Bəzz mühasirəsi yarıldı: Milli Hərəkatın möhtəşəm uğuru

 

Ağrı Qaradağlı: “Milli Hərəkat öz gücünü molla rejiminə göstərdi”

İyunun 30-da yüzlərlə Güney Azərbaycan Milli Hərəkat fəalı Babək Xürrəminin ad gününü qeyd etmək üçün Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına (Bəzz qalası) yürüş ediblər. Fəallar qalada üzərinə “Siyamək Mirzayi azad olunmalıdır” şüarı yazılmış plakatlar qaldıraraq onun və digər azərbaycanlı siyasi fəalların azadlığa buraxılmasını tələb ediblər. Polis tədbir keçirildiyi zaman Babək qalası və ətraf məntəqələrdə təhlükəsizlik tədbirlərini gücləndirib. Tədbir iştirakçılarından bir neçəsi qaladan qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumata görə saxlanılan fəallardan bir neçəsinin kimliyi müəyyənləşdirilib: Murtaza Pərvin - Ərdəbildən, Rəhim Novruzi - Ərdəbildən, Hamid Rəvadi - Ərdəbildən, Əkbər Cahangiri - Əhərdən. Qalaya gedən fəalların bir çoxundan heç bir xəbər olmadığına görə tutulanların sayının çox olduğu ehtimal edilir. Qeyd edək ki, ərəb işğalçılarına qarşı savaşmış xalq qəhrəmanı Babək Xürrəminin doğum günü münasibətilə hər il iyunun sonunda Babək qalasına ənənəvi yürüş keçirilir. Yürüş son illərdə əvvəlki səviyyədə keçirilməsə də, qalaya mərasim keçirməyə gedən fəalların sayı kifayət qədərdir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Türkiyə təmsilçisi Ağrı Qaradağlı bildirib ki, Milli Hərəkat uzun fasilədən sonra Bəzz qalasına yürüşü gerçəkləşdirib: “Bildiyimiz kimi 2003-cü il Bəzz qalasına yürüşün zirvəsi oldu. Elə həmin ildə Güney Azərbaycan bayrağı yüz minlərcə hərəkatçı tərəfindən dalğalandı, bunu görən və qorxuya düşən fars rejimi Bəzz qalasını mühasirəyə almağa çalışdı. 2004-cü ildə yürüşə saylı günlər qalmış bir çox tanınmış hərəkatçı həbs olundu, bəziləri də yürüş olacağı gün polis tərəfindən hədələndi. Beləliklə, aksiyanı əngəlləməyə çalışsalar da, yürüş yenə də baş tutdu. Son illər İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəzz qalasını tamamilə mühasirə edərək yürüşlərə icazə vermirdi. Ancaq bu ildən yenidən aksiyalarda canlanma yarandı. Yürüş əsasən Milli Hərəkatın gənc fəalları və 1995-ci ildən fəaliyyət göstərən, hərəkatın təməlini atan təcrübəli hərəkatçıların iştirakı ilə keçirilib. Təbriz, Ərdəbil, Əhər, Kəleybər, Muğan, Şəbistər, Xalxal və digər şəhərlərinin hərəkatçıları tərəfindən keçirilən yürüş baş tutdu”.

Ağrı Qaradağlı onu da qeyd edib ki, məlum yürüşlə hərəkat öz gücünü fars rejiminə bir daha göstərmiş oldu: “Bu yürüş ilk dəfə "Bu qala daşlı qala" mahnısını oxuyaraq başlandı. Daha sonra milli istəklər - "Yaşasın, Azərbaycan", "Türk dilində mədrəsə olmalıdır hər kəsə", "Haray-haray mən türkəm", "Milli məhbuslara azadlıq", "Kürd, fars, erməni, Azərbaycan düşməni", "Siyamək Mirzayiyə azadlıq" və sair şüarları səsləndirildi. Qeyd etmək yerinə düşər ki, Siyamək Mirzayi bir ildir ki, "Evin" həbsxanasında çox çətin şəraitdə saxlanılır. Ona bildiriblər ki, məhkəmə sənədləri itdiyi üçün naməlum müddətə həbsxanada saxlanılacaq. Siyamək Mirzayi də buna etiraz olaraq aclıq aksiyasına başlayıb. O, 18 gündür ki, aclıq aksiyası keçirir”.

Ağrı Qaradağlı deyib ki, İran rejimi bir neçə dəfə intizam qüvvələri yürüşü dağıtmağa çalışsa da, buna nail olmayıb: “Yürüşün sonunda əmniyyət qüvvələrinin tapşırığı ilə intizam qüvvələri hərəkatçılara hücum edərək onları vəhşicəsinə dəyənəklərlə vurmağa başladılar. Çıxan qarşıdurmada bir neçə milli hərəkatçı yaxalandı. Bizə məlum olanların siyahısı təxminən aşağıdakı kimidir: Murtəza Pərvin, Hamid Rəvaci, Səccad Sedqi, Rəhim Novruzi, Əkbər Cahangiri, Seyid Araz Qaradaği, Mohəmməd Mərdi, Milad Əkbəri, Rəhim Zareyə, Həsən Qaradaği, Rza Aqayi və Mehdi Əkbəri. Onu da qeyd etmək lazımdır ki, Mehdi Əkbərinin 11 yaşı var, o uşaqdır. Ancaq buna baxmayaraq Mehdi Əkbərini belə 15 saat sorğu-suala tutduqdan sonra sabah saatlarında sərbəst buraxıblar”. 

GAMOH təmsilçisi onu da vurğulayıb ki, hazırda həbs olunanların yaxınlarında əldə etdiyikləri məlumata görə, fəalları Təbrizdə ETALLAT-da saxlayırlar: “Hələlik hər birinə 10 günlük ETALLAT-da saxlanma qərarı verilib. Bu müddəti birbaşa Tehranın təlimat əsasında təyin olunub. 10 gün sonra hansı qərarın veriləcəyini də Tehran bəlli edəcək. Amma məhbusların səhhətindən və saxlanma şəraitindən dəqiq bir məlumat əldə edə bilmədik. Böyük ehtimalla fəallar işgəncə və basqı altında saxlanılır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:46