"MƏMURLAR DA ÖZ ÜSLUBUNA FİKİR VERMƏLİDİR"

 

Natiq Cəfərli: “Təhqir və alçaldıcı ifadələr ən axırıncı arqumentdir. Bu hökumətin siyasətini tənqid etmək üçün kifayət qədər arqument var. Bəzi deputatlar var ki, müxalifəti çox kəskin şəkildə təhqir edir, aşağılayır, bunlara qarşı da cəza tədbirlərinin görülməsinə, cərimələrin tətbiq olunmasına ehtiyac var

Millət vəkilləri dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsinə səs verdilər. Yeni layihədə Azərbaycan dövlətinin başçısının şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, yaxu da eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hazırkı qanunvericiliyə əsasən, bu məbləğ 500 manatdan 1000 manatadək miqdarındadır. Bu əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, cərimənin 2 min manatdan 3 min manata qədər olması təklif edilir. Hazırda isə bu məbləğ 1000 manatdan 1500 manata qədərdir.

Parlamentin iclasında millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov cərimələrin artırılmasından bəhs edərkən, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma ilə bağlı məqama da diqqət çəkib: “Hazırda bununla bağlı cərimə 100-500 manatdır. Yeni layihədə isə bu rəqəm 500-1000 arası nəzərdə tutulub. Halbuki qanunsuz ov etmə üçün cərimə həddi 100-500 manatdan, 2-3 min manatadək qaldırılır. Yaxud balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaya görə cərimənin 100-500 manatdan 3-6 min manatadək qaldırılması təklif olunur”.

İclasda Cinayət Məcəlləsində rüşvət verən tərəf üçün cərimənin miqdarı kəskin artırılıb. Buna görə 8-12 min arası cərimə nəzərdə tutulur. Əslində, rüşvət verən tərəfdənsə, rüşvət alan tərəfin məsuliyyəti dəfələrlə çoxdur. Cəmiyyəti rüşvət verməyə də məhz rüşvət alan tərəf vadar edir. Cinayət Məcəlləsində hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxartması üçün də 5 min manatdan 8 min manata qədər cərimə nəzərdə tutulur. Yaxud da üç ilədək müddətdə azadlıqdan məhrum etmək cəzası var.

“Bəzi deputatlar var ki, müxalifəti çox kəskin şəkildə təhqir edir, aşağılayır”

 

Cərimələrin artırılmasına münasibətini açıqlayan REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib ki, o, özü bir siyasətçi və siyasi təşkilatın üzvü kimi təhqirlərə, alçaldıcı ifadlərə çox pis baxır: “Fərq etməz bu siyasi openentlərə qarşı və yaxud hər hansı siyasi düşərgə daxilində olsun, təhqir və alçaldıcı ifadələr ən axırıncı arqumentdir. Bu hökumətin, prezidentin siyasətini tənqid etmək üçün kifayət qədər arqument və fakt var. Bu tənqidi rəqəmlər, arqumentlər, tezislər üzərində qurmaq daha doğrudur. Ona görə də, öz fikrini hər hansı bir təhqirə, alçaldıcı ifadəyə yol vermədən bildirmək daha məqsədəuyğundur. Çünki təhqir o zaman olur ki, sənin arqumentin yoxdur. Arqumenti olmayan insanlar çox zaman təhqirə keçməyə üstünlük verirlər. Yaxşı siyasi üslubda, insanların baş düşəcəyi tərzdə, heç bir alçaldıcı ifadə və təhqir işlətmədən siyasi openentlərin bir-birinə qarşı mübarizə aparması və sosial şəbəkələr, mətbuat üzərindən bir-birinə müraciətlərin ünvanlanması daha məqsədəuyğundur. Amma burada ikinci bir tərəf var. Dövlət və hökumət yetkililəri, məmurlar da öz dilinə, üslubuna fikir verməlidirlər. Bəzi deputatlar var ki, müxalifəti çox kəskin şəkildə təhqir edir, aşağılayır, bunlara qarşı da cəza tədbirlərinin görülməsinə, cərimələrin tətbiq olunmasına ehtiyac var. Çünki siyasəti mədəni-siyasi üsluba, mədəni diskussiyaya, debat yerinə çevirməyə ehtiyac var. Bu da ölkədəki ümumi ab-havaya müsbət təsdir edəcək bir addim ola bilər”.

