DİM-in imtahanlardan qazandığı fantastik məbləğ - 1 ilə 7,5 milyon

 

"Dövlət İmtahan Mərkəzinin (DİM) sınaq və qəbul imtahanlarından böyük qazanc əldə edib”.

Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, public hüquqi şəxs olan qurumun gəlirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olduğu vaxtlardan qat-qat artıqdır. Təhsil eksperti statistik göstəricilərə əsasən DİM-in bu il ərzində keçirdiyi imtahanlardan əldə etdiyi gəliri hesablayıb. Oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq BakuPost.az həmin rəqəmləri təqdim edir: "2017/2018-ci tədris ilində magistr pilləsinə sənəd qəbulunda cəmi 13 073 bakalavr ərizəsini təsdiq edib. Müqayisə üçün qeyd edim ki, 2016-cı ildə imtahanda iştirak etmək üçün 24110, 2015-ci ildə imtahanda iştirak etmək üçün 23230 (2014-cü ildə 24560) bakalavr ərizə təqdim etmişdi.  Magistr pilləsinə qəbul olmaq üçün birinci mərhələdən qeydiyyatdan keçən bakalavrların sayı qeyd etdiyim kimi, 13 073 nəfər olub. Hər bir bakalavr imtahanının birinci mərhələsində iştirak etmək üçün 50 manat ödəyib. Deməli, magistr imtahanının birinci mərhələsindən DİM 653 650 manat gəlir əldə edib. Rezidenturaya qəbul olmaq istəyənlərin sayı isə 1075-dir. Rezidenturaya qəbul olmaq istəyənlərin isə hər biri birinci mərhələdə iştirak etmək üçün 60 manat ödəyib. Məlum olur ki, rezidenturaya imtahanının birinci mərhələsindən DİM 64 500 manat gəlir əldə edib. Bu rəqəmləri toplasaq aydın olar ki, DİM magistr və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsindən 718 150 manat gəlir əldə edib. İkinci mərhələdə isə ixtisaslaşma seçimində 8189 bakalavr iştirak etdi ki, onların da hər biri bu mərhələdə iştirak etmək üçün 60 manat pul ödədi. DİM də bundan 491 340 manat gəlir əldə etdi.

Bakalavr piləsinə qəbul olunmaq üçün isə vəziyyət bir az fərqli idi. Belə ki, 2017-2018-ci tədris ilindən etibarən ali məktəblərin I-IV qrupları üzrə abituriyentlər seçdikləri ixtisas qrupları üzrə istəklərinə uyğun olaraq iki dəfə iştirak edəcəklər. Bu il imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

I qrup üzrə 27490 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 25603 nəfər).

II qrup üzrə 19641 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 18676 nəfər).

III qrup üzrə 17916 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 16752 nəfər).

IV qrup üzrə 4922 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 4621 nəfər).

İlk növbədə qeyd edim ki, I – IV qruplar üzrə 69969 nəfər (o cümlədən yaz imtahanında iştirak edəcək 65652 nəfər) elektron ərizəsini təsdiq edib.

Bunların hər biri 40 manat məbləğ ödəmiş olur (Cari ilin məzunları üçün bu məbləğ dövlət büdcəsindən ödənir). Deməli I-IV qruplar üzrə DİM 5 424 840 manat ((69969+65652)x40) gəlir əldə edib. V ixtisas qrupu üzrə 34153 nəfər abituriyent elektron ərizəsini təsdiq edib ki, ərizəsini təsdiq etmək üçün hər abituryent 40 manat xidmət haqqı ödəyib. Deməli DİM V ixtisas qrupu üzrə 1 366 120 manat (34153x40) gəlir əldə edib. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmiş və elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı isə 36076 nəfərdir ki, onların da hər biri bu mərhələdə keçirilən test imtahanında iştirak etmək üçün 20 manat ödəyiblər. Deməli DİM kolleclərə keçiriləcək imtahandan 721520 manat (36076x20) gəlir əldə edəcək. Ümumilikdə DİM 11 apreldə başa çatan sənəd qəbulundan 7 512 480 manat (5424840+1366120+721520) gəlir əldə edib”.

Kamran Əsədov qeyd edib ki, bu, xalis qazanc deyil: "Çünki DİM imtahan prosesini təşkil etmək üçün xərclər çəkir ki, bu xərclər də onların daxili sirlərdir.  Bunlarla yanaşı DİM IX və XI siniflər üçün buraxılış imtahanları da keçirib ki, hər iki imtahanın pulunu iştirakçılar yox, dövlət DİM-ə ödəyəcək. Bunları da nəzərə alsaq, publik hüquqi şəxs olan DİM-in gəlirləri TQDK olduğu müddətdən dəfələrlə çoxdur”.

Nigar

BakuPost

09:33