“Vicdanım bunu mənə qadağan etdi”- Mehriban Vəzirlə yubiley söhbəti

“Bu uzun yolu düz, eyni xətlə gəlməyi bacaran az-az insanlardan biriyəm”

Bu günlərdə yazıçı-publisist, Qadınların Siyasi Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Vəzir doğum gününü qeyd edib. Cəmiyyətdə öz sözü, sözünün çəkisi ilə tanınan Mehriban xanımla ad günü təəssüratlarından, gördüyü və görməyi istədiyi işlərdən, planlarından danışdıq.

- Mehriban xanım, doğum gününüzlə bağlı hansı təəssüratlarınız var?

- Yubiley yaşı olduğuna görə mənim üçün fövqəladə əhəmiyyətlidir. Dönüb arxaya baxıram, gördüyüm işlərə, yaşadığım həyata, fəaliyyətlərimə. Sanki bir hesabatlılıq məsuliyyəti var: nələr edə bildim, nələri edə bilmədim... Eyni zamanda gələcəyimi düşünürəm -  60-ı tamamladım, necə deyərlər, ömrün çoxu gedib azı qalıb. Növbəti dönəmdə nələri edə bilərəm, nələri etməliyəm, vəzifəm, görəcəyim işlər nələrdən ibarətdir. Bu gün mənim üçün xüsusilə xoşdur - nəvələrim yanımdadır...

- Arxaya baxıb, hesabat verdiniz deyirsiniz. Necə qiymətləndirdiniz arxada qoyduğunuz dönəmləri, nə qənaətə gəldiniz?

- Düşündüm ki, etmək istədiklərimin çoxusunu edə bilmədim. Mühit münbit olmadı, dövrümüz bir qədər çətin dönəmə düşdü.  Keçidlər, azalan demokratiyalar, məhdudlaşan azadlıqlar... Yəni nəyi, niyə edə bilmədim deyə düşünəndə bir az bunu səbəb gətirirəm. Amma eyni zamanda içimdə bir məmnunluq da var. Yəni mənim yerimdə bir başqası olaraq, deyirəm ki, filankəs məndən çox iş gördü, çox yazdı, çox çap olundu. Amma vicdan məsələsinə gələndə görürəm ki, təvazökarlıqdan uzaq olsa da, çəkim ağır gəlir. Çünki dürüst yaşadım, heç bir işim üçün heç kimə baş əymədim. Əlbəttə, insanıq, bir çox məsələlərdə ətrafımızdakılardan asılıyıq. Lakin bu asılılıq şəraitində öz mənafeyim üçün ağ olan nəyəsə qara demədim. Vicdanım bunu mənə qadağan etdi, bu qadağanı pozmadım heç zaman. Xasiyyətim, Allahın verdiyi yüküm qoymadı. Bu uzun yolu düz, eyni xətlə gəlməyi bacaran az-az insanlardan biriyəm.

- Həmişə ictimai-siyasi proseslərin aktiv iştirakçısı olmusuz. Eyni zamanda vətəndaş cəmiyyətinin aktiv nümayəndələrindənsiniz. Hazırda fəaliyyətinizi hansı istiqamətdə davam etdirirsiniz?

