Rus imperiyasına boyun əyməyən qəhrəman Kolanı tayfası — MARAQLI FAKTLAR

Azərbaycan xalqının formalaşmasında rol oynamış qədim tayfalar var ki, onlar indi də ölkənin müxtəlif yerlərində sıx şəkildə yaşamaqdadırlar.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış Kolanı tayfası haqqında nə bilirik?

Azərbaycan xalqının formalaşmasında rol oynamış qədim tayfalar var ki, onlar indi də ölkənin müxtəlif yerlərində sıx şəkildə yaşamaqdadırlar.

Özünəməxsus adət-ənənələri, ləhçələri olan bu tayfalar ayrı-ayrı zamanlarda Azərbaycan torpaqlarına köç edib məskən salıblar. Belə tayfalardan biri də ölkədə kifayət qədər məşhur olan Kolanı tayfasıdır.

Hər kəsə məlumdur ki, Azərbaycanın bir çox şəhər və rayonlarında Kolanı adını daşıyan yaşayış məntəqələri yerləşir. Həmin kəndlərdə isə məhz eyni adlı tayfaya mənsub olan insanlar yaşayır. Kimdir kolanılılar, hardan gəliblər?

Qeyd etdiyimiz kimi bu tayfa haqqında başqa-başqa vaxtlarda müxtəlif fikirlər irəli sürülüb. Və bəzi hallarda isə məqsədli, qərəzli araşdırma yazılarına da rast gəlmək olar. Həmin yazılarda kolanıların guya hansısa etnik kökə mənsub olduğu, tarixən assimilyasiyaya uğrayaraq türkləşdiyi qeyd olunur. Lakin Azərbaycanın görkəmli elm xadimi, tarix elimləri doktoru, professor Tofiq Vəliyevin Kolanı tayfası haqqında araşdırmasında həmin tayfanın tarixinin ta qədimlərə gedib çıxdığı, Oğuz nəslinə mənsub bir tayfa olduğu qeyd edilib.

 

AzNews.az Demokrat.az-a isitinadən həmin yazını oxuculara təqdim edir:

“Oğuz tayfa ittifaqına daxil olan ilk orta əsrlərdəki tayfalardan biri də Kolanı tayfası idi. İlk orta əsrlərdə Oğuzlar Azərbaycanın yerli sakinləri kimi oturaq həyat keçirirdilər. Kolanılar Azərbaycanın şimal torpaqlarının əsasən dağətəyi ərazilərində yaşayırdılar. Bu ərazilərə Şirvan, Qarabağ və Azərbaycanın qərb torpaqları Naxçıvan, İrəvan daxil idi.

X-XI əsrlərdə Oğuz tayfa ittifaqının tərkibində olan Səlcuqların yeni axını Xəzərin cənub şərqini bürüdü. Onların çoxu öz qohum tayfalarının-Oğuzların məskun olduqları ərazilərə istiqamət götürürdülər. Lakin hələ böyük Səlcuq sağlığında torpaqlarını çoxsaylı övladları arasında bölüşmüşdü.

Xorasan isə bütünlüklə onun sevimli nəvəsi Musa Kolana verilmişdi.Onun tabeliyində olan tayfaların bir hissəsi Kolanın razılığı ilə Azərbaycanın şimal torpaqlarında yaşayan qohum tayfaların yanına köçüb. Şirvan, Qarabağ, Naxçıvan, İrəvanda yaşayan tayfalar ümumi bir adla Musa Kolanın adı ilə Kolanı adlanmağa başlanıb.

Sonrakı əsrlərdə kolanılara qohum olan Şeyxavənd tayfası da bu ərazilərə gələrək məskunlaşmışdı. Şeyxavəndli tayfası Səfəvilərlə yaxşı münasibətdə olmuş Şah İsmayılın hakimiyyətə gəlməsində və onun müharibələrində fəal iştirak etmişdilər.

Şimala böyük köç XVIII asrdə İrəvan və Azərbaycan torpaqlarını yadelli işğalçılardan təmizləyərək öz hakimiyyəti altında birləşdirən türk tayfası Əfşarların nümayəndəsi Nadirqulu xan III Abbasdan sonra özünü şah elan etdi və iki il keçən kimi Hindistana yürüş başladı. Oradan böyük zəfərlə qayıdan Nadir şah Xorasanda dayanmalı oldu. Lakin burada yaşayan Kolanı tayfa əyanları onun pişvazına çıxmadılar və elan etdilər ki, biz Nadir adlı şah tanımırıq.

