“Beynəlxalq Bank kimi bu banklar da ölkəmizi dünyada rüsvay edir”

 

“Amma Palatamız susur və heç bir tədbir görmür”

Məlum olduğu kimi, “Caspian Development Bank” “AtaBank”a qoşulmağa hazırlaşır. Adını birləşmə qoyublar, amma formal olaraq bu, qoşulmadır, çünki yeni bankın adı yenə “AtaBank” olacaq. Amma “Caspian Development Bank”ın maliyyə vəziyyəti “AtaBank”dan qismən yaxşı olduğu üçün böyük ehtimalla faktiki, əksinə, “AtaBank” ona qoşulur. Bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib

“Qanuna görə 5 gün ərzində cavab verməli olan Palata hələ də susur”
 

“Belə ki, “AtaBank” artıq 1 ilə yaxındır ki, vətəndaşların əmanətlərini qaytarmır. Hətta bir xarici vətəndaşın 1 milyon dollarını da. Həmin vətəndaş bankı məhkəmədə də udub və hətta fevralın 27-də Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib ki, bu bankı müflis elan edin. Lakin qanuna görə 5 gün ərzində cavab verməli olan Palata hələ də susur. Bank sisteminə belə nəzarət edir?” - deyə hüquqşünas sual edir.

““SPİD” və “sifilis” xəstəsi olanların “ailə qurmasına” axı necə icazə vermək olar?”

“Digər tərəfdən, "Caspian Development Bank" da öhdəliklərini icra etmir və bunu belə əsaslandırır ki, adımı dəyişmişəm, əvvəlki adım olan "Kövsər"ə görə cavabdeh deyiləm. Bir sözlə, nacinslər kimi əslini danır. Məsələn, bir xarici vətəndaşın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola 120000 avrosunu ödəmir. Buna görə də dünən Palataya həmin xarici vətəndaşın nümayəndəsi qismində məktub göndərərək bu bankların “nikah”ına etiraz etmişəm. “SPİD” və “sifilis” xəstəsi olanların “ailə qurmasına” axı necə icazə vermək olar? Adının dəyişdirilməsi kimi absurd arqumentə əl atan təbii ki, indi də başqa banka qoşulduğunu əsas gətirərək borclarının ödənilməsindən yayınacaq”, - deyib hüquqşünas.

Həsənov qeyd edib ki, Palatadan bankın vicdansız hərəkətlərinə münasibət bildirməyi və məhkəmə aktını icra edərək borcunu ödəməsinə təsir göstərməsini istəyib: “Beynəlxalq Bank kimi bu banklar da ölkəmizi dünyada rüsvay edir. Amma Palatamız susur və heç bir tədbir görmür”.

Şamo
Hurriyyet.org

 

11:04