Efirdə analoq siqnalından rəqəmsala

Televiziyanın həyatımıza təsiri danılmaz bir faktdır və müasir dövrümüzdə hər bir şəxs bu və ya digər dərəcədə televiziya izləyicisidir. Əksər hallarda izləyici olaraq televiziya verlişlərini internet, smartfon qurğular və ya ənənəvi televizor üzərindən izləyirik və bu seyr, sadəcə, proqramların izlənməsi ilə yekunlaşır.

Etiraf edək ki, televiziya proqramlarını seyr edərkən, bunun hansı texnologiya üzərindən həyata keçirildiyini, telesiqnalın hansı sistem əsasında necə və harada yarandığını fikriləşmirik. Təbii ki, bu prosesi təmin edən texnologiyalar müxtəlifdir, analoq və rəqəmsal yayım. Müasir dünyada artıq analoq yayım öz aktuallığını itirib. Dünyanın, demək olar ki, əksər dövlətlərində analoq yayım rəqəmsal efir yayımı ilə əvəz edilir. Rəqəmsal siqnalın üstünlüklərindən faydalanmaq üçün dünya XXI əvvəllərindən etibarən müasir veriliş standartlarına keçməyə başlayıb. Məhz bu proses artıq Azərbaycanda da müvafiq Dövlət Proqramına uyğun icra edilməyə başlanılıb. Bu, Azərbaycan prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq gerçəkləşib. Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Yayımın rəqəmsal formatının tətbiqi bu perspektivli texnologiyanın texniki-iqtisadi üstünlükləri ilə əlaqələndirilir.
Rəqəmli TV yayımının üstün tərəfləri kifayət qədərdir. Onun adi analoq şəbəkələrindən əsas fərləndirici cəhəti görüntünün yüksək keyfiyyəti, tezlik resurslarına qənaətin edilməsi, çoxlu sayda kanalların və əlavə xidmətlərin göstərilməsində imkanın olmasındadır. Qeyd edək ki, səs və görünüş maneələrinə qarşı zəif müdafiə, eləcə də, hər kanal üçün tələb olunan olduqca geniş radiotezlik zolağı analoq sisteminin əsas nöqsanları idi. Mütəxəssislərin qənaətinə əsasən, bu səbəbdən efirdə 20-dən, kabeldə isə nadir hallar istisna olmaqla 70-dən artıq kanal yerləşdirmək mümkün deyildi. Şübhəsiz, kanal paketini dərhal qoşmaq/ayırmaq xidməti həm abunəçi, həm də operator üçün rahat olan xidmətdir. Lakin bu xidməti analoq siqnalı ilə tətbiq etmək olmurdu. Üstəlik, analoq televiziyası olduqca güclü, geniş ərazini əhatə edən ötürücü tələb edirdi. Çünki analoq qəbuledicilərində keyfiyyətli görünüş əldə etmək üçün güclü siqnal lazımdır. Göründüyü kimi, analoq yayım efirində radiotezlik spektri heç də səmərəli istifadə olunmur, qonşu ərazilərdə veriliş eyni kanalda verilə bilmir, nəhayət, yayıma çıxmaq üçün dəqiq tezlik planlaşdırılması tələb olunur. Bütün bu nöqsanlar rəqəmsalda mövcud deyil. Siqnalın necə kodlaşdırılması və nəyin vasitəsilə sıxışdırılması isə müvafiq standartla müəyyən olunur.
Rəqəmsal yayıma keçiddə məqsəd olaraq daha çox sosial olmaqla bütün ölkə ərazisində yüksək keyfiyyətli yayımın təmin edilməsi hədəf olaraq qarşıya qoyulur. Rəqəmsal ilə analoq televiziyası arasındakı fərqi hiss etmək üçün rəqəmsal ilə analoq səsi, ya da şəkili misal gətirib, onları öz aralarında müqayisə etmək kifayətdir. Əgər analoq televiziyasında görünüş və səs zolağı elektrik analoq siqnalı vasitəsilə kodlaşdırılıbsa, rəqəmsal televiziyada bu prosesdə, təbii ki, rəqəmsal kodlaşdırma tətbiq olunur. Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması, verilişlərin arxivləşdirilməsi və yazılması imkanı, verilişin dilinin və subtitrlərin seçilməsi imkanı və s. rəqəmsalın üstün tərəfləridir. Rəqəmsal televiziyaya keçid televiziya tamaşaçılarına efir yayımının yüksək keyfiyyəti ilə yanaşı, geniş imkanlar əldə etməyə imkan verir.
Qeyd edək ki, bu prosesə əvvəlcədən hazırlıq işləri görülmüşdür. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılmış və teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda, Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin satışının təşkilinin təmin edilməsi tövsiyə edilmişdir. Müasir dövrün və zamanın tələbinə uyğun olaraq rəqəmsal yayıma keçid, ilk növbədə, müasir televiziya üçün yeni keyfiyyət standartı, müasir yayım formasıdır.

19:36