Azərbaycanda kreditləşmə çöküb

 

"Bu ilin ilk 7 ayı ərzində bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 milyard 476,2 milyon manat, və ya keçən ilin eyni dövrünə nisbətən 15,54 faiz azalıb. Keçən il də kreditləşmə azalmışdı, bu ilin ilk 7 ayında isə kreditləşmə, hətta, keçən ildən də 16 faizə yaxın az olub."

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada bütün ölkələrdə iqtisadi aktivlik əsasən 3 yolla, və ya bu 3 yolun uğurlu tətbiqinə görə olur: “Birinci, dövlət investisiyaları, ikinci, bankların biznesə (daxili investisiyalar üçün) və vətəndaşa (istehlak kreditləri üçün) verdiyi kreditlər, üçüncü, xarici investisiyalar. Bizdə dövlət investisiyaları azalıb, bu investisiyalar həmişə ciddi korrupsiya mənbəyi olub, həm də siyasi loyallığın satın alınmasına xidmət edib. Yəni, heç vaxt effektiv olmayıb, amma iqtisadi aktivliyə öz töhfəsini verib. İndi xərclər azalıb, loyallıq da, dövlət xərcləri hesabına qurulmuş primitiv iqtisadi aktivlik də azalır.

Banklar tam batıb, ölüb, sadəcə özlərinə demirlər – nə verdikləri krediti geri yığa bilirlər, nə yeni kredit xətləri aça bilirlər. Hamısı böyük valyutadəişmə məntəqəsi kimi primitiv fəaliyyət göstərirlər. Amma neftin baha, hakimiyyətin kefinin kök vaxtı həm biznes kreditləri, əsas da istehlak kreditləri iqtisadi canlanmada, artımda ciddi rol oynayırdılar, indi isə bu sahə də çöküb. Xarici investorlar bura dünyanın düz, neftin baha vaxtı gəlmirdilər, indi isə öz investisiya “xəritələrindən” Azərbaycanı çoxdan siliblər. Yeganə neft-qaz sektoruna investisiya gəlib, gəlir, gələcək. Çünki orada “oyun qaydalarını” bizim hökumət poza bilməz, buna ixtiyarı çatmır. Deməli, iqtisadi aktivliyin bu yolu da ölkədə tıxanıb. Hər 3 yolda böyük iqtisadi “tıxac” və keçilməsi müşkül “çalalar” var, amma rəsmi təbliğat hələ də deyir ki, bizdə hər şey əladır. İqtisadi islahatlar davam edir, sabitlik və sakitlikdir, pambıq əkirik, şərab çəkirik, barama yığırıq, fındıq toplayırıq, bununla da ölkəni inkişaf etdirəcəyik. Bu gün yayılan rəsmi məlumata görə bu ilin ilk 7 ayında Gürcüstandan Azərbaycana 102 342 şüşə gürcü şərabı ixrac olunub, bu da ötən ilin analoji dövründən 170 faiz çoxdur”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:02