Mikayıl Cabbarovdan laqeydlik: Pulu yeyilən fəhlələr aksiyaya hazırlaşır

 

Pulu yeyilən fəhlələr aksiyaya hazırlaşır təhsil naziri Mikayıl Cabbarov açıq şəkildə saymazlıq edir; Məktəb tikintisində işləmiş fəhlələrin pulunu ala bilməməsi barədə mətbuatda haray çəkməsinə baxmayaraq, nazir reaksiya vermir. Belə ki, fəhlələr nazirə müraciət yazır, mediada tirajlayır, amma onların zəhmət haqqı ödənilmir.

M.Cabbarov qədər heç bir nazir ona edilən müraciətlərə belə biganə, laqeyd mövqe nümayiş etdirmir. Nazirlik tərəfindən tikilən məktəbdə işləyən ustalar əmək haqlarını hələ də ala bilmirlər. Bu barədə nazirə müraciət ünvanlayan Sabirabadın Qarağac kənd sakini Əsgərzadə Əsgər Nizami oğlu məlumat verib. O, Ağdamın Mirəşəlli kəndində nazirliyinin sifarişi ilə "BƏRPA” MMC tikinti şirkəti tərəfindən 2 mərtəbəli, 800 kv.m ölçüdə orta məktəbin tikintisində çalışdığını qeyd edib.

“Kəndimizdən 4 nəfər Ağdam rayonuna betonbərkitmə işləri görmək üçün getmişdik. 2 ay müddətə məktəbdə beton işi gördük. Gördüyümüz işin pulunu hissə-hissə verirdilər. İşi tamamlayıb təhvil verəndən sonra qalan pulumuzu ala bilmədik. Pulumuzu ala bilmədiyimiz üçün şikayət edəndən sonra iş icraçısı Vüqar Məmişov bizə zəng vuraraq dedi ki, şikayət etsəniz də faydası yoxdur. Çünki Təhsil Nazirliyi hələ də pulu köçürməyib”, - deyə Ə.Əsgərzadə bildirib.

Fəhlələr aksiya keçirməyə hazırlaşır. Onların dediyinə görə, Təhsil Nazirliyinin pulu köçürdüyünü sonradan öyrəniblər:  Amma iş icraçısı Vüqar Məmişov pulumuzu mənimsəyib. Ona görə təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik, halal 1650 manatımızın verilməsinə bizə köməklik göstərsin.

Fəqət nazir tükünü də tərpətmir. Maraqlanmır ki, nazirliyin sifarişi ilə tikilən məktəbdə tender şirkəti maliyyəni hara xərcləyib, TN-dən ayrılan pul hara gedib. Məktəblərin cari təmiri məsələsi hər zaman gündəmdə olan bir məsələdir. Cari təmir məsələlərinin konkret olaraq hansı dövlət qurumu tərəfindən həyata keçirilməli olduğu qaranlıq qaldığı üçün bu işlər hər zaman təhsil sistemi üçün müəyyən problem və narazılıqlar yaradır. Hər tədris ili başa çatdıqdan sonra növbəti tədris il üçün məktəblərin cari və əsaslı təmiri, yenidən tikintisi işlərinə başlanılır. Amma məktəblərin cari təmir məsələləri üçün konkret məbləğdə hansısa vəsaitlər ayrılmır. Buna görə müəyyən ehtiyacları olan məktəblərin direktorları cari təmir məsələlərini həll etmək üçün "təmirpulu", "fondpulu" yığımı həyata keçirirlər. Bəzi xırda işlərin həllində konkret valideynlərin, böyük məsələlərin həllində isə bir çox valideynlərin köməyindən istifadə edilir.

 

Ulus.Az

 

09:14