Tərbiz Aşıqları Bakıda “Qarabağ dərdi”ni səsləndirdi

 

Başkənd Bakıda Respublika Sarayında Çingiz Mehdipurun rəhbərliyi ilə “Dalğa” aşıqlar qrupunun “Qarabağ dərdi” adlı konserti olub. Konsert  Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə təşkil edilib.

AAB-nin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək bildirib ki, 1990-cı ildə yaranan məşhur “Dalğa” qrupunun 30 ilə yaxındır səsi-sorağı dünyanın hər yerindən gəlir. Bu qrup bütün Avropa ölkələrini, Yaponiyanı, Çini, türk dövlətlərini gəzib dolaşıb və hər zaman Azərbaycan sazını, sözünü uca tutub. “Dalğa” qrupunun yarandığı gündən dəfələrlə konsertlər verdiyini söyləyən M.Qasımlı vurğulayıb ki, bugünkü konsert qrupun Respublika Sarayında ikinci çıxışıdır. Bildirib ki, təqribən 9 il əvvəl də qrupun bu sarayda çox möhtəşəm konserti olub.

Məhərrəm Qasımlı deyib ki, bu gün “Dalğa” qrupu Bakıda yeni konsertini təqdim edəcək : “Konsertin səciyyəvi cəhəti ondan ibarətdir ki, ilk dəfə olaraq qoşa qanad şəklində Tərbiz və Bakı aşıqları “Dalğa”nın nəfəsini, səsini tamaşaçılara çatdıracaq. Belə bir konsert olmayıb. Bu ilk addımdır. Mənəvi mədəniyyətimizin təbliğində bu bir örnək olacaq”.

Azərbaycan Aşıqlar Birliyinin sədri deyib: “Çingiz Mehdipur “Dalğa” qrupu ilə məşhur olub və nəfəs alır. O, bu qrupun daim zənginləşməsi, yeni repertuara sahib olması üçün əlindən gələni əsirgəmir. Bu gün onlarla Təbriz aşıqları göstərmək olar ki, onlar məhz “Dalğa” qrupunun sayəsində tanınıb. “Dalğa” qrupu Azərbaycan aşıq sənətini, saz sənətini yeni keyfiyyətdə və məzmunda tanıdıb”.

Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyi neçə aydır ki, bu layihənin gerçəkləşməsi üçün Çingiz Mehdipura hər cür şərait yaratdığını söyləyib. Bildirib ki, konsertin məqsədi Qarabağ yaramızın bir daha diqqət önündə saxlanılması, Azərbaycan aşığının Qarabağ nəfəsi, havası ilə köklü olduğunu göstərməkdir.

Əməkdar elm xadimi, akademik Nizami Cəfərov çıxış edərək konsertin mühüm cəhətlərini vurğulayıb. Bildirib ki, konsertin bir mühüm cəhəti odur ki, qrup Azərbaycanın bütöv aşıq sənətini bütün mükəmməlliyi ilə nümayiş etdirir. Digər mühüm cəhəti isə Qarabağ dərdimizə həsr olunmasıdır. N.Cəfərov qeyd edib ki, aşıq məktəblərimizin saz havalarını qarşılıqlı müqayisə metodu ilə incələyən Çingiz Mehdipur “Saz məktəbi” adlı kitabın müəllifidir və bu kitab Azərbaycan Milli Konservatoriyasında tədris olunur. Sonra səhnəyə dəvət olunun “Dalğa” qrupunun üzvləri geniş konsert proqramı ilə çıxış ediblər. Konsertdə qrupun üzvləri ilə yanaşı, Azərbaycan aşıqları və müğənnilərinin çıxışı da gecəyə xüsusi rəng qatıb.

Xudaferin.eu

09:58