Azərbaycanın xaricdəki bir neçə səfirliyi bağlanacaq?

“Gələn il Xarici İşlər nazirliyinə 220 milyon manat vəsait ayrılıb. Bu vəsait kifayət qədər azdır”. Bu sözləri deputat Fəzail Ağamalı dekabrın 6-da parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib. F.Ağamalı maliyyə çatışmazlığına görə xaricdəki bir neçə Azərbaycan səfirliyinin bağlanılmasının gözlənildiyini qeyd edib.

 “Maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə isə 300 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri?”, deyə deputat sual edib.
Deputatlar üç gün ərzində "2017-ci il dövlət büdcəsi haqqında"; "2017-ci il üçün ehtiyac meyarları haqqında"; "2017-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında" qanuna layihələrini, Parlamentin və Hesablama Palatasının xərclər smetasını müzakirə edəcəklər. Dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manat səviyyəsində proqnozlaşdırılır. Parlamentin spikeri Oqtay Əsədov müzakirələrdə bildirib ki, problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyub. Gələn il iqtisadiyyatın real inkişafı proqnozlaşdırılır.

Azadliq.org

10:30