Xoş gəldin, Xıdır Nəbi bayramı!

Qədim tarixə malik Xıdır Nəbi bayramı əvvəllər Azərbaycanın bütün bölgələrində daha təntənə ilə qeyd edilib. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və digər təbii proseslərlə müşayiət edilib. Hər il qış yarı olanda Böyük Çillə ilə Kiçik Çillə arasında Xıdır Nəbi bayramı keçirilib. Hesablamalara görə, Xıdır Nəbi bayramı Kiçik Çillənin əvvəlində, indiki vaxtla təqribən fevralın birinci ongünlüyünə düşür. AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyevanın müsahibəsi bizim üçün də maraqlı oldu.

-Ruziyə xanım, bir çox mənbələrdə Xıdır Nəbi bayramının ikinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir.

-Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir. Qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə – 40 gün sürən Böyük Çilləyə (22 dekabr – 31 yanvar) və Kiçik Çilləyə (1 fevral – 20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan Kiçik Çillə başlayır. Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi bayramı da çillə günlərinə- fevral ayının 10-na düşür. Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra xəbərçi çərşənbə və boz ay gəlir. Boz aydan sonra isə, o biri çərşənbələr başlayır. Yəni bu bayram Novruza giriş bayramıdır, təbiətin oyanmasına başlanğıcdır.

-Tədqiqatlarda Xıdır Nəbi “suyun, küləyin və havanın himayəçisi” kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir.

-Xıdır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, onun türk xalqları arasında geniş yayılıb. Xıdır Nəbi bayramı – türkdilli xalqlar mifologiyasında mifik obraz, yazın gəlişini xəbər verən mövsüm mərasimidir. Ona görə də bu bayram yerini dəyişmir. Adətən bu bayram qışda, kiçik çillənin 10-cu günü keçirilir.

-Deyilənə görə, Xıdır Nəbinin yel qanadlı atı o qədər sürətlə gedir ki, ətrafda külək yaranır.

- Xıdır Nəbi xalqın yaddaşına həyat gücü, həyat eşqi, od, istilik gətirən bir obraz kimi daxil olub. Bir çox mənbələrdə hazırda yel çərşənbəsində yerinə yetirilən ayinlərin əvvəllər Xıdır Nəbi bayramında qeyd olunduğu yazılır. Deyilənə görə, Xıdır Nəbi bayramından üç gün əvvəl, üç gün də sonra əsən yel onun küləyidir. Ona “Xıdır Nəbi yeli” deyirlər. Xalq arasında deyilir ki, həmin vaxt Xıdır Nəbi yel qanadlı atı ilə obaya çıxır, evləri gəzib öz payını götürür.

- İllər ötdükcə eldən-elə, dildən-dilə ötürülən bəzi adət və ənənələr unudulmağa başlayır. Demək olar ki, unudmağa başlayan Xıdır Nəbi bayramında yerinə yetirilən ayinlər barədə.

- Fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar. Hər qapıda “Xıdır payı” qoyardılar. Kimi bir badyan süd, kimi bir torba un… Həmin payları gecə bir yerə yığıb saxlayardılar. Səhər onlardan iri kömbələr düzəldərdilər və əlavə olaraq, bir də qovut bişirərdilər. Xıdır Nəbi bayramında yeddi nemətdən – (buğda, qoz, fındıq, badam, küncüt, qarğıdalı, arpa) qovurğa qovrulur, qovut hazırlanır. O gecənin adı “Xıdır gecəsi”dir. Deyilənə görə, çox mübarək gecədir. Bayramın atributu isə, qovrulmuş buğda və qovutdur. Xalq inanclarına görə, əfsanəvi Xıdır Nəbi gələn gün qovrulmuş buğdadan çəkilən qovut unundan xəlvət bir yerə qoyurlar. Elə bir yerə ki, ora insan nəfəsi, əl-ayaq toxunmur. Hətta ora onu qoyan adamın özü belə girməməlidir. Hansı evdə qovutun üzərinə Xıdırın barmaq izləri düşərsə, həmin evdə böyük bayram edərdilər, həmin il o evdə ruzi-bərəkət olar. Bir gün əvvəl taxıl qovrularaq kir-kirədə çəkilərək un halına salınardı. Qovut unu böyük bir siniyə tökülərdi və axşam bir tərəfə qoyulardı. Guya gecə vaxtı Xıdır Nəbi atı ilə çaparaq gəlir və qovut ununa əl basır, onu ovsunlayır. Beləliklə də, gələn il bərəkətli olur. Xıdır Nəbi darda qalanlara kömək edən, sevgililəri qovuşduran bir qüvvədir. Sabahı, bayram günü qovut hazırlanırdı. Sadəcə, qovut ununa şirin su tökülərək qarışdırılır və qovut halına gətirilirdi. Bununla yanaşı başqa nemətlər də bişirilərdi. İnsanlar bir-birinə qonaq gedər, şənlik edərdilər. Bayramdan bir gün əvvəl evin kiçik övladını (oğlan uşağı) alma ağacının çubuğu dalınca göndərərlər. Gətirilən şövlər üç tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılar. Axşam evin böyüyü bir-bir şövləri götürüb niyyətlərini sadalayar. Hər şöv bir niyyət üçündür. Yurdun salamatlığı, mal-qaranın məhsuldarlığı, bağ-bağçada bolluq, oğul-qız toyu və sairə niyyətlər edilir. Sonra həmin şövlər dəstələnib orta hissədən pambıqla bağlanar və qabdakı unun üstünə sancılar. Burada Xıdır Nəbinin onların üstündə göz olması üçün ayrıca çubuq qoyular. Gecə düşəndə həmin dəstələnmiş çubuqlar şam kimi yandırılar. Özü yanıb keçənədək ona toxunulmaz. Həm də səhərədək qablardakı una əl vurulmaz. Çünki əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidir.

 

-Müsahibəyə görə çox sağ olun. Gəlin, keçmişdə xalq arasında Xıdır Nəbiyə olan inamı bu gün də yaşadaq. İnanaq ki, Xıdır Nəbi Boz atında gələcək. O gələrkən evlərdə mütləq bayram əhvali-ruhiyyəsi görməlidir. Əgər bu belə olmasa, o, küsüb gedər. Xıdırın küsüb getməsi ilə yaz-bahar gecikər. Nəticədə isə, ruzi-bərəkət azalar.

 

Hər birinizin süfrəniz ruzi-bərəkətli olsun, Xıdır Nəbi bayramınız mübarək!

Hicran Məmmədova

Gəncə

13:56