"Bu, artıq böhran yox, bizim ən böyük faciəmizdir..."

Hər bir millətin, dövlətin tarixində bütün sahələr üzrə böhranın hökm sürdüyü, problemlərin baş alıb getdiyi dövrlər olub və adətən belə zamanlarda millətin ağıllı şəxsləri, ziyalıları ölkənin taleyi, dövlətin gələcəyi haqqında narahatçılıq keçirir, yaranmış vəziyyətə dair “nə etməli” sualını verir və çıxış yolları axtarırlar. Müdriklər yalnız sualı verməklə kifayətlənmir və nə etmək lazım olduğunu, onun yollarını da göstərirlər. Xalq nə qədər narahat olsa da, yol göstərəni və o yolun önündə gedəni gözlədiyindən hərəkətsiz olur, uzaqbaşı fərdi qaydada etirazlar bildirir. Amma ləyaqətli biri kimi qəbul etdiyi şəxs önə çıxanda onun ətrafına cəm olur, yəni məşhur ifadədə deyilən kimi, “Siyasətçi çoxluğu təmsil etmir, siyasətçi özü çoxluğu yaradır”. 

Azərbaycanın böyük bir ərazisi 30 ilə yaxındır ki, işğal altındadır. Bu, artıq böhran yox, bizim ən böyük faciəmizdir. Bəli, faciə. Əvvəllər buna problem demək olardı, amma qeyd olunan zaman kəsiyindən sonra faciəyə problem demək mümkün deyil. Qalib olan tərəf (hələ ki) Qarabağı problem saya bilər və sayır da, amma bizim üçün bu mərhələ çoxdan keçib. Bu illər ərzində nə hərb, nə sülh istiqamətində uğurun olmaması bütün mövqelərimizi zəiflədib, o dərəcədə ki, beynəlxalq aləm Azərbaycandan güzəşt umur və son illər güzəşti prinsip olaraq daha tez-tez dilə gətirirlər.

Картинки по запросу ilham aliyev pashinyan

Bu günlərdə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millzin dedikləri bunu bir daha təsdiq edir. Səfirin dediyinə görə, hətta Amerika dövləti də indiyədək bu qənaətdə olub ki, ərazi əvəzinə sülh və status həll olunacaq. "Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan "ərazilər statusa əvəz olaraq " düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır" - ABŞ diplomatı belə deyir. Sizcə ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr də bu cür düşünmürlər? Bəs, Azərbaycan XİN necə, bu mövqedən xəbəri olmayıb? Bu xalqdan niyə gizlədirsiniz real vəziyyəti? Erməni güzəşti ağlına belə gətirmir, çünki ermənini güzəşt etməyə kim məcbur edib ki, indiyəcən? Baxın, Paşinyanın keçmiş səfirin sözlərinə reaksiyası gecikmədi. “Bu gedən səfirin gedən mesajıdı. Amma, səfir bir məsələni açıq göstərib ki, “ərazi əvəzinə status” formulu köhnəlib”. Həmsədrləri də status-kvo qane edir, xüsusilə Rusiyanı. Biz isə bu 24 ildə ermənini məcbur edəcək heç bir hərəkət edə bilməmişik. Nə hərbi, nə diplomatik yolla.

25 il qalsın bir tərəfə, son bir ayda baş verənlərə diqqət edək: separatçılar Avropa çempionatının keçirilməsinə hazırlaşır, cəbhə xəttinin 10 kilometrliyində - Ağdərədə yeni stadion tikir. Ermənistan-Qarabağ üçüncü yolu çəkilir, Kəlbəcərdə “Sidney”şəhərciyi salınır, işğal olunmuş rayonlara rəhbərlər təyin edilir və sairə. Yəni tam bir rahatlıq. Biz nə etmişik? Bizim nə etdiyimizin ən yaxşı cavabını Paşinyan verir: ”Azərbaycan sərhəddə tam sakitlik sürəcəyinə söz verib və əməl edir”. Şərhə ehtiyac yoxdur. Sabah Ermənistanla, Dağlıq Qarabağla bütün infrastrukturalrın açıldığı elan olunanda heç təəccüblənməyin.

