Məhəmməd Talıblı: “Dövlət büdcəsinin həcmi kiçilməklə kövrəkliyi də artıb”

 

 

Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasında 2017-ci il “Dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsinə zərurət var idimi? Dəyişikliyə əsasən, büdcənin gəlirləri hissəsi 16 milyard 766 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 milyon manat çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 milyon manat, Vergilər Nazirliyi üzrə 135 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 50 miyon manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

Vergilər Nazirliyi üzrə nəzərdə tutulan 135 milyon artım onu göstərir ki, vergi ödəyicilərinin yükü bir az da artırılacaq. Bu da sahibkarların işini çətinləşdirəcək. Sahibkarlar isə nəticədə bu xərcləri əhalidən çıxacaq. Dövlət Gömrük Komitəsi tərəfindən toplanılan xidmət haqlarının tariflərinin artması da Dövlət Gömrük Komitəsi üzrə 50 miyon manat vəsaitin artmasına səbəb olub. Yenidən baxılan 2017-ci il dövlət büdcəsinin xərcləri isə1 milyard 41 milyon manat artırılaraq 17 milyard 941manata çatdırılıb. 511 milyon manat artıma baxmayaraq büdcənin xərclər hissəsi də kifayət qədər artıq nəzərdə tutulur. Bu da kı büdcə kəsirinin artmasına ciddi səbəbdir. Dövlət büdcəsinin kəsiri 530 milyon manat artırılaraq 1 milyard 175 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Yenidən təsdiq olunan dövlət büdcəsi xarici dövlət borclarının artmasına da səbəb olub. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın öhdəliklərinin restrukturizasiya proqramının qəbulundan sonra xarici kreditorların xeyrinə 2,4 milyard dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacağı bildirilir. Hökumətin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin borc yükünün altına çiyinləri verməsi onu göstərir ki, hələ də bank sistemi sərbəst deyil, sistemdə idarəçilkdə ciddi nöqsanlar var. Bütün bunların isə əziyyətini ölkə vətəndaşları çəkir, cəkəcək də. Əslində, xarici borcun artması hər bir vətəndaşın borc yükünün artmasıdır. Niyə kimlərinsə taladığı əmlak dövlətin, vətəndaşın üzərinə borc yükü kimi artmalıdır? Dövlət bu qədər banklara güzəştə gedir, ancaq hələ də bank sistemindəki boşluqlar aradan qaldırılmır. Buna səbəb nədir? Milli Məclisin ötən iclasında “Dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilən zaman maliyyə naziri Samir Şərifov “Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri ilə bağlı dövlətin xarici borcu artsa da, bu, ölkəmizin kredit reytinqinə mənfi təsir etməyəcək” deyib. Bu, ölkəmizin kredit reytinqinə mənfi təsir etməsə də, əslində, xarici borcun artması da heç xoşa gələn hal deyil. Bank sisteminin bərpası, əmanətçilərin hüquqlarının qorunması, bank sisteminə etibarının gücləndirilməsi məqsədilə lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün Fondun nizamnamə kapitalının 546 milyon manat artırılması nəzərdə tutulub. Bu məqamda da dövlətin dəstəyi özünü göstərir. Dövlət dəstək verdiyi halda, elə bu banklar dövlət bankları kimi fəaliyyət göstərsə daha yaxşı olar. Heç bilinmir ki, banklar dövlət bankıdır, yoxsa özəl. Əslində, məmurlara məxsus olan banklara dövlət dəstəyi edilir. Əvvəlcə banklar talanır, sonra da dövlət dəstək verir. Banklar şəffaf bir mühitdə fəaliyyət göstərsələr, təbii ki, ölkədə bank sistemində bu qədər problemlər də baş verməzdi. Bankların iflas proseduru haqqında belə ictimaiyyətə informasiya verilmir. Əslində, iflas proseduru şəffaf aparılaraq bununla bağlı ictimaiyyət məlumatlandırılmalıdır.

“Budəfəki dəyişiklik Milli Bankın bank sektoru ilə bağlı siyasətilə bağlıdır”

 

Mövzu ilə bağlı iqtisadçı Məhəmməd Talıblı bildirib ki, dövlət büdcəsində olan əlavə və dəyişiklər ənənəvi büdcə yanaşmalarıdır: “Bizdə büdcədə may-iyun aylarında proqnoz xətalarına korreksiya məqsədilə belə düzəlişlər edilir. Bu dəfəki dəyişiklik isə Milli Bankın bank sektoru ilə bağlı siyasətilə bağlıdır. Həmçinin “Beynəlxalq Bank”da müəyyən sağlamlaşdırma işləri görülməsi məqsədilə xarici borclanmanın həddinin yüksəlməsi üçün atılan addımla bağlıdır. Xarici borclanmaının həddi 4,5 milyard manata qədər artırılması nəzərdə tutulur”.

“Bu, sahibkarlıq subyektləri üçün əlavə problemlər yaradacaq”

 

Talıblı nəzərə çatdırdı ki, fiskal qurumlarının yığım əmsallarının yüksəlməsi üçün müəyyən tədbirlər planlaşdıırlır: “Vergilər Nazirliyi və Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarının artırılması nəzərdə tutulur. Bu isə sahibkarlıq subyektləri üçün əlavə problemlər yaradacaq. Başqa sözlə, dövlət büdcəsinin həcmi kiçilməklə kövrəkliyi də artıb”.

 

Şamo EMİN,
Hürriyyət.org

 

09:38