Bir qrup alim qadın Mehriban Əliyevaya müraciət etdi

 

 

Onlar AMEA rəhbərliyindən mənzil hüquqlarının pozulmasına görə şikayətçidirlər
 

Yasamal rayonu Şərifzadə 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasında yaşayan 50-dən çox ailə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Qeyd edək ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Müraciətdən sonra prezidentin göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı Şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu Şərifzadə - 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin (118 ailə) 65 kvadratmetrdən az olmayaraq, mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib. Sözügedən bina tikilib başa çatsa da, ev bölgüsü zamanı AMEA ilə sakinlər arasında narazılıq yaranıb. Belə ki, iyunun 14-də AMEA-nın bir qrup əməkdaşına sözügedən binadan ev verilməsi barədə rəsmi məlumat yayıldı. Mənzil alan alimlərin sayı 54-dür, ancaq mənzil alanların adları açıqlanmayıb. Sakinlərin Cebhe.info-ya verdiyi məlumata görə müraciət 20 ildən artıqdır ki, 18 kvadratmert sahədən ibarət yataqxana otaqlarında yaşayan, hüquqları AMEA rəhbərliyi tərəfindən pozulan qadınlar tərəfindən edilib.

Müraciətdə bildirilir:

“Hörmətli Mehriban xanım! Məlumunuz olsun ki, 2012-ci ildə möhtərəm prezidentimiz İlham Əliyevin xeyir duası ilə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün bir bloklu 16 mərtəbəli bina tikilmişdi. 118 sakinin imzası ilə baş tutan layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşib. Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qurumda yaradılmış komissiya heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən artıq ailəyə mənzil verməməklə həmin ailələrin haqlı narazılığına səbəb olub. Bununla bağlı olaraq biz AMEA rəhbərliyi tərəfindən qəbul olunmağımızı tələb etmişik və bütün bunlar KİV-də işıqlandırılıb. Bundan sonra Akif Əlizadə və onun ətrafında cəmlənmiş şəxslər media orqanlarında faktlara söykənməyən açıqlama verməklə guya bizim sui-istifadəçi olmağımızı, bəzi sakinlərin AMEA-da işləməməsini əsas gətirmişlər. Qeyd etmək yerinə düşər ki, mənzil almamış ailələrin bir qismi 2014-cü ildə ixtisar adı altında işdən çıxardılmış və həmin şəxslərin məhkəmələrə və yuxarı dövlət orqanlarına şikayət etmələrinin qarşısını almaq üçün onlara sakit dayanmaları və ixtisar olunaraq işdən çıxarılmalarının tikiləcək binalarda mənzilllərin verilməsi ilə heç bir əlaqəsinin olmayacağı bildirilib. Bu səbəbdən ixtisar adı altında işdən kənarlaşdırılmış şəxslər AMEA rəhbərliyinə inanaraq vaxtında heç yerə bununla bağlı müraciət etməyiblər. Görünən odur ki, AMEA rəhbərliyi bundan məharətlər istifadə edərək guya yataqxanada yaşayan və mənzil verilməmiş sakinlərin AMEA-da işləmədiklərini hər addımbaşı gözə soxmaqla artıq qalan mənzillərin özləri tərəfindən mənimsənilməsinə şərait yaratmaq üçün əllərindən gələni edirlər. Lakin, başa düşmürlər və ya başa düşmək istəmirlər ki, xeyli sayda insanların hüquqlarını pozub onlara qanunsuz olaraq mənzil verməməklə həmin insanları dövlətdən narazı salmaqla məşğul olurlar. Bu günə qədər bizim açıq etirazlara başlamamağmızın səbəbi mərhum prezident Heydər Əliyev ideyalarına olan sevgi və sədaqətimizdəndir. Lakin, AMEA-nın prezidenti Akif Əlizadə və onun ətrafında olan şəxslər bunu bilərək yataqxanada 20 ildən artıq yaşayan və hüquqları pozulan sakinləri sui-istifadəçi kimi qələmə verməklə hüquqlarını tapdalayır. Dəfələrlə biz AMEA-nın inzibati binasının qarşısında toplaşaraq rəhbərlik tərəfindən qəbul eidlməyimizi tələb etsək də, Akif Əlizadə bizi qəbul etməkdən qəti şəkildə imtina etmişdir. Onun ətrafında olan şəxslər Akif Əlizadəni ilahi qüvvə kimi təqdim etməklə yanaşı “kimə istəyirsiniz şikayət edin, onsuzda hər şey sonunda Akif müəllimin istədiyi kimi olacaqdır” deməklə bizlərdən yataqxana otaqlarını boşaltmağı tələb etmişlər. AMEA-nın rəhbərliyində təmsil olunan şəxslər yataqxanada yaşayan sakinlərin narazılıq və etirazlarına əhəmiyyət verməyərək bizə qarşı insani münasibət göstərməyiblər. Bütün bunlar azmış kimi AMEA-nın vitse prezidenti, millət vəkili, akademik, İsa Həbibbəyli daha da irəli gedərək bu binada yaşayan və mənzil hüququndan məhrum edilmiş 50-dən artıq ailəni KİV-də təhqir edərək “ağılsız adamlar” adlandırıb. Öz məsuliyyətini başa düşməyən və bizləri təhqir etməkdən belə çəkinməyən millət vəkilinin bu sözləri bizim vətəndaş kimi təhqir olunmağımızdan əlavə Azərbaycan dövlətçiliyinə, mərhum prezident Heydər Əliyev ideyalarına və möhtərəm prezident İlham Əliyevin xalq üçün gecə-gündüz yorulmadan çəkdiyi əziyyətlərə xəyanətdən başqa bir şey deyil.

