Xalça Muzeyində “Uçan xalça”

 

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Xalça Muzeyində “Uçan xalça” və “Müasir incəsənət xalçalarda” adlı iki sərgi açılıb. Sərgi Azərbaycan Xalça Muzeyi, Dövlət Rəssamlıq Akademiyası, Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib. Sərginin sponsorları Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək vurğulayıb ki, sərgi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Layihənin məqsədi Azərbaycan və Avstriya arasında müasir incəsənət sahəsində əlaqələr yaratmaq, xalqların mədəniyyətlərarası dialoqunu və təcrübə mübadiləsini möhkəmləndirməkdir. Avstriya tərəfindən layihənin art-məsləhətçisi - rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır. Muzeyin direktoru qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi – Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova Avstriyanın paytaxtı Vyanaya, Vyana Tətbiqi Sənət Universitetinin üç tələbəsi – Afra Kirxdorfer, Anka Qaya Nidzqorska və Eva-Mariya Şerl isə Bakıya dəvət olunublar. Xalçaçı-rəssamlar ölkələrin mədəniyyəti ilə tanış olmaqla yanaşı, “Ənənələr və innovasiyalar” simpoziumu mövzusuna əsasən sərginin konsepsiyası üzərində birgə çalışıblar. Onların eksperimentləri üçün XIX əsrə aid qismən qorunub saxlanılan sumax xalçası əsas olub. Sərgi çərçivəsində tekstil dekoru üzrə ustad dərslər də keçiriləcək.

Layihənin təşkilatçıları sərginin hazırlanmasına kömək edən rəssam və müəllim Tatia Sxirtladzeyə və Vyana Tətbiqi Sənət Universitetinin “Tekstil – azad tətbiqi və eksperimental bədii dizayn” fakültəsinin dekanı Barbara Putz-Pletskoya öz minnətdarlığını bildiriblər. Sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov simpoziumun əhəmiyyətindən danışıb, sərginin ekspozisiyasında yer alan xalçaların unikallığını qeyd edib. Qeyd edək ki, “Crossing” layihəsi Azərbaycan və Avstriyanın müasir rəssamları arasında əlaqələrin yaradılmasında mühüm addımdır. Bu, tətbiqi sənətin sahələrindən birində ənənələrin və innovativ yaradıcılıq meyillərinin kəsişməsini özündə birləşdirən iki mədəniyyət arasında bir körpüdür.

Xudaferin.eu
“Bakı Bürosu”

09:58