Azər Qasımlı: “Bizi nə BMT-də, nə də Minsk Qrupunda dəstəkləyən var”

 

Qarabağı qaytarmaq üçü güclü diplomatiyamız olmalıydı, olmadır. Keçən il Aprel döyüşləri zamanı tam doğru olaraq iqtidarın keçirdiyi əməliyyatları dəstəklədim. Çünki bu əməliyyatlar çox effektiv başlamışdı, Ordumuz irəliləyirdi, torpaqlarımızı sürətlə azad edirdi, Rusiyanın və digər ölkələrin bizə qarşı hər hansı bəyanatı yox idi. Sözün yaxşı mənasında cəmiyyətdə də ruh yüksəlişi və canlanma vardı. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL İdarə Heyətinin üzvü Azər Qasımlı “feysbuk”səhifəsində yazıb.

Xarici siyasətdə ciddi problemlər var

“Biz hakimiyyətə müxalif olsaq da, ordumuza dəstək verdik. Çünki kim nə deyir desin, ordumuz bizim ordumuzdu, yalnız iqtidarın yox. Bu gün də Aprel döyüşləri olsa yenə də ordumuza dəstək olacağıq. Qarabağ problemi yalnız danışıqlarla həll olunası deyil, həll olunmadı da. Qarabağ beynəlxalq hüquqa görə bizim ərazidir və biz haqlı tərəfik. Lakin hüquqa görə haqlı tərəf olsan da, dünya siyasətində sadəcə hüquqa əsaslanaraq özünü qoruya bilməyəcəksən. Özünü qorumaq üçün güclü ordunla bərabər güclü xarici siyasətin olmalıdır. Ordu ilə aşağı-yuxarı hər şey aydın olsa da (halbuki ordumuz peşəkar, daha nizamlı və daha çevik olmalıdır), xarici siyasətdə ciddi problemlər var. Qarabağı qaytarmaq üçün müttəfiqlərimiz, güclü diplomatiyamız olmalıydı, olmadı. Bizi nə BMT-də, nə də Minsk Qrupunda dəstəkləyən var. Bu artıq faktdır. Minsk Qrupu effektiv format deyil. Lakin biz Minsk Qrupundan çıxa bilərikmi? Çıxsaq nə olacaq? Sizcə, Rusiya, ABŞ və digər ölkələr bunu necə qarşılayar? Məsələn, desək ki, Qarabağ bizimdir, özümüz bilərik, əməliyyata başlayırıq. Sizcə, bizi ABŞ, Rusiya və digər açar ölkələr dəstəkləyəcəkmi? Dəstək verməsələr və bu əməliyyatlara qarşı olsalar (halbuki 100% qarşı olacaqlar) nə edəcəyik? Deyim sizə ki, Qarabağı müstəqil dövlət kimi tanıyacaqlar... Ən azı belə bir ehtimal var.

“Mövcud iqtidar müxalifət olmağı heç düşünmür”

 

Diplomatiya çətin və incə işdir. Çətinliyi sadəcə işin xüsusiyyətində, prosesin özəlliyində deyil. Diplomatiya ona görə çətin işdir ki, bunun ciddi məsuliyyəti var. Danışmaqla, yazmaqla deyil. 9 milyonluq xalqın yükünü, teleyini və gələcəyini hiss etmirsənsə, bu işlə nəinki məşğul olmaq, bu haqda heç yazmaq və danışmaq da yersizdir. Burada iqtidar-müxalifət ayırımı yoxdur. Çünkü müxalifət özünü sabahki iqtidar kimi aparmalıdır. Bu rola hazır olub yola çıxmalıdır. Mövcud iqtidar isə müxalifət olmağı heç düşünmür. Ona görə onun Qarabağ dərdi yalnız hakimiyyəti saxlamaq dərdidir, başqa heç nə".

Hurriyyet.org

 

09:29