Картинки по запросу armenia nagorno karabakh

Ümidlərini Rusiya - Paşinyan qarşıdurmasına bağlayanların yanlış düşündüklərini hələ dörd ay əvvəl yazmışdıq. Paşinyan faktiki olaraq Putini neytrallaşdırdı. Putinin Koçaryana telefon zəngi yaddan çıxmayıb. Rusiya lideri Ermənistanın ikinci prezidentinə zəng etməklə yeni baş naziri gərginlikdə saxlamağı, ümumiyyətlə bir zənglə Ermənistanda yeni siyasi hava əsdirməyi, perspektiv seçkilərdə Koçaryana dəstək verəcəyini dolayısı yolla çatdırmaq istəyirdi. Amma, Putinin hesablamaları özünü doğrultmadı. Koçaryan siyasi mübarizəyə qoşulmayacağını elan etdi, çünki heç bir gücü yoxdu. Paşinyanın arxasında xalqın dayandığını son anda Putin də, Koçaryan da qəbul etdi. 

Paşinyan, ümumiyyətlə xarici siyasəti nizamlaya bildi, ilk növbədə Rusiya ilə münasibətləri qaydasına qoymağı bacardı. Bundan başqa, Rusiyanın Ermənistanın təhlükəsizliyi barədə məsuliyyətini dəqiq şəkildə nəzərinə çatdırdı və onun təmin edilməsinə dair öhdəliklərinə sadiq qalmasını tələb etdi. Moskva narazı qalmadı. Dünən RF XİN naziri Sergey Lavrov İrəvanda keçirilən Expo Russia Armenia 2018 beynəlxalq sərgisinə göndərdiyi təbrik məktubunda Rusiya və Ermənistan arasında “çoxəsrlik əlaqənin artan xətt üzrə inkişaf etdiyini” vurğulayıb. Azərbaycanın ümidi isə Rusiyanı və onun prezidentini Ermənistana hərbi-psixoloji təzyiq göstərməyə hesablanmışdı və əvvəlcədən deyildiyi kimi bu işdə uğur qazana bilmədi. İndi hətta rus politoloqlar qeyd edirlər ki, məxməri inqilab Azərbaycanla münasibətlərdə Ermənistanın mövqelərini həm Rusiyada, həm də beynəlxalq aləmdə gücləndirib və faktiki olaraq bizi geri tullayıb.

Картинки по запросу armenia lavrov

Ölkə daxilindəki mənəvi-psixoloji durumun hədsiz stresli və böhranlı olmasını, beynəlxalq aləmdə bizimlə baş verən hadisələri müşahidə etdikcə, Yusif Vəzir Çəminzəminlinin “ keçmişimiz şübhəli, bu günümüz naməlum, gələcəyimiz mübhəm qaranlıqdır ” sözlərini xatırlamamaq mümkün deyil.

Bəs, ağıllı adamlar, yol göstərən ziyalılar? Bu günlərdə böyük ziyalı Xudu Məmmədovun ölümünün 30 illiyi ilə bağlı keçirilən anım tədbirində Əhməd bəy Ağaoğlunun sözlərini yada saldım. Əhməd bəy yazırdı: “Əsl ziyalılar öz inamlarının istisi ilə hərəkətsiz, soyuq kütləni qızdırır, öz qəlb atəşinin qığılcımını kütləyə verir, böyük fədakarlıq və sədaqətlə gələcəyə irəliləyirdilər. Bu cür ziyalılardan məhrum olan xalq məhrumiyyətlərə düçar olacaq”. Biz məhrumiyyətlərə düçar olan xalqıq. Kütlə məqsədi həyata keçirmək üçün böyük qüvvədir, amma o, Əhməd bəyin dediyi kimi soyuqdur, hərəkətsizdir. Xalqın məhrum olduğu Qarabağı azad etmək üçün “nə etməli” olacağımızı deyən, yol göstərən ziyalılardan da məhrum olmağımız, nə qədər acı olsa da.. reallıqdır. Üstəlik, siyasilər də çoxluq yaratmaq gücündə deyil.

Ümumiyyətlə, bu ölkədə Qarabağın işğaldan azad olması ilə məşğul olan varmı? Nə etməli? Bu sual Domokl qılıncı kimi millətini sevən, onun işğaldan azad olmasına çalışan hər bir vətəndaşın başının üstündə durmasa və ondan xilas olmaq üçün çıxış yolları axtarmasa dövlət və millət olaraq “gələcəyimiz mübhəm qaranlıq” olacaq...

İlham İsmayıl

Картинки по запросу ilham ismayıl 

 

11:46