Hökumət soyğunçu bahalaşmaya start verdi: Növbəti həmlə nəqliyyata

Natiq Cəfərli: “Bahalaşmanı yaradan inhisarçılıqdır”

Qazın, işığın və dərman preparatlarının qiymətinin artırılması növbəti mərhələdə digər sahələrə də təsirsiz ötüşməyəcək. Ekspertlərin fikrincə, Tarif Şurasının qaz, elektrik enerjisi və dərman preparatlarının qiymətlərinin artması ilə bağlı qərarının həm psixoloji və həm də iqtisadi təsirləri olacaq.  Psixoloji təsirlər qısa zaman çəksə də, iqtisadi təsirlər uzun müddətli və davamlı olacaq. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq ki, bu da əhalinin hazırda çətin olan sosial vəziyyətini daha da dərinləşdirəcək. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq.

“Gediş haqqı da artacaq”

Maraqlıdır, növbəti mərhələdə daha hansı sahələrdə bahalaşma gözlənilir? İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, təbii inhisarlardakı bahalaşma nəqliyyat sektorunda olacaq: “Çünki elektrik enerjisinin qalxması bəzi sahələrə, o cümlədən, metrodakı gediş haqlarına təsirini göstərəcək. Onsuz da metroda rəsmi şəxslərin söylədiyi kimi maya dəyəri çox yüksəkdir. Çox güman ki, yanvarın 1-dən nəqliyyatda, o cümlədən metroda gediş haqqı artacaq. Bundan başqa sahibkarların kiçik istehsal sahələrində, kənd təsərrüfatında istilikxanaları işlədən fermerlərdə, bir çox bu sahələrdə ciddi qiymət artımının olması ehtimalı var. Çünki həmin sahələrdə xidmətdə  və xırda istehsalatda  elektrik enerjisinin maya dəyərinində həcmi kifayət qədər yüksəkdir. Yəni, müxtəlif hesablamalar var. Təqribən 25-30 faiz maya dəyərinin enerji daşıyıcılarının qiymətləri təşkil edir. Təbii ki, qiymətlər qalxdıqca kişik sahibkarların yükü artacaq,  onlar məcburən istehsal etdikləri və xidmət göstərdikləri sahələrdə qiyməti artırmağa çalışacaqlar. Bu çox ciddi bir məsələdir. Həm kənd təsərrüfatında, həm xidmət sahələrində - kiçik kafelərdə, restoranlarda , çorək və şirniyyat sexlərində, makaraon, vermişel istehsal edən kiçik sexlərdə, eyni zamanda süd istehsal edən kiçik işlətmələrdə kifayət qədər qiymətlərə təsir edə biləcək artım olacaq”. Ekspertin sözlərinə görə, son zamanlar qiymətlər sürətlə artıb: “Qiymət artımı kifayət qədər əhalinin üzərinə yük qoyacaq. Qiymətlərin artımı sıxılacaq səviyyədə olacaq. Benzinlə bağlı son zamanlar müəyyən problemlər yaşanır.  “Preimum” markalı benzinin ölkəyə gətirilməsində problemlər var. Tarif Şurası o zaman qərar verərkən guya bu sahəni liberallaşdırmışdı. Yəni, iş adamları bu sahə ilə məşğul ola bilərdilər. Amma indi məlum olur ki, bir “SOCAR Petroil”lə, SOCAR Premumdan başqa  heç bir oyunçu bu bazarda yoxdur. Ölkədə valyutanın bahalaşması xaricdən gətirilən benzinin həcminin kifayət qədər azalmasına səbəb olur. Yerli istehsalda da müəyyən azalma müşahidə olunur ki, bəzi neftayırma zavodlarında təmir işləri görünür. Çox güman ki, gələcəkdə məhz bu məsələləri irəli çəkərək benzinin qiymətində müəyyən artım müşahidə olunacaq. Neftin qiyməti təqribən 50 dollar civarında qalsa, gələn ilin əvvəlində ola bilsin ki, bu sahələrdə də müəyyən addımlar atılsın. Amma digər  sahələrdə - xidmət, istehsal və ticarət də daxil olmaqla bütün sahələrdə Tarif Şurasının son qərarı bu qiymət artımına təsir göstərəcək”.
Natiq Cəfərli əlavə edib ki, əslində manatın məzənnəsi birbaşa bu proseslərdən asılı deyil: “Amma ümumi proseslərdən və ümumi trendlərdən asılıdır. Çünki büdcədə yaşanmış bu problemlərin bir qisminin həllini hökumət manatın məzənnəsinin aşağı salınması ilə düşünür. Valyuta ehtiyatları kifayət qədər kritik həddə qədər enib. Onları qorumaq üçün büdcə qarşısında manatla olan öhdəlikləri yerinə yetirmək üçün müəyyən dərəcədə məzənnənin haradasa zəifləməsində hökumətin marağı var. Çox güman ki, bu proses getdikcə artan templə gedəcək. Həm Neft Fondunda, həm də Mərkəzi Bankda rezervlərin maksimal dərəcədə qorunmasına çalışılacaq. Ölkənin valyuta gəlirləri kifayət qədər aşağı səviyyədədir. Amma xərclərimiz idxaldan çoxdur. Asılılığın aradan qaldırılması yaxın gələcəkdə, ən azı yaxın bir neçə ildə görünmür. Çünki hökumət bu yöndə ciddi addımlar atmır, islahatlara getmir. Əsas yükü əhalinin çiyninə qoymaqla məşğuldur”.

Alçina Amilqızı
(Cebhe.info)

12:19