 

Üstəlik, Nadir şahın qoşunları Xorasan torpaqlarına ciddi müqavimət göstərdilər. Bundan qəzəblənən Nadir şah onların müqavimətini qırdıqdan sonra rəsmi fərmanı ilə müqavimət göstərmiş əyanlar tayfa üzvləri ilə birikdə Qarabağ, Şirvan, Naxçıvan və İrəvan vilayətlərinə köçürülmüşdür. Onlar hələ ilk orta əsrlərdən burada yaşayan qohumlarının torpaqlarında məskunlaşıblar.

1747-ci ildə Nadir şah öldürüldü. Mərkəzi hakimiyyət zəiflədiyinə görə Azərbaycanda feodal dövlətlər-xanlıqlar meydana gəldi. Vaxtı ilə Nadirqulu xanın şah olmasına etirazlarını bildirən Qarabağın Ziyadoğullar, iyirmidördlər, otuzikilər, cavanşirlər və başqa tayfaları xorasana eləcə də Əfqanıstan sərhəddinə köçürülmüşdülər.

Nadir şahin qətlindən sonra bu tayfaların böyük bir hissəsi öz el-obalarına qayıtdı. Kolanıların bir qismi isə Xorasana köçdü. Əsrin sonuna yaxın İrəvan və Naxçıvanda yaşayan kolanıların bir hissəsi yararlı torpaqların azlığı üzündən Qarabağda Xaçınçay və Tərtərçay arasındakı ərazilərdə yaşayan qohumlarının yanına köçüb gəldilər.

Yeri gəlmişkən bir-birindən məsafəcə nisbətən uzaqda yaşasalar da kolanılar heç zaman əlaqələrini kəsmirdilər. Çətin anlarda köməklərini qohumlarından əsirgəmirdilər.

İrəvan xanı Hüseynəli xanın (1759-1783) məktublarının birində kolanıların rəşadətlərindən danışılır. Gürcü çarı II İraklinin İrəvana hücumu zamanı Kolanıların düşmənlərə həlledici zərbələr vurmalarından bəhs olunur.

Həm də burada göstərilirdi ki, çətin vaxtlarda Qarabağ kolanıları da qərb torpaqlarında yaşayan kolanılara köməyə gəlirdilər. Hüseynəli xana qarşı üsyan zamanı kolanılar Qarabağ xanı İbrahim xanın (1763-1805) köməyi ilə birləşmişdilər.

Azərbaycanın şimal torpaqları Rusiya tərəfindən işğal olunduqdan sonra da kolanılar çar rejimi ilə barışmırdılar.

 

I Nikolayın yerli əhalinin Rusiyaya münasibəti necədir?

Sorğusuna cavab olaraq çar polkovninki öz məlumatlarında bildirib ki, bizim qanunlara yalnız kolanılar tabe olmaq isdəmirlər. Onlar keçmiş Naxçıvan, İrəvan, Qarabağ və Şirvan xanlıqları ərazilərində yaşayırlar. Çox cəsurdular, verdikləri sözün ağasıdırlar.

XIX əsrdə aparılmış siyahıyaalınmalarda Kolanılar haqqında konkret rəqəmlər gətirilib. Məsələn, 1873-cü ilin kameral siyahısında Şamaxı qəzasındakı Kolanı kəndlərində 500-ə yaxın ev olduğu göstərilir. Kolanıların çox hissəsi Xaçın, Qabartı və Tərtər çaylarının əsasən orta axarları boyunca məskun idi.

 

Siyahıya görə onlar 4 iri kənd icması halında birləşmişdilər. 1872-ci ildə Canyataq, Gülyataq və Qazançını çar hökuməti Sultan bəydən alıb ermənilərə verir. Canyataqda hökumətin sərəncamı ilə atçılıq deposu təşkil edildi. Hər iki yaşayış məntəqəsindən kolanılar Ballıqaya, Manik və Güneypəyə ərazilərinə köçürüldülər.

