AD GÜNÜ», YOXSA «DOĞUM GÜNÜ» DEYİLMƏLİDİR?

Xaqani Ədəboğlu

Təkrar

Azərbaycan türkcəsində digər türk dilli xalqlardan fərqli olaraq doğum gününə «ad günü» deyilir. Hətta bir neçə dəfə Türkiyədən olan dostlarımız bu deyimin yanlış olduğunu söyləyiblər. Amma biz -türklər üçün yanlış olan əslində «doğum günü» deyilişidir.

Çünki ta qədimdən hələ sang-sak cəmiyyətində düşmən öldürməyən ər adsız yaşayardı. Ad qoyma törəsi sonrakı dönəmlərdə Oğuzlarda qaldığının «Kitabi Dədə Qorqud»da yetərincə izləri var. Doğuşdan aslanlar arasına düşmüş Aruzun oğlu qamışlıqdan çıxıb tez-tez at basardı. Onun Basat adı (yəni «at basan») bu hadisəylə bağlıdır. Beyrək quldurları ölkədən qovduğuna görə, Bamsı Beyrək adı almışdı. Dirsə xanın oğlunun adı dastandan belə keçər: «Bayandur xanın ağ meydanında bu oğlan cəng etmişdir. Bir buğa öldürmüş. Sənin oğulun adı Buğac olsun».

Dastanda Amran (İmran) Oğuz elində əmin-amanlığı qoruduğu üçün bu adı almışdı. Dədə Qorqud Bəkil adını elin qüdrətlənməsinə göstərdiyi xidmətə görə vermişdir. Ad almamış ərlər mənsub olduqları tayfanın adıyla çağrılardılar. Belə ərlərə evlənmək yasaq olmasa da qız tapmaq problem idi.

Ad əslində hər bir ərin kimlik vəsiqəsi sayılırdı. Dədə Qorqud dastanında yalançının adı Yalıncıq olmasını xatırlada bilərəm. Qlpçaq türklərində isə yetkin ərlərə totemlərə uyğun Kobak (Köpək), Konçak (Qancıq) və s. kimi adlar verilirdi. Xatırladım ki, Böyük Çingiz xanın Rusiyaya hücum zamanı öncə yanına çağırdığı və sonra sözlərindən döndüklərinə görə cəzalandırdığı voyevodalar Kobyakovlar, Konçaqovlar və s. onların soyundandır.

Ad qazanmamış ərlərə öldükdə balbal düzəldilməzmiş. Türklərin yaşadığı dünya ömrü bu adın qazanıldığı tarixdən hesablanardı.

Xəzərdən şərqdəki türklər arasında da bu törənin izlərinə rast gəlmək olar. Yenisey türklərinə məxsus runi yazılarını qələmə alan A. Şerbak «Keje eliq Xovu» abidəsinin ön yazısını qeydə alıb: «Oğlan atım Çubuç Inal…ta atım Kumul öqe» (Oğlan adım Çubuç Inal, kişilik adım Kumul Öqe).

Məşhur Bilgə Xaqanın ilk adı isə Mogilyandır…

Siyahını yetərincə uzatmaq olar.

Bu mövzuya dəyərli alimimiz M. Seyidov dönə-dönə toxunub. Sadaladığımız faktlardan aydın görünür ki, türk törəsində «ad qoyma» xüsusi bir mahiyyətə malik olub. Məhz buna görə də ən doğru Azərbaycan türkcəsindəki «ad günü» deyimidir. Görünür ki, «doğum günü» dilimizə törəsiz xalqların dilindən kalka yolu ilə keçmişdir.

ADINIZ VƏ AD GÜNLƏRİNİZ QUTLU OLSUN…

Mənbə fedai.az

Xudaferin.eu

14:01