Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞID terror təşkilatına qoşulub

 

“300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Uşaqların da ölməsi faktları var”

Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirib.

M. Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir. 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Daha sonra Mədət Quliyev deyib: “Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.

M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

M. Quliyev deyib ki, azərbaycanlı gənclərin radikal dini qruplara qoşulmaması üçün maarifləndirici tədbirlər aparılır: “Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir. Xalqımız prezidentimizin ətrafında sıx birləşib. Təbii ki, belə bir şəraitdə gedib qara işlərlə məşğul olmaq düzgün deyil”.

M. Quliyev deyib ki, Azərbaycanda terror etməyə cəhd edən xeyli sayda qüvvələr olub: “Amma belə terror hazırlıqların qarşısı vaxtında əməkdaşlarımız tərəfindən alınıb. Təbii ki, onlar yenə də belə terror aktları həyata keçirməyə planlaşdırırlar. Amma Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirirlər və belə tədbirlərin qarşısını vaxtında alırlar”.

AzPolitika.info

11:50