“Məmurlar jurnalistlərin yazdıqlarına daha tolerant yanaşmalıdır”

N.Cəfərli jurnalistin qanuni peşə fəaliyyətinə mane olan şəxslərə görə cərimələrin artırılması ilə bağlı məsələdə Əflatun Amaşovun fikri ilə razı olduğunu dedi: “Əsasən, jurnalistlərin peşə fəaliyyətinə mane olan kimlərdir? Çox zaman məmurlardır, onlar ya açıqlama vermir, ya da çox kobudcasına açıqlama verir və yaxud jurnalistin qoyduğu suala cavab verməyərək, onların peşə fəaliyyətini həyata keçirməyə mane olur. Amma bu günə qədər hətta o aşağı cərimələrlə belə, neçə məmur bu qanun pozuntusu üzrə cəlb olunub və cərimə ödəyib, bir statistika varmı? Mənim şəxsən yadıma belə bir məsələ gəlmir. Bu qanunların sərtləşməsi vacibdir, amma bunun həyata keçirilməsi daha vacibdir. Bu günə qədər heç bir məmur jurnalistlərin peşə fəaliyyətinə mane olduqlarına görə cəzalanmayıbsa, cərimlənməyibsə, o zaman bu qanunun sərtləşməsinin və yaxud sərtləşməməsinin heç bir əhəmiyyəti qalmır. Əslində, açıq və şəffaf olmağa, cəmiyyəti informasiya ilə təmin etməyə borclu olan kəsimin çox ciddi şəkildə cəzalandırılması və peşə fəaliyyətinə mane olduğuna görə, hətta aşağı da olsa belə, cərimələnməsi digərləri üçün də bir dərs olar. Amma çox təəssüf ki, Azərbaycanda bu, çox nadir hallarda rast gəlinən bir praktikadır. Əslində, Azərbaycanın Avropa Şurasına üzv dövlət kimi Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı verdiyi qərarlar var. Bu qərarlar əmsal qərarlar olmalıdır. Azərbaycanın özünün götürdüyü öhdəliklərə görə, Azərbaycan qanunvericiliyindən də üstündür. Təbii ki, jurnalist də öz yazılarında faktlara əsaslanmalıdır, böhtan xarakterli yazılar yazmamalıdır. Amma təhqirə və yaxud aşağılayıcı ifadələrə gəldikdə, bu məhkəmənin özünün verdiyi qiymətlə bağlıdır. Avropa Məhkəməsinin bununla bağlı çox vacib qərarları olub. O əmsal xarakterli qərarlarda belə bir yanaşma var ki, məmur daha tolerant, açıq olmalıdır, hətta təhqir sərhəddinə yaxın olan tənqidə dözümlü yanaşmalıdır. Çünki o dövlət büdcəsindən maaş alır, dövlətdən çox böyük üstünlüklər qazanır və bu üstünlüklərin əvəzi olaraq jurnalistlərin yazdıqlarına daha tolerant yanaşmalıdır. Əslində, mənim də dünyagörüşümə uyğundur ki, heç bir kəs, hətta jurnalist belə, tənqiddən təhqirə keçməməlidir. Aşağılayıcı ifadələr istifadə etməməlidir. Amma buna baxmayaraq məmurlar, təniqdə məruz qalan publik şəxslər və siyasətçilər də buna dözümlü və daha tolerant yanaşmağa öyrəşməlidirlər”.

