Unudulmaz aktyor Siyavuş Şəfiyev: Uğurlu: "Rüstəm", sevilən "Əhməd"

- Ata, evlənmək barədə mənim öz planlarım var
- Evlənmək də plannandı?
- Evlənməyəcəyəm!
- Evlənəcəksən!

 Yəqin ki, hamınız izləmisiniz və indi də xatırlayanda  üzünüzə təbəssüm qonur. “Əhməd hardadır?” filminin sevilən aktyor truppasının üzvü Siyavuş Şəfiyevi də yəqin ki , unutmamısınız! İki gün əvvəl sevilən aktyorun doğum günü idi
 

Adalet.az xəbər verir ki, Əslən Cəbrayıl qəzasının Xanlıq kəndindən (İndi həmin kənd Qubadlı rayonu ərazisindədir)  olan Məhəmməd və Südabə Şəfiyevlərin ailəsində beş uşaq böyüyürdü. İki oğlan, üç qız. Böyüyü Siyavuş Şəfiyev 1 sentyabr 1937-ci ildə anadan olub. 1941-ci ildə Məhəmməd kişini  cəbhəyə göndərirlər. Ayağından yara alıb ordudan tərxis olunan kapitanı Beyləqan rayonuna birinci katib təyin edirlər. Səyavuş orada ibtidai sinfi bitirir. Bakıya köçmələri isə yenə Məhəmməd Şəfiyevin Mərkəzi Komitəyə şöbə müdiri təyin olunması ilə bağlı olur.

 

 

Beləliklə, Siyavuşun həyatı dəyişir. Orta  məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edir. Moskvaya gəzməyə gələn S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.

 

1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bu arada Moskvada sevib-seçdiyi rus qızı ilə evlənib onu Bakıya gətirir. Valideynləri bu ailəliyi gec qəbul edirlər.

Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populayrlıq qazanır. Burda bir neçə il işlədikdən sonra S.Şəfiyev yenidən Moskvaya çağrılır və məşhur “Səhnədə sirk” Birliyinin quruluşçu rejissor təyin edilir. Sirk rejissoru kimi də özünü sınayan Səyavuş kino rejissorlarının diqqətini cəlb edib. O, ilk dəfə olaraq, "Əhməd haradadır?" filminə çəkilib. S.Şəfiyev “Əhməd hardadır?” filmi ilə aktyor kimi tanınır.

 

Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. “Burjua-meşşan elementləri ilə zəngin” film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyib. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın kult-filminə çevrilir. S.Şəfiyev deyirmiş ki, "Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi". 

 

 

Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: "Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdı. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim "Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz..." deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür". 
Bundan sonra S.Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən  “Uşaqlığın son gecəsi” filmində prorab Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır.  

 

Aktyor  “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaradıb. Siyavuş Şəfiyev SSRİ  Kinomateqorafçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənt xadimi adını alıb. Aktyor “O qızı tapın”, “Nizami”, “Nəsimi” və s. filmlərdə epizodik rolları canlandırıb.

Şəfiyev məşhurlaşandan sonra,həm də  əməkdar artist alandan sonra mənzil şəraiti ilə bağlı hökumətə müraciət edir, Müraciət dərhal həllini tapır. Aktyora evi hansısa bir mikrorayonda binada verirlər. Binanın panel olması və mərkəzdən xeyli uzaq olması Səiyavuş Şəfiyev məmnun etmir və iradını bu formada bildirir: “Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun heç yolunu tanımıram”,  Ev verənlərin məsələyə reaksiyası olmur. Bu səbəbdən də aktyor inciyir və mənzildən imtina edir..
Oğlunun pərişan, incimiş halını ürəyinə salan  anası Südabə xanım xəstəlik tapır. Beləki,  insult keçirir, beyninə qan sızır.  Yaşlı olması ölüm risqini artırı və 1970-ci il noyabrın 25-də  Siyavuşun anası  dünyasını dəyişir. 

 

 

 

Bakıda incidilən aktyoru Moskva sirk kollektivi geri qaytarmaq üçün dəridən-qabıqdan çıxırdı. Onu Moskvada həm fəxri adla,  həm  evlə təmin edəcəkləri, həm də dünya səhnələrində çıxış etmək vədi ilə razı saldılar. Mətbuat yazırdı:”Bir ayağı Fransada, İtalyada, biri Almaniyada dolaşır. Bir gün yenə rəhbərlik etdiyi sirk kollektivi ilə Fransanın Havr şəhərində gecəni mehmanxanada qalırlar, sabah çıxışları olacaqdı. Səhər hamı məşqə gəlib, Səyavuş Şəfiyev yoxdur. Çox məsuliyyətli adam olduğundan, həmişə hamıdan tez məşqə gəldiyindən yoldaşları təəccüblənirlər. Qaldığı otağın qapısını açanda hamı şoka düşür. Səyavuş Şəfiyev döşəmənin üzərində huşsuz vəziyyətdə tapılır. İnsult keçirib, beyninə qan sızıb, eyni ilə anası kimi”.

Aktyor haqqında sonuncu məlumat: 1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi infaktdan sonra Şəfiyev sənəti tərk edir. Bir daha səhnəyə və incəsənətə qayıtmır. Sənətkar uzun müddət yataq xəstəsi olur və bu illər ərzində xanımı Lyuba, yeganə övladı Cəmilə, hər 3 bacısı ona qayğı göstərir, qulluğunda dururdular. 2001-ci il anasının vəfat etdiyi gündə -noyabrın 25-də yaraşıqlı aktyor vəfat edir.  Sağlığında etdiyi vəsiyyətinə Bakıya gətirilir və burda dəfn olunur.

 

 

Əntiqə Rəşid
Mənbə adalet.az
Xudaferin.eu

20:44