabağa bağlı hansısa bir yeni qurumun fəaliyyətə başlaması ilkin mərhələdə maraq oyatmaya bilməz.
 
Qarabağ Komitəsinin fəaliyyətinə reaksiya isə, dediyim kimi, müxtəlifdir. Mətbuatda və sosial şəbəkələrdə komitənin aparıcı üzvləri, 29 sentyabr mitinqinin təşkilatçıları haqqında xoş olmayan açıqlamalar getdi, “Qarabağ mitinqi bir stadiona sığışmaz” deyənlər, mitinqin heç bir rol oynamayacağını düşünənlər oldu.
 
Komitəyə tək-tək ictimai-siyasi xadim qoşuldu, ölkənin aparıcı müxalif partiyaları, birlikləri mitinqə qatılmayacaqlarını bildirdilər və demək olar ki, mitinqdən sonra da eyni mövqedə qalıblar. Hakimiyyət mitinqə icazə verdi, hətta bəzi rəsmilərdən açıq dəstək gəldi, ancaq mitinq günü müəyyən təzyiqlər müşahidə olundu.
 
Aksiya bütün əskikləri ilə baş tutdu, 5 mindən bir az çox insan mitinqdə iştirak etdi. İndiki vaxtda bu da az deyil və qələbəlik hakimiyyəti də, ictimai-siyasi qüvvələri də bir qədər çaşqın vəziyyətə saldı.
 
– Komitənin əsas hədəflərindən birinin Qarabağın işğaldan azad olunması üçün cəmiyyətin fəallığını yüksək həddə çatdırmaq olduğu açıqlanıb. Bu yöndə hakimiyyətdən nə umacaqlarınız var, hansı tələbləri qoyursunuz? Bir çoxları 1994-cü ildən bəri aparılan sülh danışıqlarının nəticəsiz qaldığını deyib müharibəyə səsləyir. Qarabağ Komitəsində bu barədə nə kimi fikirlər var?
 
– Komitənin əsas hədəfi Qarabağ məsələsində yalnız cəmiyyətin yox, hakimiyyətin də fəallığını artırmaqdır. Ermənistanda yeni siyasi situasiya yaranıb. Hesab edirəm ki, Azərbaycan yeni vəziyyətə dair adekvat siyasət yürütmür. Tələbimiz istər sülh danışıqlarında, istər hərbi müstəvidə fəallığı artırmağın məqsədəuyğun olduğunu hakimiyyətin nəzərinə çatdırmaqdır. Hakimiyyət beynəlxalq təşkilatlardan, konkret olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərindən işğal olunmuş bölgələrdə qanunsuz məskunlaşmanın qarşısını almağın effektiv mexanizmlərinin işlənməsini tələb etməlidir. Düşmən də görməlidir ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsində fəaldır və öz dövlətindən də, dünyadan da Qarabağ məsələsinin beynəlxalq hüquqa əsasən həllini tələb edir.
 
– Mitinqlərdən başqa hansı tədbirləri planlaşdırırsınız?
 
– Qarabağ məsələsində bilgili, işin içində olan ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə müzakirələr, dəyirmi masalar, görüşlər keçirməyi planlaşdırırıq.

Xudaferin.eu

10:34