 

“Balıq ovuna görə dünyanın çox ölkəsində həcm məhdudiyyəti var”

 

Ekspert vurğuladı ki, balıq ovuna görə cərimələrin artırılmasında ikili yanaşma var: “Biri var, doğurdan brokenyerlik məqsədilə o işlər həyata keçirilir və brokonyerlər bu işi görürlər, həm balıqların çoxalmasına maneçilik törədirlər. Bununla bağlı tədbirlərin sərt olmasına ehtiyac var. Bir də var, su hövzələrinə yaxın yaşayan vətəndaşlar işsizlik, gəlirlərinin az olması ilə bağlı gündəlik dolanışıq üçün 2-3 balıq tutub bu işi görürlər. Onda onlara qarşı dözümlü olmaq lazımdır. Onlara qarşı belə sərt tədbirlər görülsə, ən azından onlar o cəriməni ödəyə bilməyəcəklər və bu sonra da məhkəmə presedentlərinin artmasına səbəb olacaq. Ona görə də bu cərimələri uyğulayan dövlət və hökumət qurumları hər fakta görə ayrıca qərar verməyə borcludurlar. Çox təəssüf ki, orada heç cür mədudiyyət, yəni həcm məhdudyyəti qoyulmur, ancaq dünyanın çox ölkəsində həcm məhdudiyyəti də var. Brokonyerlik o zaman hesab olunur ki, külli miqdarda balıq və yaxud heyvan ovlanılır, yəni bu satış məqsədilə edilir. Bu zaman ciddi cərimələr və cəzalar tətbiq olunur. Ancaq orada həcm göstərilməyib. Belə çıxır ki, qeyri-qanuni bir balıq tutan ilə min balıq tutana eyni cərimə tətbiq olunacaq. Bu da mənə elə gəlir ki, ədalətli yanaşma deyil”.

“Rüşvəti yaradan səbəblər aradan qaldırılmalıdır”

N.Cəfərli rüşvət verən tərəflə bağlı cərimlərinin artırılması haqda fikirlərini belə izah etdi: “Rüşvəti verən də, alan da cinayət törədir. Amma bu cinayətin hansının cəmiyyət üçün daha təhlükəli olduğu məsələsi ortalığa çıxmalıdır və rüşvəti yaradan səbəblər aradan qaldırılmalıdır. Bir anlıq təsəvvür edək ki, bu dünyanın hər yerində belədir. İnsanlar daha rahat öz işlərini görməyə çalışır. Rüşvət götürə bilən kateqoriyaya aid və vəzifəsinə görə bu təkliflərə açıq olan məmur sayı çox azdır. Əhali isə 9-10 milyondur. 9-10 milyon əhalini tərbiyələndirməkdənsə, onları rüşvətdən uzaq tutmaqdansa, rüşvətə çıxış imkanları olan məmurlara qarşı daha ciddi, sərt tədbirlərin görülməsi vacibdir. Bu daha ciddi effekt doğura bilər. Son zamanlar işədüzəltmə ilə bağlı dələduzluq işləri çox artıb. Məhkəmələrdə bunu görürük, mətbuatda da tez-tez bununla bağlı xəbərlər çıxır ki, kimlərsə hansısa şəxsləri işə düzəltmək üçün ondan dələduzluq yolu ilə külli miqdarda pul alıb və işə düzlətməyərək o pulu mənimsəyib. Kimsə o sualın mahiyyətinə varmır ki, nəyə görə o rüşvət verən insanları Azərbaycanda pulla işə düzəltmək mümkündür? Bu anlayışın ümumiyyətlə ortadan qalxması lazımdır. Azərbaycan vətəndaşı düşünməlidir ki, pul verib işə düzəlmək mümkün deyil. O zaman rüşvətin, korrupsiyanın bu növünün də qarışısını kəsmək mümkündür. Nə qədər ki, Azərbaycan cəmiyyətində bu anlayışlar oturuşub, Azərbaycan xalqı, cəmiyyəti inanır ki, rüşvət verərək öz problemini həll edə bilər, buna qarşı belə sərt addımlarla mübarizə aparmaq çətindir. Əsas məsələ odur ki, insanlar düşünsünlər ki, Azərbaycanda rüşvətlə işə düzəlmək, rüşvətlə məhkəmədən qərar almaq, rüşvətlə polisdən, vergidən, gömrükdən canını qurtarmaq mümkündür. Yəni bu anlayış oturuşmalıdır. Necə ki, inikişaf etmiş ölkələrdə bu belədir. Hər hansı bir almana yaxınlaşıb desəniz ki, polisə 100 avro verib canını qurtara bilərsiniz, o alman sizə gülər. Çünki bu mümkün deyil, o polis 100 avronu götürməyəcək. Zamanla Azərbaycanda elə bir düşüncə tərzi oturuşmalıdır, insanlar bilməlidirlər ki, pulla, rüşvətlə problemləri həll etmək olmaz, ancaq qanunla öz problemlərini həll edə bilərlər. Nə qədər ki, bu fəlsəfə oturuşmayıb, düşünürəm ki, tək cəzalarla, cərimələrlə bu məsələnin qarşısını almaq mümkün olmayacaq”.