Yuxarıda qeyd etdiyimiz binada yaşayan və hüquqları pozulmuş 50-dən çox ailə hesab edir ki, AMEA rəhbərliyi Azərbaycan vətəndaşlarını insan yerinə qoymur. Bütün bunlar isə hörmətli cənab prezidentin demək olar ki, bütün iclaslarda səsləndirdiyi “mən vətəndaşlarımın xidmətçisiyəm” və bu qəbildən olan digər şüarları ilə daban-dabana ziddiyyət təşkil edir. Akif Əlizadə özünü sadə vətəndaşlardan üstün tutaraq bizim qanunla tənzimlənən elementar hüquqlarımızı pozur və öz maraqları naminə haqqımız olan mənzilləri bizə verməkdən imtina edir. Hətta yaratdığı komissiyanın mənzil verilməsindən imtina etməsi barədə qərarları belə bizə göndərməkdən imtina edir. Həmin komissiyanın mənzil bölgüsü ilə əlaqədar rəhbər tutduğu kriterialar ədalətsiz olmaqla qeyri müəyyən xarakter daşıyır. Komissiyanın bizə mənzil verilməsindən imtina edilməsi barədə gəldiyi nəticələrin ləğv olunması yalnız ölkə rəhbərliyinin iradəsi ilə mümkündür. Ona görə də Sizdən xahiş edirik ki, komissiyanın qeyd olunan qərarlarının ləğv olunması barədə göstəriş verəsiniz.

Hörmətli birinci vitse prezident!

Biz AMEA rəhbərliyinin qeyd etdiyi kimi sui-istifadəçi deyilik və sadəcə olaraq haqqımıza düşəni istəyirik. Son zamanlar Sizin və cənab İlham Əliyevin vətəndaşların maraqları naminə gördüyü işlər bizləri çox ümidləndirir. Son ümid olaraq sizə müraciət edirik və əminik ki, Sizlər bizim haqq işimizi müdafiə edəcəksiniz və problemin ədalətli həll olunması istiqamətində addımlar atacaqsınız”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:42