Dövlət xəstəxanaları pullu xidmətə keçir

 

Azərbaycanda bir sıra dövlət xəstəxanaları pullu əsaslarla xidmət göstərəcək.

Nazirlər Kabineti tərəfindən pullu xidmətlərin siyahısı təsdiqlənəcək və onlara görə dəqiq qiymət müəyyənləşdiriləcək. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaxın gələcəkdə rayon mərkəzi xəstəxanaları, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası, Respublika Talassemiya Mərkəzi və bir neçə poliklinikaya publik hüquqi şəxs statusu veriləcək.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bu yolla dövlət büdcəsinin xərclərini azaltmaqla yanaşı, rəqabət hesabına xəstəxanalarda göstərilən xidmətin də keyfiyyətini artırmaq mümkün olacaq. Amma Nazirlər Kabineti tərəfindən xidmət haqları müəyyənləşdirilərkən bəzi şəxslərə güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Belə olduqda isə xəstəxana rəhbərliyi rəqabətə tab gətirmək üçün müştərilərə daha yaxşı xidmət göstərmək istəyəcək və daha peşəkar həkimlərlə işləmək üçün tibb işçilərinin əmək haqlarına artım edəcək. Hansı tarixdən etibarən xəstəxanalara publik hüquqi şəxs statusunun veriləcəyi isə dəqiq bilinmir.
Qeyd edək ki, hakimiyyət yetkililərinin apardıqları geniş miqyaslı təbliğatlarda hər zaman biz sosial yönlü siyasət yürüdürük ideyası artıq fiaskoya uğramağa başlamışdır. Dövlətin milli gəlirlərinin haraya və necə xərclənməsi barəsində açıqlama verməyi sevməyən bu iqtidar görəsən növbəti dəfə əhalinin kasıb təbəqəsini daha hansı sınaqlarla imtəhana çəkəcək? Hakimiyyət devalivasiya siyasətini yürütməklə büdcədə yaranmış boşluqları daim əhalinin üzərinə yükləmək taktikası ilə hərəkət etdikcə, bu ölkədə yaşamaq da bir əzaba çevrilir.
 

Cebhe.info

 

09:25