Sənətlə döyünən qardaş ürəklər...

 

Dünya şöhrətli bəstəkar Maestro Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar Niyazinin 105, dahi türk bəstəkarı və pedaqoqu Əhməd Adnan Sayqunun 110 illiyinə həsr olunan “Sənətlə döyünən qardaş ürəklər” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək maestro Niyazinin və türk sənətkarı Adnan Sayqunun yaradıcılıq yolları, əməkdaşlığı və dostluğu barədə məlumat veriblər. Bildirilib ki, qardaş ölkələrin mədəni əlaqələrinin inkişafında hər iki sənətkarın böyük xidmətləri olub. Onların dostluq münasibətləri ötən əsrin 60-cı illərindən başlamışdı. Maestro Niyazi İstanbul Opera Teatrında türk bəstəkarı Əhməd Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunus İmrə” oratoriyasına dirijorluq etmişdi. Muzeydə olan bir neçə eksponat bu dostluğun bariz nümunəsidir.
Tədbirdə hər iki sənətkarın əsərlərindən nümunələr səsləndirilib və videomateriallar təqdim edilib. Muzeyin foyesində Adnan Sayqunun həyat və yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunub. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib.

Xudaferin.eu

12:47