Bizə “qorxaq nağıl qəhrəmanı” deyən erməni nazirin cavabını kim verəcək?

"Nalbandyanın bizə ünvanladığı təhqirə niyə kolleqası cavab vermir? Daha kəskin, daha tutarlı..."

 

Azərbaycanda Qarabağ problemini həqiqətən fikirləşən, problemin həlli üçün yollar axtaran adamları indi barmaqla saymaq olar. 1988-ci ildən başlayaraq keçən əsrin sonlarınadək olan vəziyyətlə indini müqayisə etsək, mənzərə bu cür acınacaqlıdır. Səbəblər çoxdur, onların hamısını sadalamağa ehtiyac yoxdur, həm də bir problem ki, zamanında həll olunmadı, artıq o kütlənin həyatında arxa plana keçəcək. Bizim də kütlənin məişət problemi, sosial-iqtisadi problemləri onun hər bir üzvünü o qədər sıxır ki, heç Qarabağ sözünü “Qarabağ şikəstəsi”ndən belə eşidəndə biganə, laqeyd görkəm alırlar. Rəsmilər  də “quş qoymaq” xətrinə hərdən nəsə deyirlər. Amma, elə məsələlər var ki, ona cavab vermək, ən azı Qarabağ danışıqlarını aparanlar üçün vacibdir, yəni həm fərd olaraq, həm görəvli olaraq.
 
24 fevralda  Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rəsmən bizi məsxərəyə qoyub. Brüssel görüşlərinə həsr olunmuş mətbuat konfransında jurnalistlər qarşısında çıxış edən Nalbandyan “Azərbaycan məşhur nağılın qorxaq qəhrəmanına bənzəyir. Təkliyə düşəndə qorxudan qışqırmağa başlayır” kimi aşağılayıcı fikirlər səsləndirib. Bu  nağılın hansı nağıl olduğu önəmli deyil, amma bizə “qorxaq qəhrəman” deyilib və bu nağıl yox, erməni nazirin bizə realda meydan oxumasıdır. Deyə bilərsiniz ki, o boyda Qarabağ 30 ildir işğal olunub, indi Qarabağın yox, bir sözün davasını çəkirik? Yox, dava hələ bitməyib və davanın indiki halda hərbi deyil, diplomatik  mərhələsi gedirsə, hər sözə ciddi yanaşmalıyıq.  
 
21 fevralda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogerininin Azərbaycanın ərazi bütövlüyünü “tamamilə” dəstəkləməsi ifadəsinin Azərbaycan mətbuatı tərəfindən təhrif edildiyini və guya Mogerini də onun sözlərinin təhrif edildiyini təsdiqləyib, deyən erməni nazirin dediklərini jurnalistlər və ölkə  qarşısında özünə bəraəti kimi dəyərləndirmək olar. Ermənilər sudan quru çıxmaqda mahirdirlər. Nalbandyana mətbuatımız, jurnalistlər yüz cavab yazsalar da o ranq olmayacaq. Amma, Nalbandyanın bizə ünvanladığı təhqirə niyə kolleqası cavab vermir? Daha kəskin, daha tutarlı. Axı, erməni nazir ölkəni, Azərbaycanı təhqir edib. Onun cavabını  məhz Azərbaycanın xarici işlər naziri verməlidir, öz adından.
 
Fevralın 22-də isə Moskvada “Regnum” nəşrinin binasında Rusiya və erməni politoloqlar yığışıb bütün günü 13 məruzə dinlədikdən sonra Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında memorandum qəbul edilib və BMT-yə müraciət olunub. Erməni məlum, amma Rusiyanın paytaxtında rus politoloqların əleyhimizə açıq siyasi addımlar atmasına niyə susuruq? Praqada bir rus marşalının heykəlinin altında Rusiyanın xoşuna gəlməyən sözlər yazılır və buna etiraz edən rus səfirliyinin məktbuna tələsik bizim səfir də imza atır. Bir kinonu Rusiya qadağan edir, qadağanın mürəkkəbi qurumamış Azərbaycan Mədəniyyət Nazirliyi də Rusiyanın xətrinə bir diktator haqqında çəkilmiş komediyanı bizdə də qadağan edir. Bunun qarşılığında nə alır Azərbaycan?
 
Rusiya mətbuatı həvəslə yazır: ”...martın 2-də Avropa Birliyinin və ABŞ-ın himayəsi altında Ukraynanın, Gürcüstanın, Moldovanın iştirakı ilə“ təhlükəsizlik üzrə parlamentlərarası  konfrans”da iştirak etməkdən Azərbaycan imtina edib”. Yəni  GUAM toplanır, amma Azərbaycan Rusiyadan çəkindiyindən toplantıya qatılmır və Rusiya mətbuatı buna sevinir, təşkilatı GUAM yox, sevinclə GUM yazır. Əvəzində bizə hansı münasibəti göstərir Rusiya?  “İrəvana qayıdacağıq” sözünə Zaxarova ilan kimi fısqırıb qalxırsa, separatçı ilə açıq iş birliyi görənə hərdən bir sərt cavabı niyə vermirik? Sadəlövh deyilik, bütün Qarabağı işğal edənin Rusiya olduğunu bilirik, bu vəziyyətin, status-kvonun qalmasının da Rusiyanın marağında olduğu məlum məsələdir. O zaman,  Qarabağı alıb erməniyə verən Rusiyadan çəkinməmizin,  görünür başqa tərəfləri də var... 

 

23:38