"Azərbaycanda benzinin qiyməti ABŞ-dan yüksəkdir"

 

Nazim Bəydəmirli: “SOCAR-ı ayaqda saxlamaqdansa, xaricdən benzin almaq daha sərfəlidir. Rusiya şirkətləri Aİ 95 benzinin 1 tonunu qonşumuz İrana 440 dollara satır. İranda bu markalı benzinin istehsalı olmadığından bizim kimi idxal edilir. Bu benzin bizə yəqin 20 dollar ucuzuna, yəni maksimum 420 dollara gətirilə bilər, o da 0.31 dollar olur. SOCAR-ı ayaqda saxlamaqdansa xaricdən benzin almaq daha sərfəlidir". Bu fikirləri iqtisadçı-alim Nazim Bəydəmirli yazıb.

Keçmiş deputat Nazim Bəydəmirli bunları deyib: Mənim yazdıqlarım kommersiya sirri deyil. Rusiya ilə əlaqələrim olduğundan İran İslam Respublikasındakı iş adamlarından bununla bağlı müraciət almışdım. Mən onları Rusiyanın “Rosneft” şirkəti ilə əlaqələndirdim. Nəticə etibarı ilə Aİ 95-ın 1 tonu üçün 440 dollar təklif olundu.“Rosneft” şirkətinin Samara zavodu Qorqan stansiyasından İran İslam Respublikasına Ermənistandan keçməklə dəmiryolu vasitəsilə Aİ 95 benzini daşıyır. Bilirsiniz ki, texnologiya səbəbindən neft ölkələrinin əksəriyyəti Aİ 95, yaxud Aİ 98 benzini istehsal edə bilmir. Rusiya isə SSRİ zamanı qurulan bir sıra zavodların hesabına avro 4, avro 5 standartına uyğun Aİ 95, Aİ 98 istehsal edir. Avropa ölkələrinin əksəriyyətində də minik avtomobillərində bu benzindən istifadə olunur. 30 ildən çox embarqo şəraitində yaşadığından İran da neftayırma zavodlarını yeniləyə bilmir.Amma son illərdə qonşu ölkə neftayırma zavodlarını yeniləşdirməyə qərar verib.

SOCAR Aİ 95 və Aİ 98 markalı benzinin istehsalı üçün vaxtında qərar qəbul etməli idi. Vaxtilə Ələt tərəfdə SOCAR-ın neftayırma zavodu tikməsi gündəmə gəlmişdi. Hansını ki, Azərbaycan öz vəsaiti ilə bu zavodu inşa etməli idi. 8-ci kilometrdə və Babək prospektindəki zavodların köçürülməsi qərara alınmışdı, amma böhran səbəbindən bunlar ertələndi. Dünya iqtisadiyyatında qəbul olunmuş standart var, texnoloji avadanlıqların olmaması səbəbindən özün istehsal edə bilmirsənsə, xam nefti Ukrayna, Rumıniya, Türkiyə kimi ölkələrə ixrac edərək həmin markalı benzinlərdən almalı olursan. Bəli, özümüz Aİ 98 və Aİ 95 markalı benzini istehsal etsəydik, yaxşı olardı. Amma SOCAR-ın indiki vəziyyətində bu imkan yoxdur. Yəni texnologiyanı almaq üçün böyük vəsait lazımdır… Hökumətimiz zamanında özəl investisiya cəlb etməli idi. Ondaxam neftdən daha çoxgəlir əldə bilərdik…

İstənilən halda aksiz və idxal vergiləri var, bu isə qiyməti bazar qiymətinə uyğunlaşdıracaq. Azərbaycan kimi dövlətlər yüksək standartlı benzin istehsal edə bilmədiyindən əlavə rüsum tətbiq edirlər. Yəni biz yüksək standartlı benzin istehsal edə bilmədiyimizdən, əlavə rüsumlar tətbiq edərək, qiyməti süni bahalaşdırırıq. Bununla da SOCAR həm idxal maraqlarını qoruyur, həm də yerli istehsal maraqlarını. Ona görə də əhali bahalı benzin almağa məcbur olur. İndiki halda Azərbaycanda benzinin qiyməti ABŞ-dan yüksəkdir.

Hurriyyet.org

09:32