Yaponiyanın özünümüdafiə dəniz qüvvələri ABŞ hərbi gəmiləri ilə birgə təlimlər keçirir

 

Yaponiyanın Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin özünümüdafiə dəniz qüvvələri Yapon dənizində ABŞ-a məxsus aviadaşıyıcı iki gəmi ilə birgə hərbi təlimlərə başlayıb.

Bəyanatda qeyd edilir ki, təlimlər iyunun 1-də “Ronald Reyqan” və “Karl Vinson” aviadaşıyıcılarının iştirakı ilə keçirilir. ABŞ hərbi-dəniz qüvvələrinin flaqmanı olan “Ronald Reyqan” gəmisi Yaponiyanın Sakit okeandakı Kanaqava prefekturasındakı dayanacaq yerini bir gün əvvəl tərk edərək təlimlərə qatılmaq üçün Yapon dənizinə gəlib.

Yapon özünümüdafiə qüvvələrinə məxsus “Hyuqa” esminesi də daxil olmaqla iki gəmi, eyni zamanda, F-15 təyyarələri ABŞ-ın 10 gəmisi ilə birlikdə aprelin sonlarından həmin regiondadır. Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, yapon və ABŞ hərbçiləri hər bir gəminin manevr imkanlarını müqayisə etməklə yanaşı, həm də informasiya mübadiləsi aparırlar. ABŞ silahlı qüvvələri Şimali Koreyanın nüvə və raket sınaqları fonunda görünməmiş addım ataraq Yapon dənizinə eyni vaxtda iki aviadaşıyıcı gəmi göndərib. Bu təlimlər Şimali Koreyanın təxribatlarının qarşısını almaq üçün Yaponiya-ABŞ ittifaqının qəti addımlara hazır olduğunu nümayiş etdirir. Birgə təlimlərin iyunun 3-dək davam edəcəyi bildirilir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

19:28