“Hakimlər üçün bir əl yeri qoyurlar ki, siz ədalətsiz qərar çıxarda bilərsiniz”

 

N.Cəfərli nəzərə çatdrdı ki, ədalətsiz qərar çıxartmaq qanun pozuntusudur: “Ölkədə ədalətin bərqərar olunmasında ən vacib institutlardan biri məhkəmələ olmalıdır. Ədalətisz qərar çıxarılırsa, demək qərəz var. Qərəz isə cinayətdir. Cərimə ilə bu məsələni həll etmək mümkün deyil, axı. Məsələn, hər hansı bir hakim bir mülklə bağlı ədalətsiz qərar çıxartmağına görə kimlərdənsə 50-100 min rüşvət alırsa və bu sonradan məlum olursa, ona görə hakimin 7-8 min cərimə ödəməklə canını qurtarması doğru deyil. Ən azından hakimlər üçün bir əl yeri qoyurlar ki, siz ədalətsiz qərar çıxarda, bunun üçün müəyyən məbləğlər ala bilərsiniz və kiçik bir cərimə ödəməklə məsuliyyətdən azad ola bilərsiniz. Bu tamamilə hüquq anlayışına zidd bir yanaşmadır. Məhkəmə ədalətin simvolu olmalıdır. Hakim ədalətsiz qərar çıxardırsa, o cinayət məsuliyyət daşıyır və ciddi şəkildə azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır”.

“İstər sadə vətəndaş, istər də jurnalist hər hansı bir cümləni yazmadan öncə dəfələrlə düşünəcək”

 

Natiq Cəfərli cərimələrin belə kəskin artırılmasında iki önəmli faktorun olduğunu diqqətə çatdırdı: “Birincisi, təbii ki, büdcədə yaranan problemlərdir. Büdcədə yaranmış prbolemin bir hissəsini cərimələr vasitəsilə vətəndaşın çiyninə qoymaqla ödənilməsi yanaşması var. İkincisi isə çəkindirci funksiyadır. Özünüsenzura yaratmağa cəhddir. Dediyim kimi, təhqirlə tənqidin sərhəddini hakimi müəyyən edəcəksə, bu subyektiv bir fikirdir, bu, həm jurnalistlərdə, həm də sosial şəbəkə iştirakçılarında özün sönzüra yaranması üçün atılmış addımdır. Bu gün bu cərimələr qüvvəyə mindikdən sonra, istər sadə vətəndaş, istər də jurnalist hər hansı bir cümləni yazmadan öncə dəfələrlə düşünəcək. Bu da özünü senzuraya gətirib çıxaracaq ki, bəzən tənqidi də hakimlər təhqir kimi yoza bilər və onu cərimələyə bilər”.

Şamo EMİN
Hurriyyet.org

11:05