Kameral siyahıdan aydın olur ki, kolanılar Xaçın və Qabartı çaylarının hər iki sahillərindəki Sırxavənd, Manik, Əliağalı, Əlimədədli, Xaçın, Dərbədli, Cinli, Mollalar, Kürdlər, Zallar, Bezavadlı, Qalayçılı, Başgüney, Ortagüney həmçinin Papravənd, Qarapirim Tərtər çayı üzərindəki “Qara körpü”dən oyana Çıraqlı, Qərvənd, Çərəkdar, Bağlıpəyə və başqa kəndlərdə yaşayırdılar. Bütün bu kəndlərdə 2000-ə dək ev vardı. Xaçınçay boyu yerləşən kəndlərin çoxu Sırxavənd (Şeyxavənd tayfasının adının əhali tərəfindən ifadəsidir.) Kənd icmasına daxil idi. Sovet dövründə bu kəndlər Sırxavənd kənd sovetliyində birləşdirilmişdi.

XX əsrin əvvəllərində Cavanşir və Şamaxı qəzalarında yaşayan kolanıların ümumi sayı 8-10 min nəfərdən çox olub.

 

Kolanılar kolxozlaşmaya qarşı

Yuxarıda göstərildiyi kimi Kolanılar bütün dövrlərdə azadlıqsevərlikləri ilə seçilir və mövcud rejimlərlə barışmırdılar. XIX əsrin sonunda Xaçın kolanılarının Cavanşir qəza rəisinə tabe olmadıqlarına və ermənilərin ərazi iddialarına qarşı çıxdıqlarına görə onların bir hissəsi indiki Yevlax rayonunun Malbinəsi kəndinin bir kilometrliyindəki əraziyə sürgün olunub. Buraya göndərilən kolanılar bu ərazidə Kolanı kəndini salıblar.

Azərbaycan Xalq Cümhuriyyətini devirən bolşeviklərin hakimiyyəti illərində də kolanılar öz üsyankarlıqlarından daşınmamışdılar. Xaçınçayı boyu kolanı kəndlərində kollektiv təsərrüfatların gec qurulması da məhz bu amillə bağlı olub.

1920-30-cu illərdə kolanıların sayılıb seçilən kişiləri represiyanın qurbanları olublar və onların çoxu Sibir sürgünündən qayıtmayıblar. 1980-cı illərdə ermənilərin torpaq iddialarına qarşı çıxanların ilk sıralarında kolanıları görmək olardı.

Kolanı mahalı Ermənistan Azərbaycan müharibəsində 10-larla övladını qurban vermiş, onların bir neçəsi Respublikamızın Milli Qəhramanı adına layiq görülmüşdülər. Kolanılar torpaqlarımız uğrunda tarixi düşmənimiz olan ermənilərə qarşı apardıqları qəhramanlıq mübarizələri ilə xalqımızın tarixinə silinməz səhfələr yazmışdılar”.

Cəsur, döyüşkən Oğuz tayfası Yazıdan göründüyü kimi qədim tarixə sahib olan Kolanı tayfası əsl türk milliyyətinə mənsub olan tayfalardandır. Və yaşadıqları ərazilərdə cəsurluqları ilə fərqlənirlər.

Hal-hazırda Azərbaycanda, İran və Türkiyə ərazilərində böyük yaşayış məntəqələrində, eləcə də onlarla ayrıca kəndlərdə toplu olaraq yaşayan kolanılar türk dilində, daha çox Azərbaycan dilində və ya bu dilə yaxın ləhcələrdə danışır. Bu qədər böyük bir tayfanın hər hansı bir digər etnik kökə sahib olması və tarixən assimlyasiyaya uğrayaraq türkləşməsi prosesi mümkün deyil.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda yaşayan əksər etnik qruplar öz dillərini müəyyən dərəcədə, bəzən isə tam şəkildə qoruyub saxlamışlar. Çoxluq tərəfindən assimlyasiyanın mümkünlüyü göz önünə alınsa belə, kolanı tayfasının ayrıca kəndlər halında məskunlaşdığı dağlıq bölgələrdə tamamilə türkləşməsi prosesi heç bir zaman özünü doğrulda bilməzdi.

Əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndindən olan tarixçi araşdırmaçı Şahin Bəhmənoğlu qədim Kolanı tayfasına mənsub şəxslərin ad və soyadlarının araşdırılması zamanı əldə etdiyi faktlardan da məlum olur ki, bu ad və soyadları onların türklüyünü bir daha təsdiq edir.

