Sumqayıtda şəhid Nəcməddin Savalanov haqqında filmin təqdimatı keçirildi

"Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi Sumqayıt şəhərində yerləşən N.Nərimanov adına Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə, aprel döyüşlərində şəhid olan Nəcməddin Savalanovun həyat yolundan bəhs edən "Şəhidliyə aparan yol" qısametrajlı sənədli filmin təqdimatı keçirilmişdir. Film Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir. Qısametrajlı filmin təqdimatında Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, “Azərbaycan Həqiqətləri Uğrunda Koalisiya”nın üzvləri, Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov, Hərbi Akademiyanın dosenti Rəfael Qasımlı, şəhid Nəcməddin Savalanovun ailə üzvləri və digər şəxslər iştirak etdilər.

Təqdimatdan öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov filmin ərsəyə gəlməsi haqqında məlumat verdi. Filmin çəkilişləri qəhrəman kapitanın xidmət etdiyi hərbi hissədə, onun doğulub boya-başa çatdığı İmişli rayonunda aparılıb. Ailə üzvləri və hərbçi dostları Vətən uğrunda həyatını qurban vermiş şəhid haqqında maraqlı xatirələr danışıblar. Filmdə döyüş səhnələri canlandırılıb ki, bu da Nəcməddinin hünər və şücaəti barədə tamaşaçıda aydın təsəvvür yaratmağa xidmət edir. Film tamaşaçılara təqdim edildikdən sonra gələn qonaqlar film haqqında öz fikirləri və təəssüratları ilə bölüşərək, Gəray bəyə və bu filmin ərsəyə gəlməsində əziyyəti olan hər bir şəxsə öz təşəkkürlərini bildirdilər.

Elnarə Məhərrəmova
Sumqayıt

19:59