- İndi də müəyyən qədər ictimai-siyasi proseslərin içindəyəm. Amma daha çox məşğul olduğum sahə ədəbiyyatdır, araşdırmalardır, kitablardır. Son illərdə araşdırmalarımın məhsulu olan bir neçə kitabım çıxıb. Bu iş çox ürəyimcədir, onu cəmiyyətə bir töhfəm hesab edirəm. Azərbaycanda heç vaxt araşdırılmayan sahələri araşdırmışam. Düşünürəm ki, Azərbaycan insanı, Azərbaycanın tarixi şəxsiyyətləri öz haqqını almayıb. Bizdə ictimai mənafe naminə çalışan insanlar heç vaxt dövlət tərəfindən qiymətləndirilməyib. haqqında tarixi araşdırmalar olmayıb, kitablar yazılmayıb. Azərbaycan müstəmləkə olub. Müstəmləkə olan ölkəyə öz tarixini, öz kimliyini tanıtmırlar. Bizim milli kimliyimizi təmsil edən insanlar öyrənilməyib. Mən onların bəzilərinin həyatını araşdırdım, haqlarında kitab yazdım. Arxivlərin qaranlıqlarında qalan əlyazmalarını tapıb çıxartdım. Düşünürəm ki, bu, öz qiymətini alacaq. Əslində bunu da elə-belə deyirəm. Gözləmirəm ki, kimsə buna görə mənə “sağ ol” desin. Bilirsiniz, adətən, düşmənlərimiz bizi dostlarımızdan daha yaxşı tanıyır, bizim kimliyimizi dəqiq bilirlər. Kimliyimizi dəqiq bildikləri üçün bizimlə mübarizə aparırlar. Amma dostlarımızın çoxu bizi yaxşı tanımır. Buna görə də nə qiymət istəyirəm, nə dəyər... Mən ədəbiyyata yeni gələndə burada bir mükafat savaşı vardı. Onda da mən hiss etmədim ki, hansısa mükafat - tutalım ki, Rusiyanın hansısa jurnalının mükafatını-filan istəyirəm. Belə umacaqlar mənə qəribə, boş bir iş gəlirdi...

- Deyirsiniz, tarixi şəxsiyyətlər haqqında kitablar çap etdirmisiniz. Cəmiyyətin o kitablara marağı, oxuma səviyyəsi sizi qane edirmi?

- Qətiyyən qane etmir. Bəzən soruşurlar ki, kitabların yayım işi, satışı necə gedir? Deyirəm ki, mən bu işlərlə məşğul olmuram, mən yazıb hazırlayıram, araşdırıram. Marketinq, menecment məsələləri mənlik deyil, nə elə imkanım da yoxdur ki, bu işləri yürütmək üçün kimisə tutum. Məhdud bir çevrə - daim oxuyan insanlar maraqlanırlar, əldə edirlər. Tiraj da elə böyük deyil. Həm də yayılmanın da monopoliyası var. Azərbaycanda 5 nəfər yazıçı tutub bütün bazarı. Bütün teatrlarda ya özlərinin, ya atalarının tamaşaları gedir, dövlət səviyyəsində, Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində olan tanıtımlar, reklamlar - hamısı onlar, onların özlərinin, övladlarının yazdıqları üçündür. Necə ki, iqtisadiyyatda inhisarlaşma yaranır, nəyinsə idxalı birində, istehsalı digərində olur, eləcə də ədəbiyyatımız yaman gündədir.
 “Düşmənlərimiz bizi dostlarımızdan daha yaxşı tanıyır”

- Oxunma problemindən hamı narazılıq edir: yaşlı nəsil də, gənc yazarlar da. Sizcə, bu, oxuma problemidir, yoxsa oxunmalı nəşrlərə əlçatanlıq problemi? Səbəblər arasında bu ikisindən hansının çəkisi daha böyükdür?

- Hamısı var. Biz, ümumiyyətlə, xalq olaraq oxuyan xalq deyilik. Və bunun səbəbini mən bütünlüklə xalqda görmürəm. Səbəbin yarısı bəlkə də xalqda ola-olmaya. Xalq oxumağa stimullaşdırılmalıdır. Yəni xalqın əlinə kitab almağa hövsələsi çatmalıdır, vaxtı, şəraiti olmalıdır. Mən taksi sürən cavan insanlara rast gəlirəm. Deyir ki, məsələn, saat 6-dək filan işdə işləyib 300-400 manat alır, axşam da taksidən 5-10 manat aparır evinə. Belə insan oxumağa vaxtı necə tapsın? İnsanlara ləyaqətli yaşama yetəcək qədər maaş verilmir. İnsan saat 5-6-dək işləyib evinə gedər, şənbə-bazar istirahəti olar, evində bir rahatlığı, şəraiti olar, əlinə kitab götürüb oxumağa vaxt tapar. Yoxsa bərbad vəziyyətdə, ümidsiz, ehtiyaclar içərisində boğulan insanın Ağabəyim ağa Cavanşirin Rusiya çariçası ilə məktublaşması ilə maraqlanması mümkün deyil axı. Bu, cəmiyyətin az bir kəsimini maraqlandırır hazırda. Yəni dediyim odur ki, oxunmamaq probleminin yarısı xalqa bağlıdır, qalan yarısı insanlardan asılı olmayan səbəblərdən. qaynaqlanır. Kitablara, nəşrlərə əlçatanlıq da öz yerində. Kitablar bahadır, satış yerləri azdır. Axtaranlar tapa bilmir, tapa bilənlər qiymətlər üzündən istədiklərinin heç yarısını belə əldə edə bilmir.