Gənc tarixçi öz araşdırmasında qeyd edir:

“Tarixən kolanı tayfasına mənsub şəxslərin ad və soyadlarına nəzər saldıqda bu adların heç bir etnik qrupu əks etdirmədiyinin şahidi oluruq. Bu adlar Azərbaycanda işlənən əksər adlar kimi ya islamla bağlı qəbul edilmiş ərəb adları, ya da türk mənşəli adlardır. Məsələn, Səfəvilər dövrü ilə bağlı olan 1578-ci ilə aid mənbələrdən məlum olan tayfa başçıları kolanı Emin (Əmin) bəy və kolanı Şahverdi bəyin adları fikrimizə sübut olaraq göstərilə bilər (2, s. 320).1654-cü ilə aid bir sənəddə Dərələyəz mahalında kolanı nəslindən olan Səfiqulu bəy kolanlı və Əruz (Aruz, ürüz) xan kolanlının adları çəkilir (7, s. 12, 146-147).

1728-ci ilə aid bir mənbədə Naxçıvanın Qışlağat bölgəsinin Kolanı kəndi haqqında məlumat verilmişdir (6, s. 171). Həmin mənbədə əks olunan Kolanı kəndi sakinlərinin adları daha bir sübutdur. Bu mənbədə göstərilən Hüseyn, Qulu, Məmməd, Əvəz, Cabbar, Ocaqqulu, Murad, Dəmirdaş, İsmixan, Maqsud, Arslan, Piri, Kərəməli və başqa adlar göründüyü kimi heç bir etnik qrupu deyil, Azərbaycan türklərini əks etdirir.

Şirvan bölgəsində yaşayan kolanılara aid XIX əsrdə və XX yüzilin əvvəllərində işlənmiş Aşıq Əhməd, Aşıq Soltan, Aşıq Mürsəl, Hüseyn, Orucəli Gorani, Nobat, Hacı Rüstəm, Məşədi Abbas Şirvani, Keçəl Piri, çürük İsmayıl, Məşədi Mustafa, Zeynəb Zərbəli qızı, Ağca Gülağa qızı və başqa, XIX yüzildə və XX yüzilin əvvəllərində Qarabağ Kolanılarında işlənmiş Sultan bəy, Kolanı Əliməmməd, Urfan bəy, Bəhram bəy, Fərzalı bəy, Balabəy, Zallar Araz, Qaçaq Osman, Qaçaq Gəncim və Qaçaq Şahmalı və başqa, Vedi Kolanılarında Məmiş Abbasov, Əsgər Qasımov, Aşıq Qəhrəman, Qılınc Məmməd və başqa, Şahbuz rayonunun Kolanı kəndi sakini Təbriz Orucov tərəfindən hazırlanan kəndin Kolanı tayfasına aid təxminən 200 illik nəsil şəcərəsində əks olunan Bədəl, Mikayıl, İsmayıl, Ocaqverdi, Allahverdi, Dadaş, Yolçu, çölçü, Oruc, Məhəmməd, Əli, Vəli, İslam, Əlif, Qənbər, Muxtar, Nəsrulla, Vəliş, Əsəd, Qasım, Rəşid, Talıb, Bulud, Qurban, Ağca, Xanlar, Lazım, Bayram və başqa adların türk və ərəb mənşəli olduğu açıq-aşkar müşahidə olunur. Həmçinin müasir dövrdə də Kolanı tayfasına mənsub şəxslər əksəriyyət olaraq türk və ərəb mənşəli adlar daşıyırlar”.

Bundan başqa Ş.Bəhmənoğlu öz araşdırmasında kolanı tayfasının türk mənşəli və türkdilli olmasını sübut edən digər faktın onlarla bağlı tarixi yer adlarının olduğunu vurğulayır.

O qeyd edir ki, bir çox yer adları tarixi keçmişi və tayfanın qədimdən danışdığı dili özündə əks etdirir. (ardı var)

P.S. Məqalənin hazırlanmasında tarix elmləri doktoru, mərhum professor Tofiq Talış oğlu Vəliyevin və gənc tarixçi Əhmədov Şahin Bəhrəm oğlunun yazılı araşdırma-materiallarından istifadə olunmuşdur.

Xudaferin.eu

11:47