- Təşkilatınız fəaliyyətini davam etdirirmi? Hansısa layihələriniz olurmu?

- Vətəndaş cəmiyyəti hazırda pərən-pərəndir. 2014-cü ildən başlanan problemlər hamıya məlumdur. Təşkilatım 2006-cı ildən rəsmi fəaliyyətə başlayıb, hazırda da fəaliyyətimiz davam edir. QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət edirəm. İndiyədək 3 təklifimi dəstəkləyiblər. Mən də hər dəfəsində ortaya sanballı bir iş qoymuşam. Bunlardan birincisi Həmidə xanımın (Cəlil Məmmədquluzadənin xanımı, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir - red.) xatirələrinin 80 ildən sonra arxivdən çıxarılıb bütövlükdə nəşr olunmasıdır. İkinci işim Ağabəyim ağa Cavanşir haqqında tarixi roman yazmaq oldu. Ağabəyim ağa fövqəladə bir qadındır, Azərbaycan tarixində yerini almayıb hələ də. Nəhayət, almanların Cənubi Qafqazda, o cümlədən  Azərbaycanda məskunlaşmasının 200 illiyi ilə bağlı YUNESKO tədbir hazırlayırdı. Mən də müraciət etdim ki, əlimdə o dövrlə bağlı romantik bir əhvalata dair fakt var, onu dərc edim. Bu təklifim də qəbul edildi.

- Hazırda hansısa araşdırma üzərində işləyirsinizmi? Yaxın dövrdə yeni bir kitabınız olacaqmı?

- Ötən ay “Səyyarə xanım və Ferens List” kitabım çapdan çıxıb. Araşdırmalarım davam edir. Hazırda İbrahimxəlil xanın digər qızı olan Gövhər ağa Cavanşirlə bağlı araşdırma üzərində işləyirəm. Azərbaycanda, bəlkə də Şərqdə onun kimi qadına rast gəlmək çətindir. Bundan başqa, daha bir neçə nəfər haqqında yazmaq istəyirəm. Bunlardan biri də Əhməd bəy Cavanşirdir. Azərbaycanda Rusiya qəzetlərinə məqalə yazan ilk azərbaycanlıdır. Daha sonra Haşım bəy Vəzirov 8 dəfə qəzet nəşr edib, redaktoru olub. Təsəvvür edin ki, hər dəfə də qəzetini Çar hökuməti bağladıb, özünü də həbsə atdırıb. Bu adam hər dəfə çıxıb yeni bir qəzet açıb. Bakıda elə olub ki, bir gündə 50 jurnalisti həbs ediblər. Sovet hakimiyyətinə qədər Bakıda jurnalistlərin və vəkillərin çox aktiv fəaliyyətləri olub. Həmin mühitdən yazmaq istəyirəm. Düşünürəm ki, keçmişimizi bilib onun üzərində gələcəyimizi qurmalıyıq. Görək də, bunları yazmaq üçün iki şərt var: ömür və maliyyə.

- Mehriban xanım, bildiyiniz kimi, gələn il ölkədə mühüm siyasi hadisə - prezident seçkiləri keçiriləcək. Sizin hər hansı formada bu prosesdə iştirak planınız varmı?

- Mən bu və ya başqa formada bütün siyasi proseslərdə, o cümlədən seçkilərdə iştirak edirəm. Gələn il də proseslərə qoşulmaq fikrindəyəm. Uyğun bildiyim bir müxalif namizəd olacaqsa, həmin şəxsin tərəfində, onun kampaniyasında iştirak edəcəm.

Dünya SAKİT, Musavat.com

15:23